Əziz oxucular, bu günlərdə müasir Azərbaycan jurnalistkasının tanınmış ismlərindən olan Aydın Canıyevin 55 yaşı tamam oldu. Bu il yubiley ilidir.
Qeyd edək ki, Aydın Canıyev 1 mart 1968-ci ildə SSRİ-də doğuldu. Ömrünün yarısını müstəmləkə, yarısını azad, müstəqil Azərbaycanda yaşadı. S.M.Kirov adına ADU-ya qəbul olundu, Məmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetində təhsilini davam etdirdi, adsız BDU-da tamamladı. Azərbaycanda, Rusiyada baş redaktor oldu. Sonuncu dəfə 1997-ci ilin martında müstəqil Azərbaycan dövlətindən rəsmi maaş aldı. Din adıyla dinin dinsiz adamları tərəfindən etdiyiylə yox, etmədiyiylə cəzası ağırlaşdırılaraq həbs edildi, terrora, zorakılığa çağırış edənə yazdığı cavabla azadlığı məhdudlaşdırıldı, heç nəyə baxmayaraq, maaşsız-qonorarsız, kirayə qala-qala Azərbaycanda "Azərbaycan" qəzetindən başqa bütün onlayn və çap nəşrlərində yazılarını yazdı... Azərbaycan, Azərbaycanlı, Azərbaycançılıq adına. İndi də çəkilib kəndinə, 55 yaşda da kirayə verməyi özünə ayıb saydığından...roman və gələcəkdə jurnalistlər üçün əyani vəsait yazır. Tezliklə Allahın səhvini düzəltmək üçün onun dərgahına Özüylə görüşmək yollarını axtarır ki, Şahidin Hakimin özü olduğu məqamlara aydınlıq gətirsin. Tərcümeyi-halının qapaq səhifəsində başdaşı epitafiyası: yaşamadım, yaşatdım!
"Sözün Sağlığına" kitabı işıq üzü görüb. "Əclaflar sevgisi", "Mənim sərvətlərim" kitabları isə nəşrə hazırlanır.
Biz də hörmətli yubileyarımızı təbrik edib, onun haqqında müxtəlif zamanlarda ədəbi, ictimai şəxslərin qələmə aldığı fikirlərdən, yazılardan bir neçəsini diqqətinizə çatdırırıq.
Emil Rasimoğlu (şair):
« 55 rəqəninin əlini sıxıb, Ona-çağımızın SÖZünü öz hücrəsində qoruyub diri və duru saxlayan, ucalıqların nə olduğunu ağ vərəqlərə bükən, Vətən ömürlü Aydın Canıyevə üz tuturam!
Ömür yolunda ayaq səslərimi eşidirəm...Dayandığı həyat tablosunda alın yazısının bütün rəngləri, səsləri, notları...var. Bəlkə də əzəldən belədir. Taleyinin əksinə üzənləri hardasa bir ata qəbri, ana ağrısı, qadın heykəli, övlad yalqızlığı...izləyər. Aydın Canıyev taleyinin əksinə üzən, bircə öz adındının yaxasından yapışıb bu günə kimi boğulmağdan xilas olan adamlardandır. O ən gözəl sevginin içində pıçıltılı nifrət, ən ağır nifrətin içində əlçatmaz sevgi, ən böyük ayrılığın içində bütövlük, ən uca bütövlüyün içində kimsəsiz ayrılıqdır. Heç kimin görmədiyi kimsəsiz ayrılıq!
Onun bütün qapıları uzaqlara, qəribliyə və özündən də gizlətdiyi göz yaşına açılır. Bu gün ona ən yaxın olan da elə həmin uzaqlardı. Səhərlər çayını soyudan, gecələr başının üstündən çəkilməyən uzaqlar! O uzaqları deyirəm- ÖVLAD, ATA, QADIN,..adında canında dar ağacına çevrilən uzaqları. Ömürdən tutmuş Tanrısına qədər...hər kimi vardısa hamısını uzaqlarda qoyub gəldi. Amma yenə yaşamağa öyrəşdi, öyrəndi...və ötdü saatların qarşısından. Çünki yanında əlləri var idi. Vərqlərin üstündə balıq kimi çırpınan, Vətən üzlü əlləri!
Qəribədir...hər dəfə üz-üzə gələndə elə bilirəm elə hey kimisə axtarır, bu şəhərdə kiməsə tələsir...və sonunda yenə özündə dayanır. Çünki onun başladığı bütün yollar özünə çıxır. Orda nələr yoxdu- Yurd...Söz...Əbədilik...Dost...Düşmən...Zindan...
