Almaniyada yaşayan Azərbaycanlı cərrah cütlükdən şok: - Cinsiyyətini dəyişdirən kişilər...

Almaniyada yaşayan Azərbaycanlı cərrah cütlükdən şok: Cinsiyyətini dəyişdirən kişilər...

Dövr dəyişdikcə, insan da gözəllik anlayışını təzələyir, yeni don biçir. Beləcə hər zamanın öz tələbləri formalaşır. Bu gün qadınlar ideal gözəlliyə qovuşmaq üçün bəzən onlarla cərrahiyyə əməliyyatı təhlükəsini gözə alır, ağlasığmaz prosedurlara üz tuturlar. Estetik və plastik əməliyyatlarla bağlı bütün suallarımızı Almaniyada fəaliyyət göstərən Əhmədli ailəsinə ünvanladıq.

 

Abbas və Gülşən Əhmədli qüsursuz estetik harmoniyaya nəinki ailədə, eləcə də insanların zahiri görünüşündə nail olmağa çalışır.

 

Publika.az-ın həmsöhbətləri Almaniyanın azərbaycanlı plastik-rekonstruktiv cərrahları Abbas və Gülşən Əhmədli cütlüyüdür.


- Çağdaş dünyanın ən gəlirli sahələrindən birində çalışırsınız. İstərdim, çox səmimi etiraf edəsiniz, seçiminizin kökündə maddi, yaxud mənəvi rifahın payı daha çoxdur?

 

Abbas Əhmədli: Peşə seçməyimə səbəb maddi gəlir həvəsi deyil. Düşünürəm ki, istənilən sahəni dərindən bilib sevirsənsə, tənbəllik etmirsənsə, arzuladığın maddi rifaha sahib olacaqsan. Mənim iki böyük qardaş dediyim məsləkdaşım var. Onlardan biri Ayaz Aslandır. Ayaz doktorla birgə çalışdıqca anladım ki, bu sahə ruhuma xitab edir. Anadangəlmə qüsurların aradan qaldırılması, itirilmiş orqanların bərpası, üstəlik, estetik cəhətlərinin olması dərin marağımı çəkdi. Qərara gəldim ki, plastik cərrah olmalıyam.

Gülşən Əhmədli: Tibb Universitetində təhsil aldığım müddətdə bizə plastik cərrahiyyə ilə bağlı fənn tədris olunmurdu. Bu sahənin varlığını kitablardan öyrənirdim. Hətta Azərbaycanda çalışdığım dövrdə plastik cərrahiyyəni estetik prosedurlar kimi qavrayırdım. Lakin Almaniyaya gələndən sonra anladım ki, plastik cərrahiyyə sahəsinə yanıq, bərpa rekonstruktiv cərrahiyyələr də aiddir. Dərindən öyrəndikcə anladım ki, daha çox insana kömək edə bilərəm. 8 il bu sahədə çalışdım. Əl barmaq transplantasiyaları, mikroskop altında 9 saat sürən cərrahi əməliyyatlar icra etdik. Övladlarım doğulandan sonra isə sırf estetik cərrahiyyə sahəsinə keçdim. Çünki gənc ana üçün sutka boyu fasiləsiz çalışmaq çətindir. Övladlarımı ikinci plana keçirmək istəmədim. Lakin işimin para-pul tərəfini heç vaxt düşünməmişəm. Hətta Almaniyanın universitet klinikasında çalışanda da stabil maaş alırdım. Maddi sıxıntım yox idi. Hər şey bir yana, plastik cərrahın daxilində mütləq yaradıcılıq istedadı olmalıdır. Bu yoxdursa, nə qədər çalışsan da, nə zövq ala, nə də bəxş edə biləcəksən.

 

- Bu istedad sayəsində bəzən yeni insan yaratmağa məcbur olursunuz. Elə bu günlərdə cinsiyyətini dəyişdirmiş kişinin müsahibəsini izlədim. Etiraf edirdi ki, əməliyyatla qadına çevriləndən sonra işlərin düzələcəyini düşünürdüm, amma əksi baş verdi: "Demək olar, hər həftə əməliyyat masasına uzanırdım. Bütün orqanlarımı mükəmməlləşdirməyə səy göstərirdim".

