Bu barədə ilk dəfə
İran – 1992
Ə.Rəfsəncani islam təşkilatı olan EKO-ya niyə islamın, türk müsəlmanlarının qatı düşməni olan erməniləri də qoşmaq istəyirdi?
...1992-ci ilin fevralının əvvəlləri idi. “Vışka” qəzetinin o zamankı redaktoru Yuri İvanov məni kabinetinə çağıraraq, Azərbaycan nümayəndə heyətinin tərkibində təcili olaraq İrana ezamiyyətə getməli olduğumu bildirdi. Respublikamızın yenicə (1991-ci ilin oktyabrında dövlət müstəqilliyi əldə etdikdən sonra) üzv olduğu İslam İqtisadi Əməkdaşlıq Təşkilatının – EKO-nun Tehranda növbəti, ölkəmiz üçün isə ilk konfransında qəzetimizin nümayəndəsi kimi iştirak etməliydim.
Sən artıq İranda olmusan, ona görə də redkollegiya qərara alıb ki, respublikamız üçün mühüm əhəmiyyət kəsb edəcək bu tədbirdə iştirak edib, sanballı bir material hazırlayasan. Sənin üçün lazım olan sənədlər elə bu gün redaksiyaya təqdim ediləcək, – deyib, uğurlar arzuladı. Mən isə:
Yuri Mixayloviç, bilmək olarmı, nümayəndə heyətinə kim başçılıq edəcək? – deyə soruşdum. Sualım heç də səbəbsiz deyildi...
Redaktor o vaxtkı ölkə Prezidentinə rəğbətini gizlətmədən, bir anlıq mənim əlüstü razı olacağımı düşünərək cavab verdi ki:
Əlbəttə, Ayaz Niyazoviçin özü.
Çox sağ olun etimada görə... – dedim.
Onun cavabımdan məmnun olmağına macal tapmamış əlavə etdim ki:
İnciməyin, mən getmək istəmirəm, başqa əməkdaşı göndərin.
Sən nə danışırsan, Rəhman, mən başqasının yox, sənin getməyini istəyirəm. Redkollegiya da məhz səni təklif eləyib. – Və diqqətlə üzümə baxıb, bir anlığa duruxdu və məyus nəzərlə bir-neçə saniyə sükut edərək, əlavə etdi. – Səni başa düşürəm... Ancaq sən onunla kontaktda olmaya bilərsən.
Yox, Yuri Mixayloviç mən getmək istəmirəm. Bu, mənim konkret qərarımdır. Şəxsi işimə yazılmaqla töhmət verəcəyiniz halda belə sizdən inciməyəcəm...
Yaxşı, aydındır, - dedi və mənimlə məyus baxışlarla xudahafizləşməkdən başqa çarəsi qalmadı. – Get, işinlə məşğul ol.
Sanki üstümdən dağ götürülmüşdü. Yaxşı ki redaktor nəyə görə EKO konfransına getmək istəmədiyimi dərhal anlamışdı.
...Y.İvanov “Vışka” qəzetinə redaktor olaraq o vaxtlar işlədiyi respublika Kommunist Partiyası Mərkəzi Komitəsindən bizim çox böyük hörmət etdiyimiz, Azərbaycanı bütün varlığı ilə sevən Gennadi Qluşkovdan (o, “Bakinski raboçi” qəzetinə redaktor təyin edilmişdi) sonra göndərilmişdi.
İlk vaxtlar Y.İvanovun redaktor olmasına kəm baxsaq da, o, qısa bir vaxtda öz səmimiliyi və demokratikliyi, obyektivliyi ilə tədricən özünə hörmət qazanmağa başlamışdı (düzdür, bəzi məsələlərdə səhv qərarları da olurdu). Və o, çox yaxşı bilirdi ki, o vaxt, 3 ay öncə - 1991-ci ilin 20 noyabrında xalqımızın görkəmli oğullarının, o cümlədən uzun illər qəzetimizin redaktor müavini olmuş vətənpərvər ziyalı, gözəl insan, Azərbaycanın Əməkdar jurnalisti, xalqın sevimlisi olan Osman Mirzəyevin də olduğu vertolyotun (“helikopter” sözündən xoşum gəlmir) Qarabağ səmasında vurulmasında çoxları, eləcə də bizim kollektivimiz A.Mütəllibovu günahkar sayırdıq (ancaq sonralar məlum oldu ki, Tamerlan Qarayevin günahlandırıldığı o müdhiş faciədə A.Mütəllibovun yox, başqasının əli olmuşdu). Y.İvanov onu da çox yaxşı bilirdi ki, böyük jurnalistikada ustadım, müəllimim hesab etdiyim Osman Mirzəyev mənum üçün çox əziz, doğma adam idi, onu özümə böyük qardaş bilirdim. Redaktor 20 noyabr faciəsində məhz A.Mütəllibovun əli olduğunu düşünməyim səbəbindən Tehrana onun rəhbərlik edəcəyi nümayəndə heyəti ilə birgə getmək istəmədiyimi başa düşmüşdü.
...Təxminən 35-40 dəqiqə sonra “Kamçatka” adlandırdığımız iş otağımdakı telefon zəng çaldı. İvanov idi, yenə yanına çağırırdı. Dəhliz boyu gedərkən özümə qəti söz verdim ki, işdən çıxarılmalı olsam da, A.Mütəllibovla heç yerə getməyəcəyəm.
