ASİF RÜSTƏMLİ:
DÜRÜSTLÜK VƏ ALİCƏNABLIQ NÜMUNƏSİ
(Elmlər doktoru Baba Babayev haqqında vida sözü)
İyun ayının 6-sı, saat 16 idi. AMEA-nın Əsas binasının önündəki parkda Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Xalq yazıçısı Anar ilə görüş keçirilirdi. Tədbirin aparıcısı, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Anarın həyat və yaradıcılığının başlıca xüsusiyyətləri haqqında geniş və məzmunlu giriş nitqi söylədi. Havanın küləkli olmasına baxmayaraq həmkarım, şöbəmizin baş elmi işçisi, filologiya elmləri doktoru Baba Babayevlə tədbirin sonunadək çıxışçıları diqqətlə izlədik. Anar müəllimin təşəkkür nitqindən sonra ənənəvi şəkilçəkdirmə mərasimi başladı. Şəkil – anın dondurulmuş görüntüsü, əhval-ruhiyyənin təkrarı mümkün olmayan daşlaşmış, yaddaşlaşmış abidəsidir.
Baba müəllim qayğılı-qayğılı mənə üz tutub qəfil soruşdu – Bu şəkilləri kimdən alacağıq? Doğrusu fotoqrafların arasında tanıdığım şəxsə rast gəlmədiyim üçün – heç kimdən - deyə cavab verdim. Nigaran baxışlarında düyünlənmiş suallar sözə çevrilmədən elə bil küləkli, boz havadan asılı qaldı... Bu fotonun Baba müəllimin həyatda sonuncu şəkli olacağını öncədən duymaq əlbəttə müşkül və mümkünsüz məsələ idi...
Baba Babayevi ötən əsrin 80-ci illərindən tanıyırdım. İkimiz də Ədəbiyyat İnstitutunda eyni şöbənin dissertantları olmuşuq. Doktorluq işini də təxminən eyni dövrdə başa çatdırmışıq.
Baba müəllim tanınmış pedaqoq, fədakar tədqiqatçı-alim idi. “Qabaqcıl maarif xadimi”, “Qabaqcıl təhsil işçisi” fəxri adlarına layiq görülmüşdür.
O XIX-XX yüzil Azərbaycan ədəbiyyatının fəal, cəfakeş araşdırıcılarından idi. Tədqiqatlarında Mirzə Fətəli Axundzadə, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Nəriman Nərimanov, Tağı Şahbazi, Böyükağa Talıblı, Sultan Məcid Qənizadə və b. görkəmli yazıçı və dramaturqların həyat və yaradıcılığı, sənətkarlıq məsələləri geniş əksini tapmışdır.
Son illər Baba Babayev Həsən bəy Zərdabinin həyat və yaradıcılığı üzərində yorulmaq bilmədən çalışır, ciddi araşdırmalar aparırdı. Dəfələrlə Ədəbiyyat İnstitutunun dəhlizində Həsən bəy Zərdabinin ömür yolunun fərqli məqamları ilə əlaqədar fikir mübadiləsində bulunmuşuq. Mövzu ilə bağlı bəzi arxiv sənədlərinin surətini ondan əsirgəməmişəm...
Bu gün səhər Baba müəllimin dünyasını dəyişməsi xəbəri onu tanıyanları möhkəm sarsıtdı. İş masasının üstündə mətbəədən yenicə çıxmış “Həsən bəy Zərdabinin həyat və yaradıcılığı” adlı kitabının “siqnal nüsxəsi” və monoqrafiyanın arasında əl yazısı ilə uzun bir siyahı gözümə dəydi. Müəllif yenicə nəşr edilmiş əsərini nəzərdə tutduğu ziyalılara hədiyyə etməyə vaxt tapa bilməmiş ... əcəl onu haqlamışdır. Kitabı “icazəsiz” əlimə alıb səhifələri sürətlə nəzərdən keçirdim. Monoqrafiyanın 68-71-ci səhifələrində Həsən bəy Zərdabi ilə bağlı söhbətlərimiz və mənim ona təqdim etdiyim sənədlər öz əksini tapmışdır. Baba müəllim mənə bu barədə heç nə deməsə də, fakt özü onun halallığının, dürüstlüyünün, alicənablığının təsdiqi kimi boy göstərir.
Dünya halallığın, dürüstlüyün, alicənablığın məkanıdır və ...
Böyük Azərbaycan şairi İmadəddin Nəsimi nə qədər uzaqgörənliklə söyləmişdir: "Dünya duracaq yer deyil, ey can, səfər eylə..."
Şəkildə (soldan): Pərvin xanım, A.Rüstəmli, Baba Babayev, Anar, Namaz Mustafayev, İsa Həbibbəyli, Mehman Həsənli və b.
Bakı, 08.06.2023
P.S. Şəklin əldə edilməsində göstərdiyi köməkliyə görə Rəşad Qasımlıya təşəkkür edirəm.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.