Masallı əsilli, eyni vaxtda Azərbaycan SSR-nin Respublika Prokuroru və Ədliyyə naziri, Xalq Təsərrüfatı Şurasının sədri olmuş, yazıçı, dramaturq, jurnalist, 40 yaşında qətlə yetirilmiş ictimai-siyasi xadim kimdir?
Böyükağa Mir Qasım oğlu Talıblının (1897 - 1937) həyat yolundan maraqlı məqamlar.
Cenub.az “Unudulmaz unudulmuşlar” silsiləsindən jurnalist-araşdırmaçı Xodaşirin Cəbiyevin daha bir yazısını təqdim edirik. Yəqin ki, yazının başlığından və yarımbaşlığından bilindiyi kimi yazı olduqca maraqlı həyat yolu olan, Böyükağa Talıblıdan gedir. X. Cəbiyev bu sahədə gərgin, böyük zəhmət tələb edən araşdırmalar aparıb. Yazının 1-ci hissəsini sizə təqdim edirik.
(1-ci hissə)
Əhməd Cavadı və Səməd Mənsuru himayə etdiyinə görə qətlə yetirilib.
Atası Mir Qasım Salyanda qaçırdığı qıza görə təqib olunub.
Ölkənin ilk prokurorlarından və ədliyyə nazirlərindən biri olub.
N. Nərimanov və Q. Musabəyovun sədrlik etdikləri hökümətdə Xalq Təsərrüfatı Şurasının sədri vəzifəsini daşıyıb.
Azərbaycan Ədəbiyyat (Yazıçılar) Cəmiyyətinin (İttifaqının) sədri vəzifəsində çalışıb. Nasir, şair, dramatur və jurnalist kimi fəaliyyət göstərib.
Tanınmış rus yazıçısı, dramaturqu, həkimi Anton Pavloviç Çexovun qardaşı qızı Natalya ilə ailə həyatı qurub.
- Tərcüməçi, poliqlot (talış, azərbaycan, rus, fransız, gürcü dillərini bilib) olub.
- Özünü və həyat yoldaşını həbs ediblər, yeganə qız övladını “Kimsəsizlər evinə” təhvil verdilər.
- Ona güllələnmə hökmü oxunsa da, amma güllələnməyib, ağır işgəncələrlə öldürülüb.
- XX əsrin 30-cu illərində hekayələri ana dili dərsliklərinə salınıb.
- Əzizabad əsilli olsa da, Masallıda yada düşmür və xatırlanmır.
- 2022-ci ildə anadan olmasının 125-ci ildönümü Masallıda qeyd edilmədi. Baxmayaraq ki, həmin ilin sentyabr və dekabr aylarında Xodaşirin Cəbiyev Facebook internet saytında statuslar yazdı, haray qopartdı.
Böyükağa Talıblı “nə dərəcədə” masallılıdır?
Böyükağa Talıblının atası Mir Qasım bəy Lənkəran qəzasının Əzizabad kəndində (Hazırda Masallı rayonunun Qodman inzibati ərazi dairəsinin Əzizabad kəndi) anadan olmuş, Lənkəranda hesabdarlıq təhsili aldıqdan sonra işləmək üçün Salyana gedib. Salyanda dəmirçilik sexində (əmisi oğlu, əzizabadlı Fikrət Talıbovun dediyinə görə bir varlı hacının hesabdarı olub - red.) çalışdığı üçün orada yaşayıb.
Mir Qasımım qaçırdığı qız və təqib olunması
Mir Qasım bəy Salyanda çalışdığı müddətdə, tanınmış nəslindən bir qızı qaçırdığına görə bir müddət öz qayın-qudaları tərəfindən təqib olunub, hətta onu öldürmək istəyiblər. Oğlu Böyükağa dünyaya gələndən sonra münaqişə və qisasçılıq hissi səngiyib. Onun Cəlil adlı bir qardaşı da olub. Məlum hadisələrlə əlaqədar olaraq Böyükağa Talıblının doğum yeri yazılı mənbələrdə doğru olaraq Salyan şəhəri göstərilir. Əslində isə onun ata nəsli indiki Qodman inzibati ərazi dairisinə tabe olan Əzizabad kəndindəndir.