Hə, nə fikirləşirsən? Bəlkə, daşı ətəyindən tökəsən? – Redaktor nə cavab verəcəyimi bilsə də, sınayıcı nəzərlə mənə baxdı və gülümsünərək, zarafatla dedi. – Sən getmək istəmədiyin üçün Mütəllibov da getmir...
Və bildirdi ki, situasiya son anda dəyişib - prezident yeni yaradılmış MDB-nin ölkə başçılarının tədbirində iştirak etmək üçün sabah Belarusiyada olmalıdır. Odur ki, İrana gedəcək nümayəndə heyətinə respublikanın Baş naziri Həsən Həsənov rəhbərlik edəcək. Təbii ki, xalqımızın çox böyük hörmət bəslədiyi görkəmli ictimai-siyasi xadim, yüksək ziyalılığı, vətənpərvərliyi ilə tanınan, müdrik olduğu qədər də sadə və səmimi insan olan Həsən Həsənovun nümayəndə heyətinə başçılıq edəcəyi ürəyimcə oldu. (Düzü, bütün varlıqları, yarıtmaz fəaliyyətləri ilə xalqımıza yad, biganə olan, inert Kamran Bağırovdan və hərəkətləri, çıxışları ilə daim xalqın narazılığına səbəb olan Əbdürəhman Vəzirovdan sonra Azərbyacan rəhbərliyinə gəlmiş Ayaz Mütəllibova ilk vaxtlar çox böyük inamım və simpatiyam vardı. Sonralar 20 noyabr faciəsinə görə səhvən onu günahlandırsam da, 1992-ci ilin martında və daha sonra may ayında hakimiyyətdən əlini xalqın qanına batırmadan, sakitcə getdiyinə görə özünə qarşı az da olsa rəğbət oyatmışdı).
Ertəsi gün xalqımızın sevimli şair və yazıçıları Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, azadlıq çarçısı Etibar Məmmədov, Şeyxülislam Allahşükür Paşazadə, ANS-in məşhur teleoperatoru Çingiz Mustafayev, “Azərbaycan” qəzetinin şöbə müdiri Araz Qurbanov, radio-televiziya jurnalistləri, hətta incik nəzərlərin tuşlandığı Tamerlan Qarayev və digərləri Tehrana səmt alacaq təyyarədə öz yerlərini tutmuşdular və hamı səbrsizliklə Həsən Həsənovun gəlməsini gözləyirdi. Nəhayət, o, təyyarəyə qalxıb, gülərüzlə salona daxil oldu, hamı ilə mehribanlıqla salamlaşıb, tələsmədən hal-əhval etdi və heyətimizə uğurlu səfər arzuladı.
Təyyarəmiz səmada buludları yarıb uçarkən düşüncələrə dalıb, fikirləşirdim ki, görəsən, vaxtilə - 1943-cü ilin noyabrında faşist Almaniyasının ram edilməsi məqsədilə üç hegemon dövlətin – SSRİ, ABŞ və Böyük Britaniyanın başçıları İ.Stalinin, F.Ruzveltin və U.Çörçillin görüşdüyü Tehranda keçiriləcək islam ölkələrinin beynəlxalq təşkilatının EKO konfransı Azərbaycanın qatı düşməni – faşist Ermənistanının işğalçılıq siyasətinin qarşısının alınmasında mühüm rol oynaya biləcəkmi?
...Tehran aeroportunda qarşılanlb, orda bizi başdan ayağa, bütün fotoaparatları, telekameraları çox diqqətlə yoxladıqdan, bizə o vaxt naməlum olan səbəbdən xeyli ləngidildikdən sonra paytaxta yol alıb, “İstiqlal” mehmanxanasında yerləşdik. Konfrans səhərisi gün saat 11-də başlamalı idi. Saat 10-da bütün nümayəndə heyəti artıq mehmanxananın 1-ci mərtəbəsindəki foyeyə toplaşaraq, konfransa getməyə hazırlaşırdı. Nədənsə vaxt uzanır, ancaq tədbirin başlanması hansısa anlaşılmaz səbəbdən yubanırdı. Ona görə də nümayəndələrimiz iki-bir, üç-bir toplaşıb ayaqüstü söhbət edir, tədbirin gecikdirilməsi ilə bağlı müxtəlif fərziyyələr yürüdürdülər. Əsas nigarançılığımız, əlbəttə ki, döyüşlərin getdikcə artdığı, ermənilərin xristian həmrəyliyi və peşəkar yaltaqlıqları ilə daha çox Moskvaya güvənərək, azğınlaşdığı Qarabağla bağlı idi. Ağlımıza müxtəlif dolaşıq fikirlər gəlirdi...
Birdən yaxınımızda gözümə eynən bizim Şeyxülislama bənzəyən, lakin adi geyimdə olan bir nəfər sataşdı. Təəccübləndim – axı, bu qədər də oxşarlıq olmazdı. Şair dostum Qardaşxan Əzizdən yavaşcadan soruşdum ki, bu kimdir belə, Şeyximizin qardaşıdır? Qayıtdı ki, bəs Şeyxin özüdür də. İnana bilmədim. Axı, Azərbaycanda həmişə başında ağ əmmamədə, xüsusi “dini qiyafədə” olan, xalqımızın böyük hörmət bəslədiyi Şeyximiz qatı müsəlman ölkəsi olan İranda niyə adi geyimdə və əmmaməsiz idi? Bura ki Avropa ölkəsi deyildi. Sualım cavabsız qaldı. (Jurnalist həmkarım Araz Qurbanov sonralar yada salıb demişdi ki, Şeyximiz bizim yoldaşlara qayğı ilə bildiribmiş ki, Tehranda və bilavasitə oteldə hər hansı bir problemlə, narahatlıqla üzləşsələr, ona müracət edilsin, hətta maddi çətinlik olarsa, çəkinmədən ona yaxınlaşsınlar).
