Bu gün dəyərli insan, etibarlı dost, istedadlı şair Asif Asimanın doğum günüdür. Dəyərli şairimizi illər öncə onun "Bu dünyaya qərib gəldim" kitabına yazdığım "Ön söz"lə təbrik edirəm.
“BU DÜNYAYA QƏRIB GƏLDIM» və yaxud MİLYONLARIN ARASINDA DA QƏRİB OLUR ŞAİRLƏR
1
İnsan ömrü sirli-sehirli bir yola bənzəyir. Hardan gəlib-hara getdiyi bəlli olsa da, necə gəlib-necə getdiyi ulu Tanrıdan başqa heç kimə agah deyil. İnsanı yaradıb ona ruh verən də, məqamı çatanda onu haqq dərgahına qovuşduran da böyük Allahdır. Bu olum-ölüm arasındakı məsafa və müddət də Allahdan baqa heç bir bəndəyə məlum deyil. Bütün bunlar alın yazısı, tale deyilən bir nəsnədir ki, Allah-taala onu ruhu ilə birlikdə insana bəxş edir. Amma bu, o anlama gəlmir ki, olub-olacaqlar əvvəlcədən müəyyənlədirildiyindən insaının bu dünyada hər hansı bir təşəbbüsdə bulunması abəsdir. Əsla yox! Çünki Tanrı insanı “faili-muxtar” - yəni sərbəst, azad, özgür yaradlb. Eyni zamanda seçim üçün yollar qoyub. Bir yolun sonunda səni uçurum gözləyir, digər yolun sonunda isə xoşbəxt həyat, sevincli günlər və fəth olunmuş zirvələr. Bax, insanın «faili-muxtar»lığı burada köməyə gəlir. Öz ixtiyarındadır - hansı yolu bəyənir, buyursun seçsin.
Təbii ki, burada gendəngəlmə məsələlər, valideyn münasibəti, onu əhatə edən mühitin necəliyi və nəhayətdə, insanın özünün düşüncə tərzi də böyük rol oynayır. Böyük dünyagörüşə, geniş düşüncə tərzinə, yüksək müşaşhidə, təhlil və nəticəçıxarma qabiliyyətinə malik olan insanlar nəinki həyatda yanlış yol tutmurlar, hətta minləri, on minləri yanlış yoldan çəkindirərək öz arxalarınca apara bilirlər. Belə şəxsiyyətlərdən biri də gözəl insan, dəyərli dost, əsl vətəndaş, həqiqət carçısı və nəhayətdə istedadlı şair Asif Asimandlr.
2
Poeziya təkcə hisslərin, duyğuların bəzəkli-düzəkli sözlərlə ifadəsi deyil. Poeziya həm də onun yaradıcısının - şairin ömür və yaşam yolunun tərcümanıdır. Hər hansı bir şairin şeirlərini oxumaqla onun şəxsiyyəti haqqında fikir yürütmək, hətta bu şeirlər əsasında onun portretini bütün cizgilərinə qədər dəqiqliyi ilə yaratmaq olur. Ustad şairlərimiz Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və onlarca digərlərinin də tərcümeyi-halları və portretləri, çox güman ki, şeirlərindən bəhrələnərək formalaşdırılmışdır. Təbii ki, söhbət əsl şairdən - bütün varlıği ilə sözə bağlı olan, könlünü, ruhunu sözə vermiş şairdən gedir. Haqqında dəyərli oxuculara söhbət açmaq, onun «Bu dünyaya qərib gəldim» adlı şeirlər kitabma "Ön söz" yazmaq istədiyim istedadlı şair Asif Asiman məhz bu qəbildəndir. Onun şeirlərini oxuduqdan sonra şəxsiyyəti haqqında fikir yürütmək, surətini göz önünda canlandrmaq asandan asan görünür adama:
Dönük bəxtim çox üzümə qabardı,
İçim-çölüm həsrət, ələm, qübardı.
Düşünməyin bu acılar nübardı,
Bu dünyaya qərib gəldim, qərib mən.