İnqilab fırtınasının fədaisi - ömür yolu, əmək və inqilabi fəaliyyəti
Böyükağa Mir Qasım oğlu Talıblı 21 mart 1897-ci ildə Salyan şəhərində qulluqçu ailəsində doğulmuşdur. Atası Mirqasım Talıblı Lənkəran qəzasının Əzizabad kəndində (indiki Masallı rayonunun Qodman i.ə.d.-nin Əzizabad k.) doğulmuş, xidməti işi ilə əlaqədar olaraq əvvəl Lənkəranda, sonra isə Salyanda yaşamışdır. B. Talıblı 3 il Salyan şəhər məktəbində oxuduqdan sonra rus ibtidai məktəbinə keçmiş, 1909-cu ildə həmin məktəbi bitirərək Bakı realnı məktəbinə qəbul edilmişdir. 1915-ci ildə Bakı realnı məktəbini bitirdikdən sonra isə 1916-cı ildə Salyandakı realnı məktəbə müəllim təyin edilmişdir.
Petroqrada ali təhsil almaq üçün səfər və...
1917-ci ildə ali təhsil almaq məqsədilə Petroqrad Texnologiya İnstitutuna daxil olmuşdur. Lakin maddi çətinliklər ucbatından təhsilini davam etdirə bilməmisdir. Həmin dövrdən etibarən o, inqilabi-siyasi fəaliyyətə başlayır. İlk əvvəllər Petroqrad Vilayət Komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində işləyir.
1917-ci il 25 oktyabr (7 noyabr) inqilabından sonra azərbaycan dilində çıxan “Hürriyyət” qəzetinin redaktəsində yaxından köməklik göstərir. Bir müddətdən sonra o, Moskvaya qayıdır və 1918-ci ildə ÜRK (b) P-nın sıralarına daxil olur.
1915/20-ci illərdə partiyanın tapşırığı ilə görkəmli ictimai xadim S. M. Əfəndiyev ilə birlikdə Krım cəbhəsində Vrangelin başçılıq etdiyi əksinqilabi qüvvələrə qarşı döyüşlərdə iştirak edir, hərbi hissələrdə əsgərlər arasında siyasi tərbiyə işləri aparır, “Melitopolskiye izvestiya” qəzeti ilə əməkdaşlıq edir.
Böyükağa Talıblı yenidən Bakıda - komissar müavini və Kənd Təsərrüfatı Şurasının sədri
1920-ci ildə B. Talıblı Sovet Azərbaycanına göndərilərək Fəhlə-Kəndli Müfəttişliyi komissarının müavini, sonra isə Xalq Təsərrüfatı Şurasının sədri vəzifəsinə təyin edilir.
1921-ci ildə o, Azərbaycan K(b)P Bakı Komitəsinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının üzvü seçilmişdir. Həmin dövrdə eyni zamanda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur.
O, 1921-ci il mart ayının 30-dan 1921-ci il aprel ayının 15-dək “Kommunist” qəzetinin ikinci rəsmi redaktoru olmuşdur.
21 may 1921-ci il tarixdə “sovetlərin” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin plenumunun 1-ci sessiyasında B. Talıblı Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri vəzifəsinə seçilmişdir.
Komissar
1922-ci ildə B. Talıblı Zaqafqaziya Qoşma Sovet Sosialist Respublikaları Fəhlə-Kəndli Müfəttişliyi komissarı vəzifəsinə təyin edilmişdir. Sonralar:
Azərbaycan SSR Xalq Ədliyyə Komissarı,
Mərkəzi Statistika İdarəsinin rəisi,
Sovet Quruluşu və Hüquq İnstitutunun direktoru,
Respublika prokuroru (1926-1930, 1931-1932),
Bakı Plan İdarəsinin sədr müavini və sədri kimi mühüm məsul dövlət vəzifələrində çalışmışdır.
