Onun da dağ çayı kimi ahəngi, nizamı pozulmaz duru, saf, çoşğun təbiəti vardı. Çox ünsiyyətcil, səmimi, son tikəsini nəinki dostla, qarşısına çıxan hər kəslə bölməyə hazır olan, əsl bəy nəslinə xas qürurunu, əzəmətini uca tutan dəyərli şəxsiyyət idi...
Dostum Saleh Salahzadə haqqında keçmiş zamanda danışmaq, yazmaq mənə dağdan da ağır gəlir. Ötən payız Əhmədli xəstəxanasında ona baş çəkəndə xəstəliyin ağrılarına, əzablarına baxmayaraq yerindən dikəldi, çöhrəsinə işıq, nur gəldi... Xeyli söhbət etdik. Onun bir neçə aydan sonra tamam olacaq 70 yaşını Şuşada, Laçında qeyd edəcəyimizi bir-birimizə söz verdik. Keçmiş xatirələr çözələndi. 52 il əvvəlki ilk görüşümüzdən söz açdıq...
...Hər ikimiz Ağdam şəhərində qonşu orta məktəblərin son sinfində oxuyurduq. Bir dəfə dərs vaxtı kimsə müəllimdən mənim dəhlizə çıxmağım üçün icazə aldı. Xeyli təəccübləndim. Məni gözləyən 16-17 yaşlı gülərüz, hündürboy, şümal oğlanı ilk dəfə gördüyüm üçün təbii ki, tanımadım. O da özünü təqdim etməyə tələsmədi. Məktəbin həyətinə endik, o bir daha əlini uzadaraq Saleh Laçınlıyam dedi. 8 nömrəli məktəbin 10-cu sinfində oxuduğunu bildirdi. Saleh Laçınlı imzası ilə onun rayon qəzetində çıxan yazılarını, şeirlərini oxumuşdum. Deyəsən o da mənim rayon radiosunda çıxışımı dinləmişdi. Söhbətin şirinliyi bizə zamanı unutdurub Sarıhacılıya qədər aparmışdı. Qarşıdakı evin onlara, qonşu evin isə sevimli müğənnimiz Arif Babayevə məxsus olduğunu bildirdi. Salehin bir saat əvvəl tanış olduğu dostunu anası Məhbubə xanım çox mehribanlıqla qarşıladı...
Sonrakı illər Saleh mənə Laçının Zavod kəndindən məktublar yazır, evlərinə qonaq dəvət edirdi. 50 il bundan əvvəl arxivimdə saxladığım bir məktubunda yazırdı ki, kəndimizin hər yeri meşəlik, gül-çiçək, göy çəmən, evlərin qabağından qızıl balığı olan böyük bir çay axır... Dağ çayı...
O vaxt avqustun 25-26-da Salehin ad günündə onun Laçında qonağı oldum, atası Tağı kişini, qardaşlarını daha yaxından tanıdım. Tağı kişi həm söhbətcil insan, həm də xalq təcrübəsini mənimsəmiş bağban idi. O öz həyətində bir ağacın gövdəsinə bir neçə meyvə budağını calaq edib barını-bəhrəsini imkansızlara hədiyyə etməkdən zövq alırdı. O günlər tanımadığım doğmaların arasında özümü çox şən hissi edirdim. O vaxt hər ikimizin ən xoşbəxt günləri idi…
O şeirlər yazırdı, incəsənəti çox sevirdi. İncəsənət İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdi. Kinoya böyük həvəsi vardı. Gənclik illərində Sovetlər Birliyi ilə Macarıstan kinematoqrafçılarının birgə çəkdiyi “Ləqəbi Lukaçdır” filmində generalın yavəri rolunu çox gözəl ifa etmişdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü idi. Mədəniyyət mövzusunda pulisistik yazıları nüfuzlu dövri mətbuat orqanlarında yayımlanırdı. Gənclik illərində, köntöy tirli-tavanlı kənd evində qələmə aldığı bir şeirdə yazırdı:
“Dağ çayı.
Şair tək bir coşğun təbiətin var,
Ahəngi pozulmaz bir şeir kimi...
Nəğməyə çevrilib axıb gedirsən...”
Əziz dostum, səmimi insan, həmişə “Bəy nəvəsi” – deyə müraciət etdiyim (Laçınlı Soltan Bəy nəslinin yadigarı idi - A.R.) Saleh Salahzadə dağ çayı kimi nəğməyə çevrilib axıb getdi... Bizləri, sevdiyi vətəni, təbiəti 70 yaşın astanasında əbədi tərk etdi. Məkanı cənnət olsun!
Bakı, 07.03.2023
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.