Məhkəmə işğal zamanı Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcərdə dinc sakinləri atəşə tutması ilə bağlı ifadələri dinləyib
İyulun 4-də Bakı Hərbi Məhkəməsində sülh və insanlığa qarşı cinayətlər, hərbi cinayətlər və digər cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hakimlər Camal Ramazanov və Anar Rzayevin (ehtiyat hakim - Günel Səmədova) sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər birinə danışdıqları dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillər ayrılıb.
Məhkəmə iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmişlərdən bəziləri, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxsləri işə baxan hakimlərin tərkibi, dövlət ittihamını həyata keçirən prokurorlar, tərcüməçilər və s. ilə tanış edib, həmçinin onlara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edib.


