"Zavmaq" Rafiq Əliyev görkəmli jurnalist Feyzi Mustafayevi niyə gecəyarısı yuxudan elədi?
Ömür vəfa etsəydi, bu ilin dekabrında Sumqayıt ədəbi mühitinin yetirməsi olan istedadlı yazıçı-publisist Feyzi Mustafayevin 85 yaşı olacaqdı. Heyf ki, o, bu illərin yalnız 64-nü yaşaya bildi...
Feyzi müəllim istedadlı olduğu qədər də çox "tərs" adam idi. Nə özü, nə də övladları üçün heç kəsə ağız açmazdı. Evində, cibində bir manat pulu olmasa da (belə hallar az olmurdu...), nə bir dostun, nə də bir qohumun, heç qardaşının da qapısını döyməzdi. Ömrü boyu heç kəsdən minnət götürmək istəmədi - aza-az, çoxa-çox qane olan adam idi. Heç vaxt qürurunu pozmaz, özünü tox tutar, heç bir şeyə ehtiyacı olmayan adam kimi göstərərdi. Ancaq yeri gəlsə, dost yolunda canını da qurban verər, evində azuqəsi olmasa da, son manatından da keçərdi. O, belə adam idi...
...Ötən əyyamın 80-ci illərinin axırında, 90-cı illərin əvvəllərində o vaxtkı SSRİ-nin bütün respublikalarında olduğu kimi, ərzaq qıtlığı üzündən Azərbaycanda da "talon sisteminə" keçilmişdi. Əsas ərzaq malları - ət, yağ və s. talonla verilirdi ki, hər bir ailə müəyyən qədər də olsa, təmin edilmiş olsun. SSRİ dağılır, uçuruma gedirdi. Moskvada da hiss edirdilər ki, bu fəlakətin qarşısını almaq çox çətindir... Sovetlər son günlərini yaşayırdı. Bunu bəlkə də hamıdan artıq ticarət işçiləri yaxşı bilirdilər. Çünki bütün ərzaq və sənaye malları onların əlindən keçib gedirdi. Və onlar görürdülər ki, SSRİ-nin ərzaq ehtiyatı sürətlə tükənir. Satışa çıxarılan mallara "yuxarı"dan nəzarət edilsə də, o vaxtkı mağaza müdirləri daha çox gəlir əldə etmək üçün yaranmış ərzaq qıtlığından bacardıqca daha çox sui-istifadə etməyə çalışırdılar.
O dövrdə Sumqayıtda ən böyük ərzaq malları mağazaları Səməd adlı "ermənibaz" müdirin "Sputnik" mağazası və "zavmaq Rafiq" kimi tanınan Rafiq Əliyevin 9-cu mikrorayondakı 60 N-li mağazası idi. Onların hər ikisində işlər "xod" gedirdi. Hər ikisi "arxalı" olduqlarından onlara "gözün üstə qaşın var" deyən də yox idi. Odur ki, satıcılar gecə-gündüz zavodlarda odla, zəhərlə əlləşən fəhlələrə də, şəhərin müxtəlif sahələrdə çalışan ziyalılarına da həm çəkidə, həm də qiymətdə bacardıqları qədər kəf gəlirdilər. Xüsusilə də həmin mağazalarda süni surətdə yaradılan uzun növbələr ticarətçilərə daha çox əl-qol açmaq üçün sərfəli bir fürsət idi. Saatlarla ət-yağ növbəsində dayananlar irəli getməyə çalışaraq bir-birini itələyir, çığır-bağır salır, bu da növbəsi çatıb, satıcıya yaxınlaşanlara alınan ərzağın tərəzidə düzgün çəkilib-çəkilmədiyinə diqqət etməyə imkan vermirdi. Çünki arxadakılar onu itələyərək, sıxışdırıb piştaxta qarşısından mümkün qədər tez çıxartmağa çalışırdılar. Və alıcılar evə gedərkən məlum olurdu ki, 3 kq-lıq yağda ən azı 300-400 qram, 4-5 kiloluq ətdə isə 600-700 qram aldadılıblar. Bu cür hallar daha çox Rafiq Əliyevin mağazasında baş verirdi, ona görə də ordan narazılıqlar həddən artıq çox idi. Lakin nə qədər qəribə olsa da, şəhərin və respublikanın (hətta bir dəfə SSRİ-nin) keçici Qırmızı bayraqları böyük məbləğdə pul mükafatı ilə onun mağazasına verilirdi. Bəli, camaat orda "soyulur" və bu "soyulmaya" görə mağaza kollektivi nəinki cəzalanmır, hətta mükafatlandırılırdı. Çox ehtimal ki, bu, şəhər rəhbərlərinin həmin mağazaya xüsusi "hüsn-rəğbətindən" irəli gəlirdi. Yəni ki, "balıq başdan iylənirdi" . Və bəlkə də mükafat öz "sahibinə" yox, "xidmət haqqı" olaraq "yuxarılara" çatırdı, əvəzində mağaza işçiləri çox arxayınçılıqla, rahatçılıqla öz bəd əməllərini davam etdirirdilər.