...Birdən xəbər gəldi ki, tədbir saat 11-də yox, bir qədər gec başlayacaq. Məlumat verildi ki, Minskdə başlanan tədbirdə A.Mütəllibovu nəsə qane etmədiyindən, o, başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin üzvləri ilə birgə etiraz əlaməti olaraq tədbirin keçirildiyi zalı tərk edib və o, EKO konfransında iştirak etmək üçün oradan birbaşa Tehrana uçur. Buna çoxları xoşhal olsa da, mən bu xəbərə təəssüflə və təəccüblə yanaşaraq, narahatçılıq keçirdim. Heç cür başa düşə bilmirdim ki, Minskdə vaxt Bakı və Tehran vaxtından bir saat geri olduğu halda və ordakı tədbir bizim vaxtla saat 11-də (Minsk vaxtilə saat 10-da) keçirilməli ikən, necə oldu ki, A.Mütəllibov artıq Bakı vaxtilə saat 10-da (Minsk vaxtilə saat 9-da – tədbirin keçirilməsinə bir saat qalmış) Tehrana uçmaq qərarı vermişdi? Deməli, Minsk görüşündən (özü də başlamazdan əvvəl) bəhanə ilə çıxaraq, Tehran səfərinə yola düşmək nə məqsədləsə əvvəlcədən planlaşdırılmışdı (buna bir qədər sonra aydınlıq gətiriləcək).
Xeyli gözlədikdən sonra məlumat verildi ki, qardaş Türkiyənin Cümhur başqanı, türk dünyasının böyük lideri, xalqımızın sevimlisi Turqut Özal və Azərbaycan prezidenti Ayaz Mütəllibov artıq Tehrandadırlar və onların maşınları EKO konfransının keçiriləcəyi yerə səmt alıblar. Bir qədər sonra biz də maşınlara doluşub ora yollandıq. Böyük maraq doğuran tədbir yerinə çatar-çatmaz jurnalistlərimiz hər iki ölkə başçısını görmək, operativ olaraq müsahibə almaq (indi “eksklüziv” deyirlər) üçün onların olduğu kiçik otağı dövrəyə aldılar. Mütəllibov vaxt azlığından jurnalistlərin suallarına cavab vermək üçün imkan olmadığını, yalnız şəkil çəkməyə icazə verildiyini bildirsə də, ANS-in “ipə-sapa yatmayan”, ifrat rəsmiçiliyi xoşlamayan məşhur teleoperatoru, xalqımızın sevimli, vətənpərvər oğlu Çingiz Mustafayev fürsətdən istifadə edib, cəldlik göstərərək, Turqut Özalı suala tutmaqdan çəkinmədi. Jurnalist operativliyi və çevikliyi, çılğınlığı ilə xalqın böyük rəğbətini qazanmış Çingizə hörmət əlaməti olaraq hər iki prezident onun “qaydanı” pozmasını təbəssümlə qarşılayıb, SSRİ “boyunduruğundan” yenicə qopmuş Azərbaycanın və qardaş Türkiyənin digər müsəlman ölkələri, eləcə də yaxın qonşu olan İranla EKO platformasında gələcək qarşılıqlı əlaqələri ilə bağlı sualına qısa da olsa, cavab verməli oldular.
...Turqut Özalın və Ayaz Mütəllibovun, İran İslam Respublikasının o vaxtkı başçısı Əli Əkbər Haşimi Rəfsəncaninin və digər müsəlman ölkələri rəhbərlərinin də iştirak etdiyi konfrans iki gün davam etdi və başlıca olaraq nümayəndələrin marağına səbəb olan müsəlman həmrəyliyi, qarşıda duran məsələlər barədə çıxışlar edildi. Xüsusilə biz jurnalistlər daxilən çox sevinirdik ki, nəhayət, yenicə təməli qoyulan İslam həmrəyliyi təşkilatı Azərbaycanı düşdüyü ağır bəladan – erməni faşizmindən və təxribatlarından qurtarmaq yolunda xalqımıza böyük dəstək olacaq (o zaman Şuşa, Laçın, Kəlbəcər və digər rayonlarımız hələ işğal edilməmişdi).
Ayaz Mütəllibov mətbuat konfransı zalının səhnəsində niyə tək qalmışdı?..