1932/33-cü illərdə Moskvada “Qızıl professura” Ali Partiya Məktəbində təhsil almışdır.
O, müxtəlif illərdə Azərbaycan Ədəbiyyat Cəmiyyətinin sədri, Azərbaycan Dövlət Universitetində müəllim vəzifələrində işləmişdir.
Ölüm hökmü
12 oktyabr 1937-cu ildə B. Talıblıbarəsində güllələnmə hokmü çıxarılsa da, ağır repressiyaya məruz qalaraq qətlə yetirilmişdir. O, 1937-ci ilin repressiya qurbanlarından biridir. 1938-ci ildə Bakıda cəza tədbirləri (o dövrün amansız cəza metodları ilə şəxsi fiziki cəhətdən aradan götürmək - X. C. C.) dövründə həlak olub.
Böyükağa Talıblının həyatını kimlər araşdırıb?
B. Talıblının həyatı ilə bağlı Əməkdar jurnalist Qərənfil Dünyaminqızının tədqiqatlarında maraqlı faktlara rast gəlirik (“Kaspi” - gündəlik ictimai-siyasi qəzet. “Sovetlərin söndürdüyü ziyalı ocağı” məqaləsi):
“Böyükağa Talıblı 1897-ci ildə Salyanda, Mirqasım kişinin ailəsində dünyaya göz acıb. Əslən Masallıdan olan Mirqasım kişi zəmanəsinin savadlı, mədəni və mütərəqqi fikirli şəxslərindən biri idi. İbtidai təhsilini kənd mədrəsəsində aldıqdan sonra Lənkəranda rus-tatar məktəbində oxumuş və rus dilini yaxşı öyrənmişdir. Məktəbi bitirərək Salyana gəlir və taleyini ömürlük ora ilə bağlayır. 1893-cü ildə Salyanda Badam adlı bir qızla evlənir. Üç oğul, üç qız atası olan Mirqasım, çətinliklə də olsa, övladlarının təhsilə yiyələnməsinə nail olmuşdur. Böyükağa da bacı və qardaşları kimi ilk təhsilini kənd mədrəsəsində alır. 1906-cı ildə atası onu Salyandakı rus-tatar məktəbinə qoyur. 1909-cü ildə o, həmin məktəbi bitirir və qardaşı Cəlillə birlikdə Bakıya gələrək realnı məktəbinə daxil olur. O zaman Böyükağanın 12 yaşı var idi. İlk dəfə gördüyü şəhər həyatı onun üçün maraqlı olduğu qədər, həm də çətin idi. Qərib şəhərdə bu çətinliyi ona unutduran, müəllimləri Abdulla Şaiq və onun qardaşı Axund Yusif Talıbzadə olmuşdur. Onların xoş rəftarı, səmimiyyəti, qayğıkeşliyi Böyükağanı daha çox sözə, ədəbiyyata, mətbuata meyilləndirir.
“Yaxşı məsləhət hər şeydən yaxşıdır”
Bu haqda illər sonra Böyükağanın tələbə yoldaşlarından biri yazırdı: "Böyükağa hələ III sinifdə oxuyurdu. O, "Yaxşı məsləhət hər şeydən yaxşıdır” adlı ilk əsərini Abdulla Şaiqə oxuyarkən, müəllimimiz onu çox bəyəndi və çap olunmasını məsləhət gördü. Sonra da A. Şaiqin köməkliyi ilə həmin əsər Orucov qardaşlarının mətbəəsində çap olundu”.
Böyükağa Talıblı mətbuata da A. Şaiqin köməkliyi ilə gəlir. İlk olaraq "Məktəb” və "Açıq söz” mətbu orqanları ilə əməkdaşlıq edən B. Talıblının jurnalistlik fəaliyyətini illər sonra tədqiqatçılar şərti olaraq iki dövrə bölürlər:
birincisi, 1913-cü ildən 1920-ci ilə qədər,
ikincisi isə 1920-ci ildən 1937-ci ilə qədər olan dövr.
