Yaxud hər kəsdən halallıq istəyirəm
Artıq 50 yaşa da çatdıq. Mən 50 yaşı, əslində, üzü uzun kənd yoluna baxan bir evin pəncərəsinə bənzədirəm. Təsəvvür edin ki, səhər o pəncərənin şüşəsi şehli, sazaqlı olur. Amma gün keçdikcə şeh yoxa çıxır, hər şey aydınlaşır və sən o pəncərədən kənd yolunun lap o biri başında, qoca çinarın altında oturan çobanı, hətta o çobanın yanındakı iti belə aydın görə bilirsən.
Dünyaya 50 yaşın pəncərəsindən baxmaq
Yəni deməyim o ki, 50 yaş elə bir mərhələdir ki, artıq həm geridə qalanları, həm də irəlidə olanları aydın görmək olur. Geridə qalmışlara gəlincə, bu 50 ildə şəxsən mənim yaşadığım yaddaqalan və vacib məqamlar çox olub. Bu hesabat yazısında onlardan cüzi bir hissəsini xatırlatmağı özümə borc bildim.
30 ildir ad günümü keçirmirəm
Əsas məqamlardan biri odur ki, artıq 30 ildir ad günümü keçirmirəm. Düzdür, təbriklər olur. Adıma kiçik bir tort kəsilir. Amma 1992-ci ilə qədər olan təmtəraq daha olmur. Çünki 1992-ci ildə ermənilərin Rusiya əsgərlərinin dəstəyi ilə Xocalıda törətdikləri soyqırımı məhz fevralın 26-na təsadüf etdi. Axı mən də bu soyqırımından düz 19 il öncə məhz fevralın 26-da dünyaya gəlmişdim…
Bu müqəddəs bayraqların tayı-bərbaəri yoxdur yer üzündə
1992-ci ilə qədər hər il ən azı iki-üç qonaq da daxil olmaqla ad günümü qeyd edərdik. Ümumiyyətlə, atam həm mənim, həm də qardaşım Süleymanın ad günlərinə xüsusi diqqət göstərərdi. Onun halal fəhlə zəhməti ilə gördüyü tədarüklə ad günlərimizdə gözəl süfrə açılar, dediyim kimi, ən azı iki-üç qohum bizə qonaq gələrdi. Bəzən isə bu ad günü mərasimi 20-25 qonağın iştirakı ilə olurdu. Bütün bunların hamısı 1992-ci ilə kimi oldu. Ondan sonra isə…
Zəruri qeyd: Mən bunu bir dəfə də demişəm. Yenə təkrar edirəm ki, hər il fevralın 26-da başım möhkəm ağrıyır. Hətta bu ağrılar fevralın 25-i axşamdan başlayır. İlk dəfə bu ağrıları məhz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə hiss etdim. Sonradan bildim ki, həmin ağrıların baş verdiyi saatlarda Xocalıda soydaşlarımızın qətliamı törədilirmiş. Və ondan sonra hər il eyni hal təkrarlanır. Yəqin ki, bu dəfə də belə olacaq…
50 ilin qısa hesabatı
Düzü, 50 illik yubileylə bağlı nəsə yazıb-yazmamaq barədə çox düşündüm. Hətta bir ara bu fikirdən də daşındım. Amma dəyərli Etibar Cəbrayıloğlunun 50 illik yubileyimə hədiyyə olaraq yazdığı köşədən sonra özüm, qısa da olsa ötən 50 ilə nəzər salmağı vacib bildim.
Atam, oğlum, bir də mən…
Bu 50 ildə istər şəxsi həyatımda, istərsə də Azərbaycanda yaddaqalan hadisələr çox olub. Onların hamısı haqqında ən azı bir cümlə yazsam bu, bəlkə də saatlar apara bilər. Amma düşündüm ki, heç olmazsa bəzi məqamların üzərində dayanım. Bir sözlə, bu yazını 50 ilin qısa hesabatı da adlandırmaq olar.