...İki günlük EKO konfransından sonra prezidentlərin mətbuat konfransının keçirilməsi nəzərdə tutulmuşdu. Azərbaycanın, İranın, Türkiyənin, ABŞ-ın və digər xarici ölkələrin jurnalistləri, qəzet və jurnal, teleradio şirkətlərinin nümayəndələri intizarla mətbuat konfransının başlanmasını gözləyir, böyük maraq və yeni ümidlər doğuran EKO birliyinin yaxın dövr üçün plan və fəaliyyəti ilə bağlı müsəlman ölkələri liderlərinin fikirlərini öyrənməyə tələsirdilər. Bir qədər keçmiş Ayaz Mütəllibovun hiss edilmədən səhnədə görünməsi ilə mətbuat işçiləri digər ölkə rəhbərlərinin də birazdan zala daxil olacağını düşünsələr də və dəqiqələr ötsə də, digər liderlərdən Azərbaycan prezidentinə qoşulan yox idi. A.Mütəllibovun səhnədə qayğılı halda o tərəf - bu tərəfə gəzişməsi istər-istəməz nigarançılıq doğururdu. Vaxt ötür və onun səhnədə düşüncəli-qayğılı şəkildə var-gəl etməsi davam edirdi. İlk olaraq belə təsəvvür yarandı ki, A.Mütəllibov mətbuat konfransına tələsib və hamıdan tez gəlib, ona görə də düzgün başa düşülməmək üçün geri qayıtmaq istəməyib. Ancaq hər halda qəbul olunmuş rəsmi protokol qaydalarına əsasən prezidentlər zala tək-tək yox, birlikdə daxil olmalı idilər. Lakin 10 dəqiqədən çox keçsə də, A.Mütəllibov səhnədə var-gəl edir, nə o, nə də tədbirin təşkilatçıları heç bir məlumat vermir, yaranmış vəziyyətə aydınlıq gətirmirdilər. Azərbaycan prezidentinə qarşı bu cür saymaz münasibət istər-istəməz məni də narahat edirdi.
Yalnız sonradan məlum oldu ki, onu səhnəyə hamıdan əvvəl, həm də tək çıxmağa çox ciddi səbəb vadar etmişdi. Həmin dəqiqələrdə ona dəhşətli xəbər çatdırılmışdı - erməni faşistləri Qarabağın 1988-ci ildən igid müdafiəçilərinin müqavimətini qıra bilməyərək, mühasirədə saxladıqları Qaradağlı kəndinə qəfil hücum edərək, evləri tank və toplardan atəşə tutaraq, dağıdıb-yandırmış, silahsız, köməksiz kənd camaatını qadınlı-kişili, uşaqlı-böyüklü vəhşicəsinə güllədən keçirmiş, sağ qalanlara divan tutaraq, olmazın işgəncələr vermiş, 100-dən artıq kənd sakinini əsir götürmüşdülər.
İran prezidenti Ə.Rəfsəncaninin gözlənilməz satqın, xəyanətkar təklifi
Hələ konfransın ilk günündə İranın azərbaycanlı olduğu söylənilən başçısı Ə.Rəfsəncaninin heç kəsin gözləmədiyi, ağlına belə gəlmədiyi halda... Ermənistanın da guya bir qonşu kimi EKO təşkilatına üzv seçilməsi təklifi hamını heyrətləndirib, şoka salmışdı. Zaldan qopan narazılıq səsləri ona qarşı olan kəskin etiraz idi. Axı, o, bunu hansı haqla və hansı cəsarətlə, həm də hansı ağılla təklif etmişdi? O, EKO təşkilatının yaradılmasının ilkin ideyasını, məramını nə tez unutmuşdu? Yəni o, antimüsəlman, daşnak Ermənistanının EKO üzvü olan müsəlman ölkəsi Azərbaycana qarşı əsassız ərazi iddiasında olduğunu, vəziyyəti müharibə həddinə çatdırdığını, Qarabağda neçə-neçə kəndə basqınlar edərək, onları odlara qalayıb, viran qoyduğunu, yüzlərlə azərbaycanlını amansızlıqla, vəhşiliklə qətlə yetirdiklərini bilmirdimi? Bu, nə müsəlman həmrəyliyi idi? Azərbaycanın açıq-aşkar düşməni olan Ermənistana bu nə anlaşılmaz sevgi idi? Məgər az idimi ki, bu beynəlxalq islam təşkilatına qısqanclıqla yanaşan ABŞ-ın, Rusiyanın, Fransanın və eləcə də Ermənistanın gizli agentləri müxtəlif yollarla konfransın gedişini izləyir, nəzarətdə saxlayırdılar? Bu az idimi ki, Azərbaycana düşmən olan ölkəyə hələ bir EKO-nun tam və ya məşvərətçi səslə üzv olması da lazım idi – ilk növbədə İrana? Yəqin ki, Ə.Rəfsəncani yanlış olaraq belə hesab etmişdi ki, “ev sahibi” kimi onun əndazəsiz, məntiqsiz təklifi etiraz doğurmayacaq. Və çox yaxşı ki, onun düşündüyü kimi olmadı və ola da bilməzdi. Əks halda bu müsəlman təşkilatı dağılmalı olacaqdı. Böyük türk oğlu Turqut Özalın rəyasət heyətində əyləşməsi və Rəfsəncaninin yersiz, düşünülməmiş təklifinə sərt baxışlı reaksiyası təsirsiz ötüşmədi.