1916-cı ildə Bakı realnı məktəbini bitirən Böyükağa, təhsilini davam etdirmək arzusunda olsa da, maddi çətinliklər onun qarşısını kəsir. O, Salyana qayıdır və yeni açılan realnı məktəbdə müəllimlik etməyə başlayır. Bir il sonra daha yüksək təhsilə yiyələnmək üçün Petroqrada gedir. 27 iyun 1917-ci ildə 1-ci Nikolay adına Petroqrad Texnoloji İnstitutunda qəbul imtahanlarını müvəffəqiyyətlə verib, mexanika şöbəsinə daxil olur. Bu zaman maddi çətinliklərlə üz-üzə qalan Böyükağa, əvvəl çörəkxanada işləyir, sonra isə Çingiz İldırımın köməkliyi ilə Petroqrad Şimal Vilayət Millətlər Komissarlığı müsəlman şöbəsinin orqanı olan "Hürriyyət” qəzetində işləməyə başlayır. Hətta az vaxtdan sonra onu qəzetə redaktor təyin edirlər.
B. Talıblının siyasi fəaliyyəti də elə bu qəzetdən başlanır və o, 1918-ci ildə RK (b) P-nın sıralarına daxil olur. Bununla da həmin illərdə B. Talıblının pedaqoji və publisistik fəaliyyəti qismən arxa plana keçir, o, daha çox siyasi işlərlə məşğul olur.
Böyükağa Talıblı jurnalist kimi
1920-ci ilin mayında RK (b)P MK-nın qərarı ilə B. Talıblı Azərbaycana ezam edilir. Azərbaycanda siyasi fəaliyyətini əsasən mətbuatda davam etdirən B. Talıblı "Zəhmətkeşlər gözü” (1920), "Azərbaycan füqərası” (1920) və "Kommunist” (1921) mətbu orqanlarına qısa müddət ərzində redaktorluq da edir.
1923-cü ildə partiyanın tapşırığına əsasən Tiflisə gedir, Azərbaycanın iqtisadi müvəkkili vəzifəsində və Zaqafqaziya Ölkə Komitəsi yanında yaranmış türk nəşriyyatında çalışır. "Yeni fikir” qəzetini redaktə etməklə yanaşı, "Zarya vostoka” qəzetində publisistik məqalələrlə çıxış edir.
1924-cü ilin sonlarında (bəzi mənbələrdə 1926-cı ildə - X. C. C.) Azərbaycan MİK tərəfindən Bakıya çağırılan B. Talıblı AK (b) P MK-nın qərarı ilə Azərbaycan SSR Ədliyyə naziri və respublika prokuroru vəzifələrinə təyin edilir.
O, ədliyyə naziri vəzifəsindən niyə imtina etdi?
Çox maraqlıdır ki, belə gənc yaşlarında yüksək vəzifələrdə olmasına baxmayaraq, B. Talıblı ədəbiyyata, mətbuata olan marağını nəzərə alaraq, həmin vəzifələrdən imtina edir (bu gün üçün heç də inandırıcı olmasa da, amma faktdır). Azərbaycan MİK-in 23 oktyabr 1926-cı il tarixli qərarında deyilirdi: “B. M. Talıblının ərizəsi və xahişi nəzərə alınaraq, Azərbaycan SSR ədliyyə naziri və respublika prokuroru vəzifələrindən azad edilsin”.
Əslinə qalsa, o, qarşıdan gələn fırtınanın (repressiyanın) dəhşətlərini görüb, siyasi meydandan sakitcə kənarlaşmaq istəyirdi.
Qeyd: (müəllif)
Q. Dünyaminqızının apardığı tədqiqatlardan belə nəticəyə gəlmək olar ki, B. Talıblı eyni zamanda həm Azərbaycan SSR respublika prokuroru və həm də Ədliyyə naziri vəzifələrini daşımışdır.