İndi alnının güllə yerində eləcə bir ana duası oturub. Qara, çovğuna düşən ana duası! O duanın içində hər gün bir ağac çiçəkləyir. Çiçəkləyir ki, bir az da yaşasın bu şəhərin qərib səyyahı. Çiçəkləyir ki, təbiətin bütün çaxmaqlarındakı ölüm barmaqları bir az da ləngisin...Ləngisin ünvanına!
Adam da özü boyda təklik olarmı, İlahi!...Aydın Canıyev yer üzündə insanın payına düşəcək yaşam tərzindən imtina etdi, Allah olmaqdansa qorxdu. Bəli, qorxdu! Hardan biləydi ki, bütün TƏNHAlıqlar bu tərzdə İMTİNA və QORXUların arasında yerləşir.
Bu gün Aydın Canıyev Vətənin taleyinə qarışmış adamdı...Torpaqdımı, əsgər səsidimi, şəhid qanıdımı, Araz çaydımı...nə bilim...bəlkə də elə hər biridi!
Bu məqamda üzümü Azərbaycan adlı tabloya tuturam: Yurd yeri, yubiley yaşın mübarək!
P.S: Bu yazı Aydın Canıyev haqqında Tanrı ilə söhbətləşməm idi...Bir gün haqqında daha əhatəli yazacağıma,danışacağıma əminəm!...Tanrıya da beləcə dedim.»
Zakir Məmməd (ədəbiyyatşünas):
«...Jurnalistika məktəbinin yaşının nə boyda olmasından asılı olmayaraq tarixdə jurnalist qıtlığı həmişə olubdur. Ancaq tarix boyu tək-tək qələm adamlarının varlığı ilə, vasitəsilə həqiqətlərin, olayların gizli qalmasına yol verilməyibdir. Söz, fikir oğurluqlarının üstü açılıbdır.
Nəbzi gündəmdə qalmağa yox, yaxşı mənada gündəmi dəyişməyə çalışan publisistikanın uğurlarından söz açmalı olanda öncə Aydın bəyin adını çəkməliyik. Bu adın ən qədim zamanlardan varlığı barədə məndə xəyal, təəssürat formalaşıbdır. Sadəcə, bir Aydın Canıyev var və o, “bölgənin”, “dünyanın” ən qaynar ərazilərinə hər gün daxil ola bilir.
Hərçənd, mənim fikrimcə, bəzən yanlış istiqamətlərə də baş vurmağı olur. Çox, lap çox, necə deyərlər, məhsuldar işləməyin xətalarının olmağı təbiidir. Müəllimlərimizdən eşitmişəm. Keçmiş APİ-nin fəlsəfə müəllimi Həmid Əfəndiyev ədəbiyyatşünas alim Mikayıl Rəfilini tez-tez tənqid edirmiş. Bir gün M.Rəfili geniş bir yığıncaqda kürsüyə çıxıb Həmid müəllimə səslənir: “Həmid, sən də, mən də - ikimiz də axsağıq. Gəl ötüşək, səni məğlub etməyimə söz verirəm. Amma yazılarımı misal gətirib məni tənqid etməyin düz deyil. Ona görə ki, yazan adamın səhvi də olmalıdır. Məsələn, sənin səhvini biz deyə bilmərik, çünki heç nə yazmırsan”. Təxminən belə. “Bildiniz də nə deyirəm”. Aydın bəyin sosial şəbəkədəki yazıları, adətən bu sözlərlə başlayır. “Bildiniz də nə deyirəm”. Və Aydın hər gün yazır. Gecə-gündüz yazır. Hislərlə, faktlarla, qızğın ehtiras və atəşlə yazır. Başımızın üzərindən cərəyan edən ictimai, siyasi, ədəbi cəbhələşmələrin kritik məqamlarını görüb, təfərrüatlarını incələyib çəkinmədən rəy yazan, fikir bildirən istedadlı qələm sahibi Aydın Canıyevdir.
Həyatın ən dinc vaxtlarında da media görəvliləri üçün qaynar nöqtələr həmişə mövcuddur. Yazının daha da aktuallaşdığı çağdaş dünyamızın insanlarını xəbərlə, şərhlə, üslub və tematik yeniliklərlə təəccübləndirmək, bu sahəyə yönəlik ehtiraslarını ələ almaq çətindir. Gərək səmimi olasan, həqiqətçi, məsləkçi olasan. Yeni dizaynda, yeni çeşiddə yazını işləyib yiyəsinə vaxtında təhvil verəsən. Məslək derkən, qəzetçi mövqeyini yalana, konyukturaya dəyişməməyi nəzərdə tuturam.
