Onu 40 ildir ki, tanıyıram. Respublika komsomolu Mərkəzi Komitəsinin şair Vaqif İbrahimin rəhbərlik etdiyi Gənclər Ədəbi Birliyindəki görüşləri çəkir, qeyri-adi foto-montajla dizayn edib araya-ərsəyə gətirirdi. Mənim də oradakı hesabat saatımdan unudulmaz anları ustalıqla əbədiləşdirmişdi. Gülərüz, təmənnasız, məsuliyyətli bir gənc idi.
Bir dəfə isə məni Sumqayıtda axtarıb taparaq dedi ki, boruyayma zavodunun marten sexindən foto-slaydlar çəkib və onları televiziyada vermək üçün reportaj mətni hazırlamaq lazımdır. Köməkləşib həmin tapşırığı layiqincə hasilə yetirdik. Birgə süjetimizə ekranda baxanda bir daha onun necə peşəkar reportyor olduğunu görüb heyran qaldım. O vaxtdan dostluğumuz davam edir. İndi artıq onillərdir ki, “Foto Rasim Sadıxovundur” imzası hər kəsə yaxşı tanışdır.
Onun imzası azadlıq hərəkatı başlanan illərdə, 20 Yanvar hadisələri zamanı daha da populyarlaşıb. Həyatını riskə ataraq çəkdiyi tarixi fotolarda sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri elə ustalıqla ifşa edib, ölən və yaralananlarla bağlı ağrıları elə həssaslıqla seçərək çəkib ki, məharətinə “Əhsən!” deməmək olmur.
Onun 20 Yanvar hadisə-lərindən çəkdiyi şəkillərə ilk dəfə baxanda istər-istəməz “Bu ki fotoqrafiyanın Mixaylosudur!” –deməkdən özümü saxlaya bilmədim. Mixaylonun adını həm də ona görə xatırladım ki, Rasim də əfsanəvi partizan Mixaylo – Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə kimi Bakının Novxanı kəndində anadan olub. Dostlar bənzətməmin yerinə düşdüyünü söylədilər. Hamı bilir ki, fövqəladə vəziyyət rejimində Bakının küçələrində cüzi bir “cızıqdan çıxma” vəhşi sovet hərbçiləri tərəfindən ağına-bozuna baxmadan tətbiq olunan hansı cəza tədbirləri ilə nəticələnə bilərdi.
Peşəsinin mahir ustası olan Rasim Sadıxovla məni bir-birimizə bağlayan amillərdən biri də hər ikimizin Sumqayıtda yaşamağımızdır. Dostum bu gözəl şəhərdəki 12 saylı orta məktəbdə oxuyub. Foto sahəsində ilk uğuru da elə məktəb illərinə təsadüf edib.1969-cu ildə "Pionerskaya pravda" qəzetinin keçirdiyi Ümumittifaq foto-müsabiqəsində qalib gələndə Rasimin 14 yaşı vardı. O gün–bu gün, bütün varlığı ilə bu sənətə bağlanıb. Azərbaycan Neft-Kimya institutunun AİS – Avtomatlaşdırılmış İdarəetmə Sistemləri fakültəsinə daxil olsa da, foto yaradıcılığından ayrı qala bilməyib. Buna görə də 1978-1983-cü illərdə Tallin İncəsənət İnstitutunun Kino sənəti fakültəsində qiyabi təhsil alıb. Həmin dövrdə Azərbaycan Boru Prokatı zavodunda fəhlə işləməsi isə onda od-alovdan qorxmayan bir sənətkar, sevimli peşəsinin qaynar təbli ustası kimi xarakter cizgiləri formalaşdırıb.
Səksəninci illərdə AzTV-nin “Gənclik” baş redaksiyasında çalışdığlı vaxtlarda Rasimin foto-reportajları kino və videooperatorların işindən heç də zəif olmayıb, bəlkə daha canlı təsir bağışlayıb. Çünki gündüz obyektlərdə gəzib, gecə fotolaboratoriyada kadrları saf-çürük edib qaydaya salmaqdan usanmayıb. İşinə aludə olduqca bir də görüb ki, səhər açılır, gözləri dan yeri kimi qızarıb. Amma çəkdiyi şəkillərə baxanda yorğunluğu da çəkilib, könlü də duyğulanıb. Hər zaman onun foto-slaydları olayların ən vacib anlarının təsvirləri kimi maraqla, təqdirlə qarşılanıb. 1983–1991-ci illərdə “Ədəbiyyat qəzeti”ndə, 1991–2006-cı illərdə “Azərbaycan qadını” jurnalında foto-müxbir kimi fəaliyyəti zamanı da eyni qaydada çalışıb. Jurnala və üzqabığına qoyulan gözəl kompozisiyalı foto-portretləri zövqoxşayan, yaddaqalan olub.
Rasim Sadıxov 1988-ci ildən başlanan Azadlıq hərəkatına, 20 Yanvar faciəsinə, Birinci Qarabağ müharibəsinə, ulu öndər Heydər Əliyevin, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş bir çox tarixi əhəmiyyətli tədbirlərə aid geniş foto və video reportajlar hazırlamışdır. Daha çox dinamik çəkilişləri sevən Rasim 2006-ci ildən “Azərbaycan Press video-foto faktoru” mətbu nəşrin – “AZpress.AZ” xəbər saytının təsisçisi və baş redaktorudur. Yarım əsrə qədər bir müddət ərzində çəkdiyi nadir və tarixi şəkillərdən ibarət “Azərbaycanın tarixi” foto salnaməsinin arxivini zənginləşdirir. Həmin arxivdə seçmə olaraq 2 milyona yaxın foto-fayl mövcuddur.
“Qanlı şənbə” nin 33-cü ildönümü ərəfəsində onunla görüşüb redaksiyamızda foto-sərgisini təşkil etmək barədə razılaşdıq. Hazırda tanınan neçə-neçə fotoqrafın ustası olmuş və artıq yaşının yeddinci on ilinə nərdivan söykəmiş peşəkar foto-jurnalist hazırlıq işlərini bir çox gənclərin həsəd aparacağı tərzdə cəld və keyfiyyətlə gördü və biz onun 33 il əvvəl ən ekstremal, təhlükəli məqamlarda yüksək vətənpərvərlik, fədakarlıq, cəsarət göstərərək şərəf tariximizə bəxş etdiyi nadir fotolarını bir daha görə bildik və məmnun qaldıq.
"Xalq qəzeti"
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.