Mən hələ gəncliyimdən natura, xarakter etibarı ilə ipə-sapa yatmayan, haqsızlıqla barışmayan, subordinasiya nə olduğunu bilməyən və bilsəm də belə ona o qədər də məhəl qoymayan bir adam kimi Rəfsəncaniyə (o, 1989-1997-cu illərdə İranın prezidenti olub və... bizim AMEA-nın fəxri üzvü seçilib) sözümü demək, iradımı bildirmək üçün səbrsizliklə mətbuat konfransını gözləməli olmuşdum. Ona ilk ittihamedici sualı, əlbəttə, mən verməli idim. Lakin sual vermək üçün eyni zamanda əl qaldırdığımızdan, ilk söz o vaxt hələ tanımadığım bir jurnalistə verildi. Türkcə təmiz danışdığına görə başını dibdən təraş etdirmiş həmin ucaboy adamın türk jurnalisti olduğunu düşünmüşdüm. Sən demə, o, sonradan uzun müddət Azərbaycanda ABŞ-ın “Nyu-York Tayms” və “Vaşinqton Post” qəzetlərinin müxbiri kimi yenicə müstəqillik əldə etmiş Azərbaycanın dirçəliş dövrünü işıqlandıran və Qarabağımızın çətin, ağır günlərindən amerikalılara operativ məlumatlar çatdıran Tomas Qolts imiş. Onun sualından sonra ikinci olaraq israrla söz alıb, üzümü birbaşa Rəfsəncaniyə tutub, onun nəyə görə Azərbaycanın qatı düşməni olan Ermənistanın da yeni yaranmış beynəlxalq müsəlman təşkilatına üzv olmasını istədiyini soruşdum. Təbii ki, sualımı doğma dilimizdə - azərbaycanca vermişdim. Hiss etdim ki, Rəfsəncani ilə Mütəllibovda anlaşılmaz bir narahatlıq yaranıb. İran prezidentinin sualıma nə cavab verəcəyini gözlədiyim halda Mütəllibov qayıtdı ki, “buyurun, sualı... rusca verin”. Odlanmadım?!.
Hörmətli prezident, - dedim, - xalqımız ona görə qurbanlar verib, 170 illik rus əsarətindən qurtarıb, müstəqillik əldə edib ki, yenə sözümüzü öz dilimizdə yox, rus dilində deyək? Özü də müsəlman ölkəsində - qonşu İranda? Bunu necə başa düşmək olar?
A.Mütəllibovun cavabı məni daha da heyrətləndirdi və təəssüfləndirdi. O bildirdi ki, burda azərbaycancadan farscaya... birbaşa tərcümə yoxdur. Bunu dilimizə hörmətsizlik kimi qəbul etdiyimdən sakitliklə qarşılaya bilmədim, əsəblərim istər-istəməz tarıma çəkildi və özümdən asılı olmayaraq, gözümü hirslə Ə.Rəfsancaniyə zilləyərək, soruşdum:
- Axı, nəyə görə milyonlarla həmvətənimizin yaşadığı İranda Azərbaycan dilindən farscaya tərcümə təşkil edilməyib? Bu beləmi çətin, mümkünsüz işdir?
Hiss olunurdu ki, A.Mütəllibov da xalqımıza, o cümlədən də dövlət başçısı kimi özünə qarşı olan bu cür saymazlıqdan, biganəlikdən heç də xoşhal deyil, lakin təmkinini saxlayaraq, yenə də sualı rusca verməyi məsləhət bildi.
10 ildən artıq idi ki, rusca nəşr olunan qəzetdə çalışdığımdan azərbaycanca nəzərdə tutduğum sualı əlüstü rusca verməkdə çətinliyim olmasa da, İranın gözlənilməz “sürprizinin” təsirindən əsəbimi cilovlaya bilmirdim. Ancaq gördüm ki, sualım Rəfsəncanini “açmasa da”, Ayaz müəllimin özünü də narahat edən bu mühüm məsələni jurnalistin qabartması onun ürəyindən oldu.
Sualımdan açıq-aşkar narazı qalıb, çıxılmaz vəziyyətə düşən Ə.Rəfsəncani erməni sevgisini gizlətməyə çalışaraq, özünün yersiz, bağışlanılmaz təklifini guya “qonşuluq münasibətləri” xatirinə verdiyini bildirdi. Dilim dinc durmadı: “Hansı qonşuluq xatirinə? Məgər ermənilərin Azərbaycana “qonşuluq münasibəti”, Göyçə və Zəngəzurda, Qarabağda düşmənçiliklə törətdikləri vəhşiliklər, saysız qırğınlar hamıya məlum deyilmi? Azərbaycana dövlət səviyyəsində düşmən kəsilən bir ölkənin İslam təşkilatı olan EKO-ya üzv seçilməsi hansı məntiqə uyğundur?”
Təbii ki, Turqut Özalın bütün türk dünyasının böyük, nüfuzlu lideri kimi iştirak etdiyi tədbirdə Ə.Rəfsəncaninin ikrah doğuran ermənipərəst təklifi nəinki keçmədi, heç diqqətə də alınmadı. Ancaq hələ o vaxt İranın (“İslam” respublikasının!) din qardaşı olan Azərbaycana deyil, aşiq-məşuq olduğu Ermənistana sevgisi bizi Tehranla münasibətdə hər zaman sərvaxt, ayıq olmağa sövq etməli idi. Biz hələ də bu molla ölkəsində cəmi 200 min nəfər olan ermənilər üçün xeyli sayda məktəb, erməni dilində qəzet-jurnal, radio və tevizya verilişləri, teatr və s. olduğu halda sayca onlardan 20 dəfə çox – 40 milyon azərbaycanlı olduğu halda bizim həmvətənlərimiz üçün bir dənə də türk-azəri məktəbi, qəzet-jurnal, teatr və s. yoxdur. İranın son zamanlar vaxtaşırı yerində “qurcuxması” da onun Azərbaycana qarşı heç də və heç zaman xoş niyyətli olmadığını bir daha təsdiq edir.