Minnətdarlıq edirəm…
Amma öncə bu köşə vasitəsilə sonsuz minnətdarlığımı çatdırmaq istəyirəm.
Təbii ki, ən böyük minnətdarlığım cənab Prezident İlham Əliyevədir. Çünki məhz onun mətbuata, biz jurnalistlərə xüsusi diqqət və qayğısı sayəsində yüzlərlə jurnalist kimi mənim də öz evim var.
Çünki məhz cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2013-ci ildə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adını almışam.
Əməyimə verilən bu yüksək qiymətə görə dövlət başçısına təşəkkür edir və bundan sonra da dövlətimizə, xalqımıza xidmət edəcəyimi bildirirəm. Bu gün Azərbaycan Respublikasının vətəndaşı olmaqdan qürur duyuram.
Zəruri qeyd: Mətbuata gəldiyim ilk gündən mənim üçün dəyişməz bir prinsip olub – Azərbaycan dövlətinə xidmət etmək, Azərbaycan dövlətinin maraqlarını qorumaq. Bütün yazılarımda da bu məqamı öndə tutmuşam. Hətta bəzən ruhunu Qərbin “söz azadlığı dəllallarına satan” kimsələr buna görə mənə tənə də ediblər. Yaxşı yadımdadır. 2000-ci illərin əvvəlində beynəlxalq təşkilatlardan birinin təlimində azərbaycanlı təlimçi mənə, “yazılarımda ermənilərlə bağlı düşmən yanaşma sərgilədiyim üçün” irad bildirdi.
Dəyərli millət vəkilimiz Qənirə Paşayeva qızım Şəmsiyəyə və oğlum Nihata xeyir-duasını verib, Türkiyəyə yola salmışdı
Və bunun jurnalistika prinsiplərinə zidd olduğunu dedi. Həmin vaxt ona, “inanıram ki, tezliklə torpaqlarımız işğaldan azad ediləcək, hətta Azərbaycan vətəndaşı olan ermənilərlə birgə yaşayışımız da mümkün olacaq. Lakin mən övladlarıma bir vəsiyyət edəcəm. Düşmənlərimizin kimliyini unutmayın. Çünki babalarımızın zaman-zaman bu unutqanlığı başımıza olmazın bəlalar açıb. Amma biz unutmamalıyıq. Mən jurnalist olsam da ilk növbədə Azərbaycan vətəndaşıyam. Bundan sonra da mənim üçün əsas prinsip dövlətimin maraqlarına xidmət etmək olacaq” dedim.
Var olun, Əminə xanım!
Minnətdarlığım, eyni zamanda, bu günə gəlməyimdə, 1991-ci ildən bu günə kimi Nadir Azəri imzası ilə mətbuatda və cəmiyyətdə tanınmağımda mənə dəstək olan, yazılarımı dərc edən, qəzetlərində və saytlarında mənə işləmək şansı verən bütün dəyərli insanlaradır. O insanlara ki, bu günə kimi qazandığım uğurlarda hər birinin payı, əməyi, zəhməti var.
Dəyərli Əminə Yusifqızı və Nadir Azəri
Bu minnətdarlıq zamanı ilk dəfə jurnalist kimi özümü sınamağımda mənə dəstək olan və sonralar da öz dəstəyini əsirgəməyən Yevlaxdakı “Kür” qəzetinin baş redaktoru dəyərli Əminə Yusifqızının adını xüsusi olaraq qeyd etməyi özümə borc bilirəm. Məhz bu dəyərli insan zamanında mənə rayon qəzetində məqalələr yazmaq, hətta rubrika aparmaq üçün bütün imkanları yaratdı. Bu da son deyil. Həmin vaxt baxmayaraq ki, ilkin yazı yazanlara bəzən 4-5 ay qonorar verilmirdi (çünki özlərini təsdiq etməli idilər – N.A.), Əminə xanım mənə (təbii ki, maddi durumumuzu da nəzərə alaraq – N.A.) qonorar da verirdi. Yəni həm mənəvi, həm də maddi dəstək verirdi. Məhz onun verdiyi dəstəkdən doğan inam sonralar mənim paytaxta gəlməyimə və Nadir Azəri imzasının bütün ölkə boyu tanınmasına təkan oldu. Var olun, Əminə xanım!