O vaxtlar mən "Vışka" qəzetinin Sumqayıt-Quba zonası üzrə xüsusi müxbiri işləyirdim və Sumqayıtda baş verənlərin şahidi kimi o vaxtkı partiya rəhbərlərinə mağazalardakı özbaşınalıqlarla bağlı hərdən narazılığımı bildirib, qəzetdə ara-sıra tənqidi yazılar versəm də (hətta bir dəfə fəhlə nümayəndələrinin iştirakı ilə reyd keçirərək, Səmədin mağazasındakı erməni qadın əlaltısının tutdurulmasına, həbsinə nail olmuşdum. Ancaq təəssüf ki, ermənipərəst Səməd canıyananlıq edib, rüşvət verərək, 6 aydan sonra həmin yöndəmsiz, həyasız ermənini həcxanadan buraxdırmışdı), alıcıların qiymət və çəkidə aldadılması yenə də davam edirdi.
Vəziyyətin düzəlməyəcəyini görüb, fikirləşdim ki, necə etmək lazımdır ki, bu harınlamış mağaza müdirlərindən kasıb-kusub üçün az da olsa, nəsə "qopardılsın". Onsuz da onlar yığdıqlarını geninə-boluna "ora-bura" xərcləyirdilər. Düşündüm ki, onlardan pulu "könüllülük" əsasında qopartmaq lazımdır, onsuz da mən başqa cür - bəzilərinin etdyi kimi hədə-qorxu ilə nəyəsə nail ola bilmərəm. Və bir gün... durub getdim Rafiq Əliyevin yanına. Onun adamları çox çək-çevirdən sonra məni "şef"ləri ilə görüşdürməyə razı oldular və dar labirintlərlə məni onun yanına apardılar.
Görüşdük, özümü təqdim elədim və bildirdim ki, bu görüş yoxlama reydi ilə və s. bağlı deyil. Və keçdim birbaşa mətləbə. Dedim ki, Rafiq müəllim, gəlin açıq danışaq, siz bilirsiniz ki, mağazada camaatın başına açılan oyunlara görə bu şəhərdə hamı sizin əlinizdən dad eləyir, sizə və işçilərinizə lənət yağdırır? Söhbətin belə sərt başlanacağını gözləmədiyindən duruxdu və sınayıcı nəzərlə üzümə baxdı.
- Rafiq müəllim, bilirsiniz ki, dünyadan köçəndən sonra da sizə lənət yağdırılacaq? Siz niyə adamlara xeyirxahlıq etmək, savab işlər görmək istəmirsiniz? - dedim. - Axı, neçə illərdir mağazada yaxşı qazanıb, yaxşı da dolanırsınız. Olmazmı ki mağazanızda aldadılan adamların payından bu şəhərin imkansızlarına, yetim-yesirinə, əlil ailələrinə kömək edəsiniz?
Sanki dediklərimin gərginliyindən çıxaraq, soruşdu:
- Neyləmək lazımdır, deyin, eləyək, mən hazır, - dedi, "qırışığı" açıldı.
Xatırlatdım ki, Sumqayıtda kimsəsiz qocalar da, yetim uşaqlar da, çoxuşaqlı ailələr də, əlillər və şəhərimizə pənah gətirmiş yüzlərlə də qaçqın var. Vaxtaşırı onlara əl tutmaq lazımdır ki, heç olmasa, az da olsa, savab qazanasınız, həmişə lənət, qarğış sahibi olmayasınız...