Böyükağa Talıblı Musarza Mirzəyevin araşdırmalarında
B. Talıblının həyat fəaliyyəti, ailə həyatı, faciəli şəkildə öldürülməsinin tarixi ilə bağlı bəzi mənbələrdə bir sıra tədqiqtçılar tərəfindən müxtəlif fikirlər söylənilir. Araşdırma zamanı diqqəti cəlb edən bir neçə məlumata da rast gəldik. Beləki, rayonumuzun Mahmudavar kəndində yaşayan tarixçi-etnoqraf, yazıçı-publisist Musarza Mirzəyev XX əsrin 90-cı illərində Böyükağa Talıblı və onun əmisi oğlu Qənbər Talıblı haqqında Masallı rayonunda çıxan “Çağırış” qəzetində iki məqalə ilə çıxış etmişdir. Həmin araşdırma yazılarında müəllif B. Talıblı ilə bağlı bir sıra qaranlıq məsələlərə aydınlıq gətirməyə çalışmışdır:
- “…Petroqradda B. Talıblı inqilabi hərəkata qoşulur. Q. Karqanov, Ç. İldırım, T. Şahbazi ilə burada tanış olur və Böyük Oktyabr Sosialist İnqilabında iştirak edir…
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra B. Talıblı Bakıya qayıdır, partiya və dövlət vəzifələrində çalışır. O, Əzizabad kəndinə (ata-baba yurdu - X. C. C.) tez-tez gəlir, qohumlarına da baş çəkirdi. B. Talıblının əmisi oğlu, kənd təsərrüfatı elmləri namizədi Qənbər Talıblı məqalələrinin birində bu barədə yazir:
Böyükağa Talıblı dogma kəndə gəlişi və 2 kotan hədiyyiyəsi
“Hələ 1917-1919-cu illərdə o, (B. Talıblı - M. M. ) Əzizabad kəndinə gələr, bizə qırmızı cildli kitabçalar bağışlayardı… Kəndimizə iki polad kotanın gətirilməsi də onun işi idi” (“Sovet kəndi” qəzeti 1 fevral 1990-cı il).
1921- ci ilin iyul ayında N. Nərimanovla birlikdə B. Talıblı da
Masallıya gəlmiş, zəhmətkeşlərlə görüşüb söhbət etmişdi...
B. Talıblının həyat yoldaşı Natalya Mixaylovna rus yazıçısı A. P. Çexovun qardaşı qızı idi.
O, (B. Talıblı - X. C. C. ) şərq dillərini mükəmməl öyrənərək fransız, rus və gürcü dillərindən tərcümələr etmişdir. Onun həyat yoldaşı Natalya Mixaylovna rus yazıçısı A. P. Çexovun qardaşı qızı idi.
Xoşxasiyyət, qayğıkeş bir insan olan B. Talıblı ömrünün ən xoş çağında, yaradıcılığının çiçəkləndiyi bir vaxtda amansız repressiyanın qurbanı olmuşdur.
B. Talıblının həyat və fəaliyyəti ilə bağlı rast gəldiyimiz qısa bioqrafik məlumatlar və oçerklərdə onun ölüm tarixi səhvən 1939-cu il göstərilmişdir. Bu da arxivlərin uzun müddət bağlı saxlanılması ilə əlaqədardır. Lakin son arxiv sənədlərindən məlum olur ki, Böyükağa Mirqasım oğlu Talıblı “milli təmayülçü” kimi 12 oktyabr 1937-ci ildə güllələnmişdir...”. (“Çağırış” qəzeti - 12.02.1990-cı il. “Böyükağa Mirqasım oğlu Talıblı - 30-cu illərin qurbanları”).