Aydın bəyin üslubunda bədii leksika ilə publisistik üslub və terminologiya eyni ədəbi sistemin tərkib hissəsi kimi diqqət çəkir. Bədii publisistikanın ən gözəl nümunələrini onun yazılarından əldə etmək mümükündür. Onun ədəbi-bədii oçerklərində, felyetonvari, yarı satirik, yarı lirik portret məqalələrində, hekayə və hekayətlərində çoxlu tarix rəqəmlərinə, elmi, ədəbi, siyasi biliklərə istinad edilməsi onun yazıçılıq missiyasının çox ciddi vətən və vətəndaşlıq məqsədlərinə xidmət etməyindən xəbər verir.
Beləliklə, Aydın Canıyev – qələmin fəhləsi, kənkanı!
Demokratik imza! Demokratik üslub!
Ağayana mövqe, sərbəst, aydın təsvir!
Dostyana ünsiyyətin, mərd-mərdanə söhbətlərin qədirbiləni!
İstedadlı, yaradıcı manera!
Obyektiv müşahidə və analitik təhlil!
Publika ilə işləmək mədəniyyəti!
Tabuları qətiyyətlə aşıb-keçmək əzmi! Klişelərə, qəliblərə etinasızlıq!
Cəmiyyətçi! Ədəbiyyatçı! Siyasi dələduzçuluğun qənimi!...
Nəhayət, Aydın Canıyev düz onluğa vurmağı bacarır.
Onun “deyim onluğu”nda belə bir ibarə var: “Səni dəyərləndirən, sənə etibar edən tək bircə nəfər varsa, dərənin dibindəsənsə də, qalx!” Aydın Canıyevin eyni dəyərləri bölüşən yüzlərlə, minlərlə oxucusu olduğundan onu istənilən ucalıqda görmək və arzulamaq mümkündür. Onu bəzən gizlində, bəzən açıq-aydın dəyərləndirən insanların adı XALQdır. Xalqı üçün və özü üçün yazıb-yaratmağa ona bircə şey lazımdır. Ömür! Allahın lütfü, köməyi!
Ən xoş arzularımla hörmətli aydınımızı – Aydınımızı təbrik edirəm! Hər gün üzümüzə gün kimi doğan kişinin doğum günü mübarək olsun! »
Tural Turan (şair):
« Aydın Canıyev dilinin və qələminin bəzən içi, bəzən də ucu ilə sözü hədəfin "uzaq doqquzluğu"na göndərən adamdır. Belə bir adamı həbs etmək söz tanrısının qulağının dibinə gavur qapazı ilişdirmək kimi bir şeydir.
Aydın Canıyev Azərbaycan jurnalistikasını ombası, ayağı ilə deyil, başı ilə xoşbəxt edənlərdəndir. Onun milli jurnalistikamızdakı rolu və yolu İbn Haldunun islam fəlsəfəsindəki yeri qədərdir. İnanmayanlar doxsanıncı illər jurnalistikamızın pakifkalarına yenidən göz ata, Aydın Canıyev imzasının üzərindəki yazılara yenidən gözlərini toxundura bilərlər.
İndi Aydın Canıyev möhtəşəmliyin çöküşünə məhkum edilib. Bələksiz qığılcım kimi mediamızı nurlandıran bu adamın həbsini istəyənləri Tanrı qağaya ismarlayır və bütün qaranlıq otaqları həmin zurnalistlərə arzulayıram. İndi möhtərəm və möhtəşəm Aydın Canıyevın darıxdığı qaranlıq otaqları nəzərdə tuturam.
Aydın Canıyev zirvəsinə çata bilməyənlər indi dəmir barmaqlıqlar arasında olan bu fenomenə yenə də aşağıdan yuxarı baxırlar. Çünki o, azadlığı və mötəbərliyi də özü ilə üçün-üçə bir qəfəsə aparıb...
Həbsdə olana həmişə Allah qapısını açsın deyirlər. Aydın Canıyevin qapısı elə indi də açıqdır. Söhbət söz qapısından gedir. Hər kəsə açıq və AYDIN sözün...»