Deyəsən, qəfil, gözləmədiyi halda dediklərim ona bərk təsir etmişdi. Dedi ki, "Rəhman müəllim, çox yaxşı təklifdir. Kimə yardım etmək lazımdırsa, siz mənə onların siyahısını verin, bacardığım köməyi edim. Həqiqətən savab iş olar". Və bildirdi ki, onsuz da mikrorayonda yaşayan bəzi kasıb ailələrə yeri düşdükcə ətdən, yağdan, digər ərzaqlardan kömək edir.
Səhv etmirəmsə, bu söhbət 1991-ci ilin əvvəllərində, deyəsən Novruz bayramı ərəfəsində olmuşdu. Məndə köməklik ediləcək adamların konkret siyahısı və ünvanları olmadığından Şəhər İcraiyyə komitəsinə və Gənclər təşkilatına (əvvəlki komsomol), müraciət etməli oldum. Təşəbbüs bəyənildi və bir gün sonra Şəhər Gənclər təşkilatının sədri, xalqımızın qeyrətli, vətənpərvər oğullarından olan Vahid Musazadə mənə ünvanları göstərilməklə köməyə daha çox ehtiyacı olan 15 nəfərin siyahısını təqdim etdi. Həmin siyahını Rafiq müəllimə verəndə o, diqqətlə orda adı olanlara baxıb, köks ötürdü və dedi ki, 1-2 günə hərəsində ən azı 80-100 manatlıq ərzaq olmaqla 15-16 qutu ("korobka") hədiyyə hazırlatdıracaq. Ona bildirdim ki, bir yazıçı-jurnalist dostumuz var - Feyzi Mustafayev, onun da dolanışığı yaxşı deyil, bəlkə onun üçün də bir qutu hədiyyə hazırlatdırasınız? Cavabı "baş üstə!" oldu.
Bir gün sonra zəng elədi ki, Rəhman müəllim, gəlin, baxın, hədiyyələr hazırdır. Doğrudan da o, dediyinə əməl edərək, 16 qutunu ərzaqla doldurub, lentlə bağlatdırmışdı. Onların içində daha nələr yox idi - bir-neçə kilo ət və yağ, qənd, çay, pendir, kolbasa, sosiska, qatılaşdırılmış şirin süd ("squşyonka"), vermişel-makaron, konfet, yumurta və s. Bunları almağa hər kasıbın yox, heç ortabab yaşayan ailənin də hər deyən imkanı olmazdı...
Rafiq müəllimə təşəkkür eləyib, dedim ki, hə, indi siyahını götürüb, bunları bir-bir sahiblərinə çatdırın.
- Yox, Rəhman müəllim, elə şey yoxdur. Təşəbbüs sizindir, bu işin başında siz durmusunuz, ona görə də xahiş eləyirəm, bizimlə birlikdə siz də bu xeyirxah işdə iştirak edəsiniz, - dedi.
Redaksiya ilə bağlı işimin çox olduğunu, vaxtım olmayacağını bildirsəm də, israr edərək, əl çəkmədi. Və mən axşamdan Rafiq müəllimin adından hədiyyə sahiblərinə ayrı-ayrılıqda yazdığım xeyir-dua məktublarını da götürərək, sabahısı günü 9-cu mikrorayona gedib, onunla birgə xeyixahlıq aksiyasına başladıq. Yadımdadır, 11-ci mikrorayondakı yetim qalmış 4 azyaşlı, əyni-başı olmayan uşaqlarla, kimsəsiz qocalarla, üş əlil Əfqanıstan döyüşçüsü, 11 N-li məktəbdəki 9 yaşlı yetim rus balası və digərləri ilə görüşlərimiz olduqca təsirli idi. Adamlara qarşı soyuq, biganə, "daş ürəkli" hesab etdiyim Rafiq müəllimin yetim uşaqları və əlləri əsən, ayaq üstə güclə dayanan kimsəsiz qoca ər-arvadı görəndə gözlərinin yaşardığını görəndə başa düşdüm ki, yox, o, heç də düşündüyüm qədər laqeyd, "ürəksiz" adam deyilmiş...
Hər bir görüşümüz ən azı bir saatdan da çox vaxt apardığından, hədiyyələri heç iki günə də paylayıb, qurtara bilmədik. Qalan hədiyyələri üçüncü gün axşamadək paylamalı olduq. Qalırdı yalnız unudulmaz şairimiz, dünyadan vaxtsız köçmüş Vaqif İbrahimin Bakıda yaşayan ailəsi, bir də onun ən yaxın, sadiq dostu, istedadlı yazıçı-publisit Feyzi Mustafayev.