Halallıq istəyirəm…
Bu yazımda, minnətdarlıq etməklə yanaşı həm də halallıq istəyirəm. Demək istəyirəm ki, haqqınızı halal edin, dəyərli təsisçilər, qiymətli baş redaktorlar. Haqqınızı halal edin, bəzən işsiz qaldığım vaxtlarda mənə heç olmasa məqalələr yazıb, qonorar almağa yardım edən jurnalist həmkarlarım.
Mən həm də bir zamanlar, Bakıda aylarla işsiz və yersiz-yurdsuz olduğum dönəmlərdə yataqxanada onlarla qalmağıma icazə verən adaşım Nadirə və Əhmədə də buradan üzümü tutub, “haqqınızı halal edin” deyirəm.
Qalacaq bir ünvanım, işləyəcək bir yerim yox idi
Nadir və Əhməddən söz düşmüşkən, mən bəlli bir dövrdən sonra Yevlaxdan Bakıya gəlməyə qərar vermişdim. Ancaq qalacaq bir ünvanım, işləyəcək bir yerim yox idi. Bununla belə, qarşıma Bakıda qalıb, özümü təsdiq etmək kimi məqsəd qoymuşdum. Bu məqsədə nail olmaq üçün aylarla işsiz və yersiz-yurdsuz qaldım Bakıda. Ancaq usanmadım, geri çəkilmədim.
Bir dəfə bunu demişəm, yenə təkarar edirəm. Bir neçə ay anamı aldatdım ki, artıq işləyirəm, maaş alıram. Yerim yaxşıdır. Çünki istəmirdim ki, anam gecə-gündüz ağlasın. Halbuki həmin aylar gecələr saat 3-ə, bəzən də 4-ə kimi yataqxananın koridorunda xarici radiostansiyaları dinləyib, yazılar yazır, səhər onları qəzetlərə aparır, qonorarsız da olsa çap edilməsini xahiş edirdim. Məqsədim Nadir Azəri imzasının tanınması idi.
Mən həm də Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibiyəm. Bu da NTK-nin yeni heyətinin ilk kollektiv şəklidir
Yataqxana demişkən, ali təhsil aldığım Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Dövlət İdarəçilik Akademiyası) yataqxanasında o zamanlar kirayədə qalmaq olurdu. Təbii ki, bəlli bir aylıq müqabilində. Lakin həmin dövrdə yataqxananın komendantı işləmədiyimi bildiyi üçün yerin olmadığını dedi. Bununla belə, “sənə bir yaxşılıq edə bilərəm. Tələbələrdən xahiş et. Əgər icazə versələr, otaqların birində axşamdan-axşama qala bilərsən” dedi. Yəqin o bunu deyəndə əmin idi ki, kimsə o icazəni verməyəcək. Amma mənim daxilimdə bir inam var idi və o inamla üz tutduğum qapılardan birindən müsbət cavab aldım. Beləliklə, yuxarıda minnətdarlıqla adlarını çəkdiyim Nadir və Əhməd uzun aylar gecələr yatmaq üçün mənə izn verdilər. Yer problemim belə həll olundu.
Onu da deyim ki, bu otaq mənə düşərli oldu. Çünki adaşım Nadirin əmisi oğlu vasitəsilə həmin vaxt “Bu gün” qəzetinin baş redaktoru Nəsib İsmayılovla görüşdüm. Bununla mənim iş problemim də həllini tapdı. Vasitəçilik deyəndə, heç də düşünməyin ki, məni tapşırdı deyə işə götürdülər. Əsla. Nəsib bəy yazı yaza bilməyən kimsəni yanında bir saat belə tutmazdı. Buna görə də “Bu gün” məktəbinin yetirmələri bu gün də Azərbaycan mətbuatında öz imzaları ilə seçilirlər. Sadəcə olaraq Nadirin əmisi oğlu “mənim əsgərlik dostum var. Adı Nəsibdir. Qəzet açıb, get ora, denən ki, eşitmişəm işçi axtarırsınız” dedi. Getdim və “Bu gün”lü həyatım başladı.