İki jurnalistin və onların şair dostunun bağışlanılmaz böyük səhvi, A.Mütəllibovun və onun müxalifətçi “rəqibi” Tamerlan Qarayevin gözlənilməz mehribançılığı
İki günlük Eko konfransı başa çatdıqdan sonra bildirildi ki, günortadan sonra bizim nümayəndə heyətinin (digər ökələrin yox, ancaq bizim!) İranın pullarının çap olunduğu zərbxana-sikkəxanasına (“monetni dvor”a) səfərimiz olacaq. Məlum olduğu kimi, o vaxtlar bir çox ölkələrin, o cümlədən Azərbaycanın da öz sikkəxanası yox idi. SSRİ dövründə bütün kağız və metal pullar ancaq Leninqradda (indiki Sankt-Peterburqda) hazırlanırdı. Yalnız 1942-ci idə Moskvada da (müəyyən səbəblər nəzərə alınaraq) sikkəxana fəaliyyətə başlamışdı. Hər iki müəssisədə yalnız pullar deyil, orden və medallar, xatirə suvenirləri və s. də hazırlanırdı. Hər hansı bir zərbxana-sikkəxananı görmək, onun işi ilə tanış olmaq nəinki sıravi, hətta çox yüksək vəzifəli adamlara da nəsib olan iş deyil. Təsadüfi deyil ki, qiymətli kağızların, qızıl və gümüş pulların çap edildiyi sikkəxanalar qapalı müəssisələr hesab edilir və onların hər künc-bucağı xüsusi mühafizəçilər tərəfindən gecə-gündüz çox ciddi şəkildə qorunub, mühafizə olunur.
Nümayəndə heyətimizin üzvlərində də İran zərbxanasına böyük bir maraq olduğundan hamı həvəslə müasir tipli Amerika istehsallı maşınlara oturub, Tehran sikkəxanasına yollandılar. Bizə xidmət edən maşın “kartej”in ən axırında dayanmışdı. Bizdən qabaqda Tamerlan Qarayevin, ondan 5-6 metr irəlidə isə Ayaz Mütəllibovun maşını tərpənməyə hazırlaşırdı ki, birdən Ayaz müəllim maşından düşüb, geriyə qayıtdı. Milli Məclisin özünü daim iqtidara müxalifətçi kimi göstərən sədr müavini Tamerlan da bunu görüb, maşınından düşdü və ona tərəf addımladı. Görüşüb, bir-neçə saniyə nəsə danışaraq, qoşalaşıb mehribanlıqla irəli gedib, ikisi də A.Mütəllibovun maşınına oturaraq, gözdən itməkdə olan maşın karvanının arxasınca naməlum istiqamətdə sikkəxanaya doğru yol aldılar. Biz isə... Planımız başqa idi.
Guya həyatda naşı olmayan biz iki jurnalistə - Araz Qurbanova və mənə, həmçinin şair dostumuz Qardaşxan Əzizə də ömrümüzdə ilk dəfə olaraq sikkəxanada olmaq kimi göydəndüşmə fürsət verildiyi halda düşünmədən “ifrat vətənpərvərlik” edərək, belə bir imkandan istifadə etməkdən vaz keçib, o taylı - bu taylı xalqımızın böyük, mütəfəkkir şairi, fars qaragüruhundan çəkinib-qorxmadan inqilabi çağırışla “Oyan, oyan, Azərbaycan, ya azad ol, ya tamam yan, Azərbaycan!” deyə yana-yana bağıran Məhəmməd Şəhriyarın məqbərəsini, müqəddəs məzarını ziyarət etməyi qərara almışdıq (deyəsən, bu, dostumuz Qardaşxanın təklifi olmuşdu). O böyük arzu-istək həmin anda bizə elə güc gəlmişdi ki, nədənsə bu üç “binəva ziyalı”nın heç birinin ağlına da gəlməmişdi ki, dahi şairimizin məzarı Tehranda deyil, Bakının “beş addımlığında”, İran paytaxtından yüzlərlə kilometr aralıda olan Təbrizdədir. Ora getmək isə 8-9 saatlıq yol qət edərək, Qəzvindən, Rəştdən, Zəncandan, Ərdəbildən keçərək, Azərbaycana qayıtmaq kimi bir şey idi. Səhvimizi nümayəndə heyətimizin bütün maşınları gözdən itəndən sonra başa düşdük. Artıq gec idi. Və yol verdiyimiz səhvə görə bir-birimizə peşmancasına baxaraq, dərin təəssüflə maşına oturub, Tehranın görmədiyimiz, çoxsaylı memarlıq nümunələri ilə heyrət qarışıq maraq doğuran yerlərini gəzməkdən başqa çarəmiz qalmamışdı...
Ayaz Mütəllibov Minskdəki MDB tədbirinə məhəl qoymayıb, buna görəmi özünü tələm-tələsik Tehrana çatdırmışdı?
Maraqlı idi: görəsən, bizə - həm güney, həm də quzey azərbaycanlılarına qarşı həmişə şübhəli davranan, “gözdə-qulaqda” olan İran rəhbərliyi niyə Azərbaycan nümayəndə heyətinə farsın “möhtəşəmliyini”, qədim tarixini əks etdirən muzeyləri, Tehranın memarlıq abidələrini, füsünkar yerlərini yox, birdən-birə, gözlənilmədən məhz “7 qapı arxasında”, gizli saxlanılmalı olan dövlət sikkəxanasını göstərməyi lazım bilmişdi? Konfransda iştirak edən digər türk ölkələrindən heç biri üçün yox, məhz Azərbaycan nümayəndə heyəti üçün belə bir müəmmalı “açıq qapı” təklifi nə ilə bağlı idi?