Əslində qəriblik kimsəsizlik deyil, qəriblik heç qürbətdə olmaq da deyil. Qəriblik şairlərin ruhunda, cismindədir. Milyonların arasında da qərib olur şairlər. Canı, qanı qədər sevdiyi doğma vətənində belə qərib olur şairlər. Yalnız va yalnız ilhamla, qələm va kağızla baş-başa qalanda bu qəribliyi unudurlar. Çünki bu üçlü vahdətdən doğulan şeirlər şairi bəşəriləşdirir, milyonların fövqündə dayandırır və nəhayətdə, bəşəriyyətin yolgöstərəninə, insanlığın, haqqın, ədalatin xilaskarına, əyilmazlik, əzəmət, qürur simvoluna yevirir:
Əyilməyək, mərd dayanaq, mərd duraq,
Batmayaq biz dərdi-sərin içində.
Qranittək sərt dayanaq, sərt duraq,
Fitnə-fəsad, böhtan-şərin içində.
3
Həyatda şərəfli ad qoymaq üçün verilən ömrün mənalı, mənalı olduğu qədər də şərəflə yaşanılması şərtdir:
Bu həyatda mənalı bir ad qoyaq,
Ötüb keçən ömürlərin içində.
Əslində bütün dövrlərdə yalıncıqlar, səhl sümbatlar, keçəl həmzələr, qaloşlar, kələntərlər... mövcud olub. Bu insanabənzər məxluqların sayı yetərincə çox olduğundan, bunların arasında baş çıxarmaq da o qədər asan iş deyil. İnsanın böyüklüyü ondadır ki, hər an kürəyindən oxlana biləcəyini bilə-bilə yaşasın və bu yaşam içərisində bir dəfə də olsun qamətini əyməsin, ölümün gözünün içinə dik baxsın. Amma belə ucuz ölümə tuş gəlməməsi üçün də gərək bir an da olsun sayıqlığını itirməsin insan. Belə məqamlarda insanın sınıb-əyilməməsinin bir səbəbi də ondadır ki, əzablar, əziyyətlər çəksə də, sarsıntılar keçirsə də, bilir ki, əsl kişi ömrü yaşayir – elə-belə yaşamır bu ömrü:
Kirpiyimlə od götürdüm, od aldım,
Bəzən şirin, bəzən acı dad aldım.
Damla-damla, qətrə-qətrə ad aldım,
Elə-belə yaşamadım bu ömrü.
4
Asif Asimanın yaradıcılığnda sevgi şeirləri böyük bir qol təşkil edir. Bu qolun özü də iki paralel şaxəyə ayrılır: vətən sevgisi və sözün müstəqim mənasındakı sevgi. Şair vətən şeirlərində nə qədər yanğılı, nə qədər odlu-alovludursa, bir o qədər də səmimidir. Bu şeirlərdə saxtakarlıq, boş hay-küy, ucuz tərif yoxdur. Müəllif oxucuya real həqiqətləri olduğu kimi çatdırmağa çalışır. İyirmi faiz torpaği iğal altında olan, bir milyon qaçqın soydaşının bütün Azərbaycan boyu səpələnmiş bir şairin narahatçılığı, yuxularının ərşə çəkilməsi, gözlərinin qan ağlaması təbiidir:
Narahatdı ayım-ilim, ötən saat, an ağlayır,
Dilim kösöv, bağrım yara, yox dincliyim, can ağlayır.
Hissim, duyğum pərən-pərən, sözüm, gözüm qan ağlayır,
Sənsiz sinəm çalın-çarpaz, şırım-şırım, lağım-lağım,
Ay bəlalı Qarabağım!
Ancaq zaman-zaman Əliyarların, Çingizlərin, Fəridlərin, Mübarizlərin... boy göstərməsi və azğın dümənə oz həddini bildirməsi insanın qəlbində bir ümid qiğilcımlarını alovlandırır. Və o əminliyi yaradir ki, Ali Ba Komandanın bir əmri ilə on minlərlə igid vətən oğlunun müqəddəs amal üçün bir araya gəlməsi an məsələsidir:
Torpaq, yurd sevgisiylə vətənin qulu oldun,
Düşmənin başı üstə ələnən dolu oldun.
Bu gün minlərlə gəncin mübürək yolu oldun,
Qarşını kəsəmmədi fitnə, şər, Mübarizim,
Müzəffər Mübarizim!
