Əli Nəcəfxanlı:
GİZLİ HƏSRƏT
O qızı axtara-axtara qaldım,
Bəlkə ona bənzər yüzünü gördüm,
Heyif ki, özünü tapa bilmədim.
Hərədə onun bir izini gördüm.
Elə bil yüz yerə bölünmüşdü qız -
Birinin onuntək üzü gülürdü.
Birinin yanağı qəmzəli idi,
Birinin işvəli gözü gülürdü.
Ona oxşatsam da hər birisini,
Hamısı yarımçıq əsər kimiydi.
Hərəsi bir cürə bənzər kimiydi.
Birinin səsini oxşatdım ona,
Birinin əksini oxşatdım ona,
Yanıldım, yanıldım hər dəfəsində,
Vaysındım möcüzə ərəfəsində.
Hərdən elə billəm, bir gülə dönüb
Gizlənib bağçalar, bağlar içində,
Mən də səhər-axşam gəzirəm onu,
Gizlicə bir həsrət ağlar içimdə.
Dənizdə incini tap görüm indi,
Halal sevincini tap görüm indi.