Böyükağa Talıblının həmkəndlisi Qənbər Əjdər oğlu Talıblının həyatında rolu
“Qənbər Əjdər oğlu Talıblı 1905-ci ildə rayonumuzun Əzizabad kəndində yoxsul bir ailədə anadan olmuşdur. Uşaqlıqda atasına təsərrüfat işlərində kömək etmiş, erkən yaşlarından zəhmətə qatlaşmışdır. Bununla yanaşı Qənbər, dini təhsil almaq məqsədilə qonşu Sığdaş və Qodman kəndlərinə gedər, Molla Məlik və Molla Almasdan dərs alar, “Quran” oxumağı öyrənərdi. 1921-ci ilin iyul ayında N. Nərimanovla birlikdə əmisi oğlu Böyükağa Talıblının Masallıya gəlişi onun həyatında silinməz izlər buraxdı, taleyini başqa səmtə yönəltdi. Bu haqda özü (Q. Talıblı - X. C. C.) belə xatırlayır:
“1921-ci ilin iyul ayı həmişəlik yaddaşıma həkk olunub. Masallı qəsəbəsinin yaxınlığında çəltik zəmisini suvarırdım, axşama yaxın su kəsildi. Gecəni çöldə qaldım ki, səhər tezdən işimi qurtarım. Sabahısı gün heç gözləmədiyim halda atam yanıma gəlib dedi: “Bakıdan Nəriman Nərimanov və Böyükağa Talıblı gəlib, sabah qayıdırlar. Talıblı səni Bakıya aparmaq istəyir, orada oxuyacaqsan…”.
Qənbər Talıblı Bakıda açılmış “fəhlə fakültələri” adlanan kursda təhsil alır, kəndə qayıdaraq Bərcan kənd sovetinin (Yardımlı rayonunda inzibati ərazi vahidi) katibi, “Kommunust” qəzetinin kənd müxbiri vəzifələrində işləyir. 1928-ci ildə Q. Talıblı Azərbaycan Dövlət Politexnik İnstitutun kənd təsərrüfatı fakültəsinə daxil olur. İctimai işlərdə fəallığına görə 1931-ci ildə partiya sıralarına qəbul olunur. (Ona partiyaya keçmək üçün zəmanəti görkəmli partiya və dövlət xadimləri Dadaş Bünyadzadə və Seyidcəfər Yaqubov vermişlər.)
Q. Talıblı SSRİ XTNS -nin (Xalq Təsəsrrüfatı Nailiyyətləri Sərgisi - X. C. C.) kənd təsərrüfatı aspiranturasına göndərilir. Moskvada təhsil alarkən görkəmli alimlərdən N. Kaçinski, V. Dikuskar, D. Drujininin rəhbəliyi ilə elmi tədqiqat işlərinə başlayır, maraqlı təcrübələr aparır. 1948-ci ildə Odessa şəhərində “Çay bitkisinin gübrələnməsi və aqromexanikası” mövzusunda dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi - alimlik dərəcəsini almışdır…”. (“Çağırış” qəzeti 27.09.1990-cı il. “Narahat ürək - Masallıdan olanlar”.)
Qeyd: (müəllif)
Musarza Mirzəyevin bildirdiyinə görə o, Q. Talıblı ilə söhbətləri zamanı B. Talıblının həyat yoldaşının kimliyi ilə də maraqlanmışdır. Q. Talblı Natalya Mixaylovnanın rus yazıçısı A. P. Çexovun qardaşı qızı olması faktını təsdiq etmişdir. Hesab etmək olar ki, B. Talıblının həyat yoldaşının kimliyi barədə ən səhih məlumat elə budur.
Yazıçı Baxış Babayev 05 mart 2010-cu ildə “Bakinskiy raboçiy” qəzetində (səh. 4) B. Talıblının həyatı ilə bağlı rus dilində “Rodstvennıye svyazi s Azerbaydjanom” (Azərbaycanla qohumluq əlaqələri) adlı publisistik araşdırma yazısını dərc etdirmişdir. Oxucular üçün maraq doğuracağını nəzərə alaraq həmin məqalənin bəzi məqamlarını diqqətə çatdırırıq:
1-ci hissənin sonu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.