Bəzən qarlı-şaxtalı havada belə altı deşilmiş ayaqqabı ilə redaksiyaları gəzmişəm
Düzü, həmin illərimi burada uzunçuluq olmasın deyə, iki-üç kəlməyə sığışdırmaq zorundayam. Amma dəyərli oxucularımız bilsin ki, bu mərhələyə gələnə qədər günlərlə yuxusuz qalmışam.
Bəzən qarlı-şaxtalı havada belə altı deşilmiş ayaqqabı ilə redaksiyaları gəzmişəm. Bəzən getdiyim redaksiyalarda o dövrdə artıq kök atmış qoca-qoca əmilər, “sənin nə işin var jurnalistikada”, “bala, get özünə başqa iş tap” deyir, bəzən apardığım yazıları oxumadan belə kənara atır, bəzən də aylarla yazılarımı dərc etsələr də qonorar vermirdilər. Mən onların əksəriyyətinin niyə belə etdiyinin fərqində idim. Onların böyük əksəriyyəti sovet rejimindən miras qalmış “gəncləri bacardıqca sıxışdır” yanaşmasının girovu idilər.
Ancaq onlara inad ayaq üstündə durmağı bacardım.
QHT sektoru da mənim üçün doğmadır
Bu 50 illik hesabat yazısında QHT sektorundakı fəaliyyətimə də qısa ekskurs etməyi vacib bildim. Çünki bəzən biriləri təəccüb qarışıq bir az da paxıllıqla “Nadir, sən də QHT sektorundasan” deyə sual edirlər. Buradan onlara xatırlatmaq istəyirəm ki, mən QHT sektorunda hələ Azərbaycanda QHT institutları yetərincə formalaşmamış zamanlardan varam.
Bu günlərdə Naxçıvanda, Heydər Əliyev Muzeyində olarkən…
Hələ sovetlərin dağılması ərəfəsində təhsil aldığım orta məktəbdə gızli bir gənclər təşkilatı yaratmaq üçün hərəkətə keçmişdik. Eyni zamanda müstəqilliyin ilk illərində Yevlaxda ətraf rayonlardan olan gənclərlə toplantı keçirər, müstəqil gənclər hərəkatının formalaşması üçün götür-qoy edərdik.
Bununla bağlı şahidlərim də yox deyil. Dediklərimə dəyərli Sevil Nuriyeva, dəyərli Əli Həziquliyev, Qabil Abbasoğlu, Yadigar Məmmədli, sonrakı mərhələdəki proseslərlə bağlı isə dəyərli Əkbər Qoşalı, Azər Həsrət şahidlik edə bilərlər. Yəni biz nəinki QHT sektorunda varıq, hətta bu sektorun ilk təməl daşlarını qoyanların arasında olmuşuq.
Təkcə bir haşiyə çıxım. Gənclər Təşkilatları Milli Şurasının rayon təmsilçiliyi ilk dəfə məhz Yevlaxda, mənim təşəbbüsümlə yaranıb. Eyni zamanda, Gənclər Təşkilatları Milli Şurasının ilk mətbuat katibi də bəndəniz olub.
CASCFEN-in yaddaqalan tədbirlərindən biri. Dəyərli millət vəkilimiz Vüqar İskəndərov həmişə olduğu kimi, bu dəfə də bizimlə idi
Bu gün isə dövlətimizin QHT sektoruna diqqət və qayğısından güc alaraq CASCFEN-in (“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi) sədri kimi meydandayıq.
Hesab edirəm ki, 50 illik yaşamımızın QHT səhifəsi barədə bu xatırlatma yerinə düşər.
