Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

VAQİF BƏHMƏNLİ:

 Nə tez keçdi 18 il...

Sizi "525-ci qəzetin sabahkı, 23 may 2023-cü il tarixlı sayında dərc olunacaq yeni şeirlərimdən ibarərət poetik silsiləni oxumağa dəvət edirəm. Hələlik isə yaşımın indiki ovqatına uyğun iki şeiri qulluğunuza yetirirəm. Həmişə gözəl, həmişə var olun!

 

VAQİFİN NAĞILI

 

Sənə min şükür, xuda;

doğulcağın çağladım...

Nənəm dedi:

- Namxuda,

çağa qəşəng ağladı,

demək, yaxşı çağadı.

 

- Yarıdır haçan gedir,-

anam dedi, - dincəlmir,

işi dəndi, başaqdı,

nəyə yollasan gedir,

Vaqif yaxşı uşaqdı.

 

- Danışır göylər ilə;

zehni qəmətək iti,

hafizəsi kirgitdi, -

məktəbdə söylədilər, -

- Vaqif yaxşı sagirddi.

 

Boy-buxun soy iləndi!

Çıxdım kəndin üzünə,

Çox analar boylandı,

eyham vurdu qızına:

- Vaqif yaxşı oğlandı.

 

- Sədaqətdi çeşidi,

beş işinin beşi də

külfətidi, işidi, -

bunu da arvad dedi:

-Vaqif yaxşı kişidi.

 

- Kölgəsi qalın olsun, –

dilə gəldi yadlar da, -

fağır-fuğura damdı,

Adı qalsın adlarda,

Vaqif yaxşı adamdı...

 

Dördü mindi belimə,

Nəvəmin biri düşdü,

Qırmanc aldı əlinə:

- Dəh-dəh, tərpən, uç, atım!

Beşi birdən gülüşdü:

- Vaqif yaxşı oqcadı!

 

... Dəfn günü mürdəşir

qopardı ayrı həşir:

- Pakdan pakdı sinəsi,

görünməyib beləsi,

Bu ki, cənnət gülüdü,

Allah rəhmət eləsin,

Vaqif yaxşı ölüdü!

 

HAMI ÇƏKİLSİN BAŞIMDAN

 

Yaşım bircə an yaşında,

canım sudu, bir də ki, qan...

Hamı çəkilsin başımdan,

bir mən qalım,

bir də anam.

 

Cənnət qabarır döşümdən –

körpə qanmaz nədir günah...

Hamı çəkilsin başımdan,

bir mən qalım,

bir də Allah.

 

Allah da, anam da boşuna;

çapırsa altımda kəhər.

Hamı çəkilsin başımdan,

bir mən qalım,

bir də dəftər.

 

Uçsun kəpənək, yansın şam,

yellənsin beşikdə eşqim,

Hamı çəkilsin başımdan,

bir mən qalım,

bir də heç kim.

 

Lütf edin, məzarım daşında

ömürüm gül açsın ağ-ağ...

Hamı çəkilsin başımdan,

bir mən qalım,

bir də torpaq!

 

Nə tez keçdi 18 il... Əlli yaşım qeyd olunur... Allah Fikrət müəllimə, Abbas bəyə rəhmət eləsin.

Anar müəllimə uzun ömür, can sağlığı arzulayıram!

Best coffeeshop in Berlin