Kənan Hacı (yazıçı):
« Aydın Canıyev sözə canından can bəxş edən söz kimyagəridir. Onun varlığı Azərbaycan jurnalistikasına həmişə başucalığı gətirib. Sözünə və özünə heç vaxt xəyanət etməyən, Tanrı verən ömür payını ləyaqətlə yaşamağı bacaran tək-tük qələm sahiblərindəndir Aydın Canıyev! Bu, ən böyük qəhrəmanlıqdır. Hər oğul bu hünərin yiyəsi olmağı bacarmaz! »
Eminquey Akif (şair):
« Sözdən yaradan adamlar da mətnə baxanda hiss edir, elə mən də o cür bilirdim ki, onun yazıları sürətlə yazılır. Necə ki cəngavər meydana atılır, kəsə-kəsə, doğraya-doğraya gedir, nəfəs almadan, yarasına rəğmən, onun da yazılarındakı bu cəngavərliyə həmişə qibtə etmişəm. Təkbaşına! Korrektəsiz!
Sonra redaksiyamıza qonaq gəldiyi zaman klaviyaturada yazışından, siqareti siqaretə calamağından, sözlərə dalıb getməyindən hali olandan sonra yazılarındakı korrektəsizliyi, sürəti başa düşdüm.
Meydana girmək, yarıda coşmaq və sonuncu zərbəni vurmaq! "Aydının "qoyduğu" durmur". Sözün Brüs Lisidir Aydın. Ləhcəsinə qurban olduğumla canlı söhbət edənə kimi elə bilirdim, bu adam ancaq mətndə, sözdə dəlisovdur. Sonra kitabımı almağa gəldi, söhbətləşdik, gördüm ki yox, bu adam iliyinə kimi dəlisovdu, fırtınadı, üsyandı!
"Aydın Canıyev bir gün günorta uzaq yoldan gəldi, kitabımı aldı. Hər adam bu boyda yolu kitab almaq üçün gəlmir ha. Çox sevindim. Mən də sevə-sevə imzaladım. Təşəkkürümü etdim. Sağollaşdıq. Biraz keçdi, Aydın bəy yenidən qayıtdı. "Kitabı bufetdə qoymuşdum, kimsə oğurlayıb, birini də imzala". Bu dəfə də sevə-sevə imzaladım. Aydın bəyin sayəsində oxucu qazanıram. Bir-iki kitab da itirsə, bütün Azərbaycan məni tanıyacaq" yazmışdım.
Onun bir mərdliyini də həmin gün görmüşdüm.
Özü istəməz dilə gətirilməyini, amma əsgərə yardım apardığım zaman da Aydın, hə, Aydın gəlmişdi, gəldi iş yerimə, əlində nə gəlirsə köməyini etdi, "onlar bizim üçün vuruşublar" deyib getdi!
Həmişə Türkiyənin Yılmaz Özdilinə, Uğur Dündarına, Sinanına həsəd aparmışam, həsəd apara-apara da yazılarını bizim dilə çevirmişəm. Nə xoş ki, bizim də Aydın Canıyevimiz var!
Aydın Canıyev, doğum günün mübarək! Sənin zərbələrinlə ölən adamlardan şəhər salmaq olardı. Orada da sənə bir ev!
Mənim özümdən yaşca, sözcə böyük, amma qardaş dostum, yaşıd dostum! Yaşa! »
Pərviz Cəbrayıl (yazıçı):
« Müəmma köynəkli adam
(Aydın Canıyevin 50 illik yubileyinə)
...Soyadındakı “yev”i atsa, Aydın iki cür ola bilәr: biri anda çevrilmiş Aydın (Aydın canı), biri Aydın cani, yəni cani Aydın... Bəlkə də elə buna görə atmır “yev”i. Həmişə müəmma köynəyi olub Aydının.
...Heç nә gәlmir, heç nә getmir, biz gedirik nәyәsә doğru. Mәsәlәn, fәsillәr gәlmir, getmir, biz gedirik - yaza doğru, yaya doğru. Yer fırlanır, yaz mәntәqәsinә çatıb, sonra onu ötüb, o birinә doğru gedirik biz. Eynәn maşınla, ya piyada harasa getdiyimiz kimi. Hansısa rayon bizә gәlmәz, biz ona gedәrik. Hәr şey bizdәn, bizim planlardan asılıdır bir qәdәr. Tutaq ki, yaza-qışa getmәyә bilәrik. İntihar edәrik, bitәr. Hansısa rayona, ya hansısa dostla görüşә getmәyi lәğv edәrik, olmaz. Ama biz Yer kürәsini saxlaya bilmәrik. Әsas da odur ki, var! Sәbәblәri heç dә hәmişә başqalarında axtarmayaq. Yazı, tale, qәzavü-qәdәr deyilәn şey dә mәnә görә elә budur... Demәk, bizim әlli faizlik kövrәk vә kiçik miqyaslı azadlığımız vә mәsuliyyәtimiz var.