Bunun əsl səbəbini bizə həmin gün axşam Tehran zərbxanasından qayıtmış ANS-çi həmkarımız, teleoperator Çingiz Mustafayev, AzərTAC-ın məşhur fotomüxbiri, respublikanın Əməkdar jurnalisti, adətən rəsmi və birqayda olaraq ölkə rəhbərliyinin tədbirlərini işıqlandıran Yaşar Xəlilov və digərləri bir “dövlət sirri” olaraq bidirmişdilər. Onların dediklərinə görə o zaman İran tərəfindən A.Mütəllibova Azərbaycanın yeni pullarının Tehran sikkəxanasında çap olunması təklif edilibmiş. Və Ayaz Mütəllibov məhz bu səbəbdən Minskdəki MDB tədbirinə bənd olmayıb, tələm-tələsik Tehrana “uçmuşdu”. Və məhz bu səbəbdən digər ölkələrin yox, yalnız bizim nümayəndə heyətinə İran zərbxanasının imkanlarını göstərmək qərara alınmışdı. Yəni ki, əslində bu, əvvəlcədən planlaşdırılbmış. Bu planı Belorusiyada (o zaman bu cür adlanırdı, Belarus yox) keçirilməli olan MDB ölkələri başçılarının görüşü pozacaqmış. Lakin A.Mütəllibovun təşəbbüsü ilə respublikamızın nümayəndə heyəti “oyundan” məharətlə çıxa bilmiş və Azərbaycan prezidenti özünü EKO konfransına, ən əsası isə İran sikkəxanasına çatdıra bilmişdi.
Biz axşam “Təbriz” mehmanxanasında olarkən və səhərisi gün təyyarə ilə Bakıya qayıdarkən Yaşar Xəlilov və Çingiz Mustafayev onlara (eləcə də bütün nümayəndə heyəti üzvlərinə) sikkəxanada yadigar olaraq bağışlanılmış par-par yanan “10-luq” qızılları göstərib, bizim də “payımızın” İran səfərimizə məsul olan DTK və XİN əməkdaşlarına verildiyini bildirdilər və israrla biz üç nəfərin payına düşən qızılların qaytarılmasını təkid etsələr də, qarşı tərəf belə bir şey olmadığını, yoldaşlarımızın guya zarafat etdiklərini söylədilər. Ancaq cəmi 3 ay əvvəl yaradılmış MDB-yə daxil olan ölkələrin qarşıdakı münasibətlərinin, eləcə də Azərbaycan, Qarabağımız üçün taleyüklü məsələlərin müzakirə olunacağı, A.Mütəllibovun hökmən “dərdlərimizi” bildirməli olduğu həmin görüşdən yayınaraq, EKO-da iştirakına ehtiyac olmadan (axı, Həsən Həsənov nümayəndə heyətimizin tam hüquqlu, məsul rəhbəri kimi öz missiyasını layiqincə yerinə yetirirdi) Tehrana “uçması” deyilənlərin qeyri-ciddi söhbət, zarafat yox, acı bir həqiqət olduğunu açıq-aydın göstərirdi.
Deyilənə görə, sikkəxanada A.Mütəllibova “10-luq” yox, daha dəyərli, ağır çəkili qızıl sikkə də bağışlanmışdı. Ancaq 1992-ci ilin aprel-may aylarında ölkəmizdə ara qarışdığından İranda çap olunması nəzərdə tutulan Azərbaycan pullarının sonrakı taleyi heç kəsi maraqlandırmamışdı.(Bəlkə də, onların çapı üçün İrana külli miqdarda vəsait ödənilməsi də gündəlikdə imiş, lakin həmin dövrdə ara qarışıb, məzhəb itdiyindən bunun fərqinə varan olmamışdı).
Təyyarəmiz Bakıya yol almışdı, hamıda bir narahatçılıq vardı...
Bu narahatçılıq İranın həm bizə - Azərbaycana qarşı açıq-aşkar soyuq münasibəti, həm də Qarabağımızla bağlı idi. Konfransın sonuncu günü ayaqüstü və səhərisi gün təyyarədə ikən sorğu-sual etdiyim Baş nazirimiz Həsən Həsənov, sevimli şairimiz Bəxtiyar Vahabzadə, azadlıq hərəkatımızın liderlərindən olan Etibar Məmmədov və jurnalist həmkarlarımız EKO konfransından Bakıya böyük ümidlərlə dönməli olduqları halda küskün və məyus görünürdülər. Bunu hələ oteldə pilləkənlərlə qalxarkən (yeri olmasa da) mənim suallarıma diqqətlə və ətraflı, sanki içində İran təəssüratları ilə bağlı qaynayıb-coşanları hamıya çatdırmaq üçün daha açıq şəkildə Həsən Həsənov bldirmişdi (bəziləri kimi qətiyyən təkəbbürlülük, bürokratiklik göstərməyib, mənə pilləkənləri qalxaraq cavab verdiyi üçün ona minnətdarlıq bildirmiş, başlıca olaraq onun fikirləri əsasında o zaman “Vışka” qəzetinin iki səhifəsində geniş material vermişdim).
Bakıda təyyarənin trapından enərkən...
