Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəybala Mirzəyev: 

Ermənilər və azərbaycanlılar üçün dönüş nöqtəsi...

Putin Rusiyası indi trolların ümidinə qalıb...

Ermənilər və azərbaycanlılar üçün dönüş nöqtəsi...

Bəli, iyulun 10-u təkcə Azərbaycan və Ermənistan dövlətləri üçün yox, həmçinin hər iki xalq üçün dönüş nöqtəsidir.

Azərbaycan və Ermənistan liderlərinin 10 iyulda Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən görüşü yekun sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılması istiqamətində həqiqətən də tarixi addımdır. Tərəflər 5 illik uzun və keşməkeşli proseslərin sonunda, nəhayət ki, belə bir həlledici nöqtəyə gəlib çatmağı bacardılar.

Moskva, Vaşinqton, Brüssel, Paris, Münhen, Kişinyov, Praqa...

Bundan öncəki görüş-müzakirə yerlərinin təzadlı və uzun siyahısına baxın. Bu siyahını uzatmaq da olar.

Bu şəhərlər iki ölkənin liderlərinin və ya XİN başçılarının Əbu-Dabiyə qədərki üçtərəfli, beştərəfli görüşlərinə ev sahibliyi ediblər.

Əbu-Dabi isə dönüş nöqtəsi oldu. Tərəflər 30-35 illik danışıq ənənələrini, steretiplərini məhz bu şəhərdə qırdılar. Kimsənin vasitəçiliyi, moderatorluğu olmadan bir araya gəldilər, birbaşa (heyətlərlə və təkbətək) müzakirələr apardılar.

Görüşün vasitəçisiz keçirilməsi və uğurlu nəticələrlə başa çatması o deməkdir ki, tərəflər üz-üzə oturub açıq qalmış problemləri konstruktiv şəkildə, işgüzar atmosferdə müzakirə etməyi, razılaşmalar əldə etməyi bacarırlar.

Bu, həm də o deməkdir ki, bundan sonra artıq geri dönüş yoxdur. Tərəflər bu nöqtədən - "A" nöqtəsindən "B" nöqtəsinə (yekun sülh sazişinin imzalanacağı günə) qədərki zaman məsafəsini sürətlə keçməlidirlər.

Çünki iki ölkə arasında normallaşmaya və sülhə mane olmaq istəyən, nəyin bahasına olursa-olsun regionda varlığını qoruyub saxlamağa çalışan qüvvələr (ilk növbədə isə Rusiya) önümüzdəki aylarda hazırda Azərbaycan və Ermənistan arasında formalaşmaqda olan kövrək etimad və inam mühitini pozmaq üçün əllərindən gələni edəcəklər.

Ona görə də hər iki ölkənin hakimiyyətləri ilk növbədə Kremlin xain sürprizlərinə, hibrid müharibə cəhdlərinə, təxribatlarına hazır olmalıdırlar. Rusiya sivil inkişaf yolunu heç vaxt tapa bilməsə də, lakin məkrli işləri həmişə yüksək səviyyədə bacarır. "FSB" adlı şər yuvası terror aktlarından tutmuş sui-qəsdlərə qədər, hər cürə çirkli işlərə əl ata bilər.

Bu arada, sülhün əldə olunması təkcə Azərbaycan və Ermənistan liderlərinin siyasi iradəsindən yox, həm də hər iki ölkənin sıravi insanlarının sülhü yaxınlaşdırmaq səylərindən asılıdır. Bunun üçün müxtəlif vasitələr, təcrübələr mövcuddur. İlk növbədə isə həm ermənilər, həm də azərbaycanlılar sosial media platformalarında sülhün əleyhinə təbliğat aparan rusiyalı propaqandistlərə qarşı mübarizə aparmalıdırlar. Sülhə mane olmağa çalışan hər bir rus propaqandisti ermənilərdən də, azərbaycanlılardan da layiqli cavabını almalıdır.

Kremlin təlimatlandırıb qısqırtdığı həmin propaqandistlər, sosial media terrorçuları, trollar çar Rusiyasının və Stalin dövrünün mirası olan "Parçala və hökm sür" doktrininə uyğun olaraq ermənilər və Azərbaycan türkləri arasında sülh atmosferinin yaranmasına mane olmaq üçün Yutubun, Facebookun, Tvitterin (hazırkı "X") və digər kütləvi platformaların imkanlarından maksimum dərəcədə yararlanmağa çalışacaq, zəhərli fikirlər tirajlayacaqlar. Əbu-Dabi görüşü ilə bağlı videolara, paylaşımlara sarkazm dolu rəylər yazan rusların neqativ mövqeyi də bu fikrimizi təsdiqləyir.

Kremlin trolları İlham Əliyevi və Nikol Paşinyanı hədəfə alıblar.

Cənubi Qafqazdan qovulmaqda olan Putin Rusiyası indi trolların, propaqandistlərin ümidinə qalıb. Ermənilər və azərbaycanlılar bu trolları susdurmaqla sülhə ən böyük töhfəni vermiş olacaqlar.

Best coffeeshop in Berlin