Bəli, bizim әlli faizlik kövrәk vә kiçik miqyaslı azadlığımız var, Aydınınsa 50 yaşı. Aydın harmoniyanın tam mərkəzindədi indi. İllər gəlmədi onun yaşının üstünə. O, illərin üstünə getdi, dayanmadan getdi. Hələ də gedir.
...Mövlud da gedirdi, ancaq qəfildən zamanı ildırım sürәtiylә irәli, başa çәkdi. Sonunu bildiyin, yaxud çox sarsaq sandığın filmi qәfildәn sensor paneldәki kimi bir barmağının hәrәkәti ilә başa çәkirsәn. Bәzәn son sәhnәni görürsәn, bәzәn son titrlәrә vә SON – “The end” yazıldığı hissәyә, bәzәn isә sondan sonrakı qısa qara ekrana çatırsan...
Mövlud da hiss edirdi ki, “iztirabların perspektivi yoxdu”, mәnә aid olan bu sözü çox qәddarcasına yazdığımı dәfәlәrlә demişdi mәnә, ancaq o sözü deyәn mәn zamanı nә irәli çәkә bilirәm, nә geri. Niyə? Çünki mən hətta ümidlərin öldüyünü bilsəm də, ondan əlimi üzməmişəm, onun iylənmiş cəsədini kürəyimə şələləyib harasa aparıram, sanki qəbiristanlığa çatanda qəfildən hiss edəcəm ki, kürəyimdə bir şey qımıldandı, dirildi və hoppanıb kürəyimdən düşdü, kəsdi yolumu, dedi, geri dön. Mәn hələ ki, sürәti alıb ağır sonu seçirәm. İşgәncәmi birә beş artırmaq yolunu. Ama daha səmimi etiraf etsəm, mən ümidimi yenə bilmədim. Mövlud isə izafi ruh itkisini qәbul etmәdi, özündən keçdi və ümidin o biri üzünə adlaya bildi... Ümidin görünməyən üzü! Ölümün o üzüdü ümidin o üzü...
Elçin Səlcuq da zamanı irәli çәkdi. Çox sürәtli deyildi. Zaman sadəcə saralırdı asta-asta.
Zabil Müqabiloğlu... vaxtını az qala Mövlud sürәtiylә aparırdı. Kәnardan müdaxilәlәr oldu vә vaxtını geri çәkdilәr, zamanın çarxları axarına düşdü, bu dәfә Zabil qәfildәn geri (yaxşılaşmaya) doğru gedәn zamana stop verib, yenidәn əqrəbləri sürәtlә irәli çәkmәyә başladı vә bu vaxt qәfildәn çarxlar ilişdi, sındı, vaxt dayandı... Sürətə tablamadı zamanı irəli aparan çarxlar.
Aydın isә...
Aydın isə nə ümidin o üzünə aşa bildi, nə bu üzündə eşələndi, Aydın sadəcə ümidlə oynadı, gizlənqaç oynadı, dava-dava oynadı onunla; gah Aydın gizləndi, ümid onu tapdı, gah ümid gizləndi, Aydın ondan küsdü... gah ümid vurdu, Aydın yıxıldı, gah Aydın vurdu, ümid yıxılmadı.
Aydın vaxtı öz әllәriylә gah geri, gah irәli çәkir. Onun bizdən tək fərqi də budu. Vaxtla, әvvәllә, sonla oynayır. Bu oyunda xırda nəfləri, kiçicik xeyirlәri var, bir günə beş dәqiqə, bir günə iki saat qazancı olur bu zaman hәrracında. Aydın çox zaman itirib bu günәcәn, ancaq o oyunda qazandığı dәqiqәlәrin hesabına gәlib әlliyә çatıb.
Bir zamanlar ona 41 yaşında yazmışdım: “41 Aydın, Aydın 41”. İndi әlli aydın var onda. O zaman Aydına çatmadı “aydın” sözcüyü, çünki onun xətrinə böyük yazmışdım. 41 Aydın sözünün 41 olmasa da, ikicə mənası vardı: onun varlığında yerləşən 41 aydın-ziyalı, üstəlik şəxsiyyətin vahidliyi ideyasının əksinə olaraq 41 varlıq. Bir də təbii ki, Aydın-41. Yəni 41 yaş.
...Bizim içmiz adamla doludu, özümüzlә doludu, üstəlik bəzilərində Allahla da, burda aydın olmayan nə var ki. Hәr yaş sayımızı bir әdәd dә artırır. Bir gün rәqәmlәr sıfırlanır vә olur, məsələn, Sıfır Pәrviz, Pәrviz Sıfır... Hətta mənim adım belə onun adı qədər mənaya, çalara malik deyil, Aydın canı...»
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.