Qərara gəlmişdim ki, necə olsa da, A.Mütəllibova münasibətimdən asılı olmayaraq, dövlət başçısı kimi onun da EKO konfransı ilə bağlı fikirlərini öyrənim. Ona görə də təyyarəmiz Bakı aeroportuna enən kimi, içində dəftər-kağızdan, yol qeydlərimdən başqa bir şey olmyayan “diplomat”ımı tələm-tələsik dostum Qardaşxana verib, A.Mütəllibovdan sonra heç kəsi irəli buraxmaq istəməyərək, cəld addımlarla pilləkənlərlə onun arxasınca düşüb, intervü götürmək istəsəm də, trapın aşağısında AzTV-nin aparıcı telejurnalisti Tofiq Abbasovun öz çəkiliş qrupu ilə prezdentdən operativ müsahibə götürməyə hazır vəziyyətdə dayandıqlarını görüb, ayaq saxladım. Televiziya müsahibəsi yekunlaşan kimi yanında heç bir mühafizəcinin olmadığı A.Mütəllibovun arxasınca düşüb, salamlaşaraq, özümü təqdim etdim. Ətrafdakı səs-küy içərisində “hansı qəzetin?”- deyə təkrar soruşdu. “Vışka” qəzetinin adını eşidib, sadəlik və alicənablıqla “hə, buyurun, eşidirəm”, - dedi.
Onun haqqında deyilənlərin və fikirləşdiyimin əksinə olaraq məni səfər boyu narahat edən, düşündürən üç sualıma o zamankı deputat zalına qədər (prezident o vaxt ancaq deputat zalından keçib-gəlirdi, onun üçün xüsusi zal hələ yox idi) olan piyada yolu boyu təmkinlə, ətraflı cavab verməyə çalışdı. Müsahibəyə görə ona təşəkkür edib, təzəcə ayrılmışdım ki, bayaqdan onunla mənim söhbətimi bir qədər aralıdan müşahidə edən bir nəfərin yaxınlaşaraq, “siz hansı qəzetdənsiniz?” soruşduğunu eşitdim.
Diqətlə baxıb, tanıdım. O, mətbuat işçilərinin sorğularına, görüşmək istəklərinə həmişə diqqətlə, jurnalistərə qayğı ilə, hörmətlə yanaşan, Osman Mirzəyevdən sonra Prezident Aparatının Mətbuat xidmətinin yeni təyin olunmuş rəhbəri, mətbuat işçilərini saymayaraq, özünü Ramiz Mehdiyev kimi təkəbbürlü aparan Rasim Ağayev idi. Təşəxxüslə “prezidentdən müsahibə götürmək üçün gərək əvvəlcə mənim razılığımı alaydınız. Mən elə bildim ki, siz xarici müxbirsiniz, ona görə mane olmadım”, - dedi.
Prezidentin Mətbuat xidməti rəhbəri kimi ondan narazılığımı gizlətmədən dedim ki, “mən sizdən heç vaxt nəyə görəsə razılıq almaq fikrində deyiləm. Osman müəllimin vaxtında biz jurnalistlər istənilən vaxt ona zəng edir, görüşə bilirdik. Ancaq üçüncü aydır ki, siz Mətbuat xidməti rəhbəri kimi jurnalistlərlə heç bir əlaqə qurmamısınız”. Bunu deyib ondan ayrıldım. O isə tələsik deputat zalına qaçdı. A.Mütəllibov ora daxil olanda televizorda bir-gün əvvəlki Qaradağlı faciəsini göstərirdilər. Rasim Ağayev cəld televizorun qarşısını elə kəsdi ki, prezident o dəhşətli kadrları görməsin, əhvalı pozulmasın (“medvejya usluqa” buna deyirlər).
Mən deputat zalında dayanıb, Qardaşxan dostumun “diplomat”ımı gətirməsini gözləyirdim ki, prezidenti deputat otağına ötürən Rasim Ağayev mənə yaxınlaşıb, guya jurnalistlərə qarşı diqqətli olduğunu göstərməyə çalışaraq dedi ki, “bax, mənə irad tutursunuz, ancaq mən prezdentlə görüşə gəlmiş, onu deputat otağında gözləyən Beynəlxalq Valyuta Fondunun prezidentindən müsahibə götürməyə sizin üçün icazə almışam.” Cavab verdim ki, axı, mən bunu sizdən xahiş etməmişəm, ehtiyac yoxdur.
- Yox, yaxşı deyil, axı mən Ayaz müəllimdən də, Fondun prezidentindən də xüsusi olaraq icazə almışam. Onlar sizi gözləyir, məni çıxılmaz vəziyyətdə qoymayın.
Belə bir məsuliyyətli görüşə, Azərbaycan üçün çox ciddi, mühüm bir analitik yanaşma tələb edən bir müsahibə götürməyə hazır olmasam da, ölkəmizin o vaxtkı dövrü, Falyuta Fondu ilə bağlı onun prezidentinə fikrən ekspromt suallar verməli oldum. Hiss edirdim ki, suallarımın qoyuluşu biraz əvvəl müsahibə götürdüyüm, mənə diqqətlə, maraqla baxan Ayaz Mütəllibovun ürəyincə idi...
Deyəsən, o, Tehranda - EKO konfransında İran (viran!) prezidenti Ə.Rəfsəncaniyə əsəbi halda kəskin sual verən, bir qədər əvvəl isə təyyarədən enərkən ondan müsahibə götürən jurnalisti tanıya bilmişdi...
Rəhman ORXAN.
Respublikanın Əməkdar jurnalisti,
1979-1992-ci illərdə "Vışka" qəzetinin müxbiri.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.