Daha bir minnətdarlıq ünvanı…
Yeri gəlmişkən, QHT sektorunda, necə deyərlər, ayaq tutub yeriməyimdə dəyərli Azər Həsrətə ayrıca təşəkkürüm var.
Sütül vaxtlarımızdan xatirə fotosu. Azər Həsrət növbəti beynəlxalq tədbirədn qayıdıb, açıqlama verirdi
Çünki bu gün mən də daxil həm media, həm də QHT sektorunda olanların böyük əksəriyyəti zamanında ondan öyrənmişik hər şeyi.
Paxıllıq etmədən, nəyisə gizli saxlamadan öyrədib bizləri. Özü də təkcə öyrətməyib.
Ayrı-ayrı mərhələlərdə QHT-lər də yaradıb, sonra o QHT-lərin idarəsini də bizlərə buraxıb.
Bu da son deyil. Bəzən yorulanda, bəzən hansısa sabəbdənsə lənglik edəndə bir ağsaqqal kimi də danlayıb bizi…
Şuşadan Təbrizə boylanan arzu
Yazımın sonunda bir vacib məqama da toxunmaq istərdim. Bəzən dostlar, “Azəri farsların uydurduğu addır. Sən necə türkçüsən ki, Azəri təxəllüsündən imtina etmirsən” deyirlər. Bu yubiley yazımda o məsələyə də aydınlıq gətirim.
Adımız Şuşa, andımız Təbriz – Bozqurdlar ölməz!
Qarabağ erməniləri Azərbaycana asi kəsilmişdilər. Səhv etmirəmsə, 1989-cu ildə Qarabağdan olan erməni əsilli deputatlar Azərbaycan Ali Sovetinin iclasına da qatılmaqdan imtina etmişdilər. Həmin vaxt televiziyadan bu xəbəri dinləyə-dinləyə bir şeir yazdım və hansısa bir səs “imzanı Nadir Azəri qoy” dedi sanki. Səhəri gün Yevlaxda mitinqdə (milli azadlıq hərəkatının ilk illərində Bakı, Gəncə kimi Yevlax da fəallığı ilə seçilirdi – N.A.) məni bu cür də təqdim etdilər: İndi də çıxış edir 7 nömrəli orta məktəbin şagirdi Nadir Azəri. Yəni Azəri təxəllüsü mənim üçün doğmadır. Bu təxəllüslə Güney Azərbaycana həsr edilmiş şeir də yazmışam. Güney Azərbaycana qovuşmaq mənim 1991-ci ildən amalım olub.
Yadımdadır, Şuşa azad olunandan sonra ora səfər zamanı Cıdır düzündə bir dua etdim. Dedim ki, “Allahım, bizə azad Şuşanı görməyi nəsib etdin. İnşallah, azad Təbrizi görməyi də nəsib et”.
İndi bu yubiley yazımın sonunda “Azəri” təxəllüsü ilə bağlı mənə irad bildirən dostlara deyirəm: İnşallah Təbriz fars işğalından azad olunandan, Güney Azərbaycan Cümhuriyyəti qurulandan sonra mən də yazılarıma Nadir Azəri deyil, Nadir Türkoğlu imzasını qoyacağam.
Böyük Turana gedən yol məhz burdan – Laçın-Xankəndi yolundan keçir. Nə mutlu mənə ki, Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının istismarının dayandırılması və orada monitorinqlərin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların və QHT təmsilçilərinin Laçın-Xankəndi yolunda keçirdiyi ekoaksiyanın ilk iştirakçılarından biriyəm
Yəqin ki, Türkoğlu təxəllüsünü götürəcəyim də kimisə təəccübləndirməz. Çünki jurnalist kimi fəaliyyətə başlayan gündən türk dünyasına xidmət etməkdən, gözəl Türkiyəmiz başda olmaqla türk dünyası haqqında yazılar yazmaqdan zövq almışam. Bu gün də elədir, sabah da elə olacaq. Allah qismət eləsə 60 yaşımı da böyük Turanda qeyd edəcəyəm!
baytaqdar.info
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.