5
Sevgi şeirləri Asif Asiman yaradicilığında özünəməxsus yer tutur demişdim yuxanda. Bu şeirlərlə bağlı indiyə qədər təhlil xarakterli hər hansı bir yazı yazmasam da, bu şeirlərin daimi təbliğatçısı olmuşam. Asif Asimanın məhəbət şeirləri məzmununa, daşıdığı məna yükünə, lirik çalarların rəngarəngliyinə, bölgü və vəzn etibarı ilə musiqiyə yatimlı olduğuna görə bu şeirlərin hər birinə aynca mahnı bəstələmək olar. Bu gün Azərbaycanın müasir musiqi məkanı qanqal basmış bağçaya bənzəyir. Şeirdən, poeziyadan bixəbər insanların mahnı mətni yazmaq sevdasına düşmələri nəticə eti barilə dinləyicinin zövqünü korlamağa xidmətdən başqa bir şey deyil. Mən qətiyyətlə deyərdim ki, bu gün bəstəkarlarımızın Asif Asiman yaradıcılığına müraciət etmələrinə çox böyük ehtiyac var. Bununla həm Azərbaycan musiqisi, həm də dəyərli dinləyicilər qazanmış olar. Qeyd etdiyim kimi, Asif Asimanın məhəbbət şeirləri bir-birindən gözəl, ürəyəyatımlı olduğuna görə ürək edib hər hansı bir bəndini nümunə gətirə bilmədim. Şairin həyatının mənasını və sevgi şeirlərinin leytmotivini təşkil edən bir beytlə kifayətlənməli oldum:
Məhəbbətim bir ümmandı, tükənməz,
Bitməyəcək ölənəcən bu sevdam!
6
Azərbaycanın bölgələrinin əsrarəngiz gözəlliklərinin təsviri Asif Asiman yaradıcılığında özünün çox yüksək orijinal həllini tapır. Bu şeirləri oxuduqca insan özünü təbiətin qoynunda hiss edir. Və belə bir gözəl məmləkətə sahib olduğuna görə bir daha qürur və iftixar hissi keçirir. Bu baxımdan Asif Asimanın Lerikin və Qubanın könüllər oxşayan, qəlbləri riqqətə gətirən təbiətinə həsr olunmuş silsilə şeirləri diqqəti çəkir:
Gözəlliyi qəlb oxşayan bir əsər,
Toxunarsan – qəlb titrəyər, əl əsər.
Adın sordum, söylədilər “Cəngəsər”,
Buna bənzər görməmişəm bir bulaq.
Və yaxud:
Bir tərəf Qoşabulaq, bir tərəf Vəlvələçay,
Al şəfəqə qərq edib bu yerləri Günəş, Ay,
Gözəllikdə görmədim bu obaya, yurda tay,
Bir gün mehmanı oldum, ömrün bu xoş çağında,
Daşdəmir Bulağında.
Dostlarımzdan birinin dilinin əzbəri olan və bir yox məclislərdə sevə-sevə danışdığı bir məsəl vardı. İlk dəfə bunu təxminən 30 il bundan oncə - hələ sovetlər donəmində eşitmişəm. Deyir, bir imkanlı şəxsdən soruşurlar ki, yaşadığın bu illər ərzində haralarda olmusan? Cavab verir ki, Parisdə, Londonda, Romada, Berlində və sairə və ilaxir. Soruşurlar ki, bəs Şəkidə, Lerikdə, Oğuzda, İsmayıllıda, Şuşada, Qubada... necə, olmusanmi? Cavab verir ki, yox. Belə olduqda o şəxsə deyirlər ki, bədbəxt oğlu, bədbəxt, onda sən omrünün yansını itirmisən ki!
Bax, budur əsl vətən sevgisi, əsl vətəndaşlıq qayəsi.
7
Mən bu yazımda Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Urəkdə od varsa”, «Bu da bir taledir”, «Omrümə-günümə açılan yollar», «Bitməyəcək ölənəcən bu sevdam», «Unutsaq unudularıq» və “Mənim dəniz sevgim” kitablarının müəllifi, istedadlı şair-publisist Asif Asimanın yaradıcılığına qısaca bir ekskurs etdim. Yazdıqlarım da bu ekskursiyadan yaranan təəssüratlar idi ki, sizlərlə bölüşdüm. Bununla belə, yenə də son söz dəyərli oxucularındır. Amma qəlbimin səsi mənə deyir ki, «Bu dünyaya qərib gəldim» adlı yeni şeirlər kitabı da Asif Asiman yaradidıcılığına həmişə böyük sevgi ilə yanaşmış oxucular üçün ən dəyərli hədiyyə olasaqdır.
Yer üzünə yeni səfərin mübarək, ruhlar aləmindən gəlmiş qərib qardaşım!
Dərin hörmətlə,
Rafiq ODAY,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
Respublikanın Əməkdar jurnalisti, sair-publisist
2012-ci il.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.