Düzü, bilirdim ki, Feyzi müəllimə o bir qutu ərzağı yardım kimi aparıb versəydik, and-aman eləyib, başını tutaraq yalandan, az qala inandırıcı şəkildə deyəcəkdi ki, "nə danışırsınız, evimizdə hər şey var, soyuducu ağzınacan doludur, yaxşısı budur, onu aparın bir kasıb ailəyə verin".
Onun hədiyyəsini sabaha saxlamaq istəmirdim. Ancaq vaxt baxımından bir az gec idi - artıq axşam saat 10-a işləyirdi. Bilirdim ki, Feyzi müəllim özünün də dediyi kimi adətən "detski" vaxtda - saat 9-da yatıb, səhər saat 4-5-də oyanırdı ki, yazacaqlarını "təmiz, ayıq başla" yazsın. Odur ki, "fənd" işlətmək qərarına gəldim...
Evlərinə zəng etdim, həqiqətən artıq yatmışdı. Ömür-gün yoldaşı Əzizə bacıya dedim ki, Feyzi müəllimi oyadın, "zavmaq" Rafiq yeni kitabı münasibətilə onu təbrik etməyə gəlir. Bunu eşidən Rafiq müəllim qayıtdı ki, təzə kitabı çıxıbsa, biz əlavə yemək-içmək də götürüb, bunu yaxşıca qeyd etməliyik. 5-10 dəqiqənin içində əlavə bir qutu da hazırlandı - müxtəlif cür kolbasalar, sosiska, pendir, xiyar turşusu, kompotlar, sular və... əlbəttə ki, ən yaxşı növ araq, çaxır və "şampanski".
Feyzi müəllimgilin mənzilinə qalxanda artıq saat 10-a qalırdı. Qapıya yarıyuxulu, yorğun halda, həm də təəccüb dolu nəzərlərlə çıxdı. Görüşdük və onun dəvəti ilə qonaq otağına keçdik. Əzizə bacı tez mətbəxə keçib, çay-çörək hazırlığına başlamaq istədi. Dedim ki, narahat olmayın, yeməyimizi özümüzlə gətirmişik. Yalnız çaya etiraz etmərik.
Rafiq müəllimlə birgə Feyzi müəllimi bu "gecə yarısı" yeni kitabı münasibətilə təbrik edib, kolbasa-pendirlə bir tikə çörək kəsib, sağlığına badə qaldırdıq. Ancaq Feyzi müəllimin sadə otağına göz gəzdirən Rafiq müəllim onun yarıyuxulu, xəstəhal olduğunu görüb, özünün gətirdiyini də yeməyə qıymayaraq, dedi ki, Rəhman müəllim, daha gecdir, gedək. Və Feyzi müəllimlə qucaqlaşıb-öpüşüb ayrıldıq...
Səhərisi gün saat 8-ə qalmış Feyzi müəllim iş yerindən (iş saat 9-da başlayırdı, ancaq o, işə hər gün bir saat tez gedirdi) mənə zəng elədi:
- Ay şəkili balası, elə bilirsən başa düşmədim ki, axşamkı məsələ sənin fırıldağın id?.. Mən çox elə Rafiqin yadına düşən idim ki, axşam vaxtı durub məni təbrik eləməyə gəlsin? O, heç mənim kitabımı oxuyandır ki, xəbəri var idi ki? Bu, sənin kələyindir...
Bəli, bu, həqiqətən mənim "kələyim" idi. Yoxsa Feyzi müəllim "zavmaq" Rafiqin yardımına, köməyinə heç yaxın durardı?..
...Allah Feyzi müəllimin ruhunu şad eləsin! Onun üçün son günlərində savab iş görmüş Rafiq müəllimə də Allah rəhmət eləsin!
P.S. Feyzi müəllimin məndə olmayan şəkillərini təqdim etdiklərinə görə onun ən yaxın dostu Zümrüd xanım Baloğlanovaya, Əli Kərim adına Sumqayıt Poeziya klubuna, S.Vurğun adına şəhər Mərkəzi Kitabxanasına, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı təşkilatına (Şahin Şəfiyev) təşəkkürümü bildirirəm.
Rəhman ORXAN
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.