YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Elman Eldaoğlu:
"...impotet olduğu barədə arayış" işə yarayırmış?
Son vaxtlar porno videolarla insanları təhdid eləmək yaman dəbə düşüb. Evin yıxılsın zəmanə! Belə bir hadisə ilə Lerik rayonunun deputatı da üz-üzə gəlib.
Burada yadıma Sumqayıtda yaşamış, ünlü kişilərdən biri- Nərçə Ağayevin başına gələn bir hadisə düşdü. Şənlik Əliyev şəhərə birinci katib gələndə Nərçə müəllim Superfosfat zavoduna rəhbərlik edirdi. “Qorkom”dan dostları onu xəbərdar edirlər ki, növbəti iclasda katib səni tənqid edəcək. Səbəb də guya odur ki, sən kabinetdə eşq-işrətlə məşğul olursan. Nərçə müəllim etməyib tənbəllik dostu, şəhər xəstəxanasının baş həkimi, rəhmətlik İzzət həkimə müraciət edir ki, impotet olduğu barədə arayış versin. Nə isə, arayışı alır. İclas vaxtı növbə ona çatanda katib dişinin dibindən çıxan sözləri ünvanına yağdırır. Nərçə müəllim ha əlini qaldırıb söz istəyir, katib fikir vermir və nəhayət əl qaldırdığını görüb- nə istəyirsən?- deyə sual verir.
Nərçə müəllim əhvalını pozmadan, təmkinlə katibə yaxınlaşıb, arayışı ona təqdim edir. Katib arayışı oxuyub, onu arvadbazlıqda suçladığı üçün üzr istəyir və deyir:- Bağışlayın, Nərçə Bəhmənoviç mənə yalan məlumat veriblər…)))