 

- Öncə sırf cinsiyyət dəyişdirmə əməliyyatı ilə bağlı təcrübələrinizi bölüşməyinizi istərdim.

 

A.Ə. Bildiyiniz kimi cinsiyyət dəyişdirmə proseduru plastik cərrahiyyənin təkbaşına üzərinə götürəcəyi sahə deyil. Hətta deyərdim, uc cizgisidir. Buraya xüsusən də cərrahın etik dəyərləri, dünyagörüşü daxildir. Hər plastik cərrahın sevərək icra etdiyi prosedur deyil. Multidisiplinli yanaşmaq şərtdir. Çünki ən azı uroloq, ginekoloq, endokrinoloqlar da çıxış edirlər. Bəli, cərrahi tərəfi bizim sahəmizdir. Lakin bu prosesin hüquqi, psixiatrik tərəfləri də var. Şəxsən mən etik dəyərlərim naminə bu əməliyyatlardan imtina etmişəm. Baxın, cərrahi əməliyyatlar yalnız cinsiyyət orqanlarının dəyişdirilməsindən ibarət deyil. Bir neçə mərhələdən keçmək lazımdır. Məsələn, kişi vücudu qadınlaşdırılırsa, üz cizgiləri, liposaksiya və digər prosedurlarla işə davam etmək mütləqdir.

 

- Ümumiyyətlə, bu yarımçıq insan sindromu, üz cizgizlərimizə müdaxilə ehtirası qorxulu psixi sarsıntıdır?

 

G.Ə. Abbasın fikrinə əlavəm var. Tutaq ki, bu gün burnunu əməliyyat etdirən pasiyent sabah qarın piylərindən cərrahi yolla azad olmaq istəyirsə, bu, onun psixi narahatlığının deyil, həkimə olan güvəninin göstəricisidir. Lakin dismorfobiya deyilən sindrom var ki, insan bəlli bir orqanını sadəcə sevmir. Tutaq ki, döşünü bəyənməyən qadın müraciət edir. Hansı döş formasına sahib olmaq istədiyini deyil, sadəcə özünü sevmədiyini, bəyənmədiyini iddia edir. Belə problemli insanlardan uzaq durmağa çalışırıq. Çünki əməliyyatı icra etsək belə, digər iradlarla qarşılaşa bilərik. Odur ki, öncə psixi problemlər aradan qaldırılmalıdır.

 

- İllər öncə oxumuşdum ki, qolunu itirmiş xəstəyə yeni qol köçürülür. Lakin bədən yad orqanı qəbul etməyib, çürüdür. Bilirəm ki, siz də transplantasiya əməliyyatları yerinə yetirirsiniz. Bu haqda məlumat verin, lütfən.

 

- Bəli transplantasiya və replantasiya əməliyyatları sahəsi üzrə dərin təcrübəm var. Mikrocərrahiyyə üzrə də çalışmışam. Hər hansı qəza nəticəsində bəzən qulaq, burun, qol və s. orqanlar qopa bilər. Bu durumda müvəffəqiyyət faktoru əsasən qopan orqanın hansı enerji yükü ilə zədələnməyindən, qəza baş verəndən sonra ötən zaman kəsiyindən də asılıdır. Bəzən isə dünyasını yeni dəyişmiş başqa insanın qolu, ayağı və digər orqanı zərərçəkmişə transplantasiya edilir. Burada təbii ki, üzvü qəbul edən vücudun da reaksiyasından çox şey asılıdır. Bəzi hallarda bədən orqanı ümumiyyətlə qəbul etməyə bilər. Lakin əksər vaxtlarda nəticə qənaətbəxş olur.

- Bu gün minlərlə gənc qadın xərçəng xəstəliyi ilə mübarizədə yenilməmək üçün uşaqlığını və digər orqanlarını qurban verir... Transplantasiya yolu ilə qadınların doğmaq qabiliyyətini yenidən bərpa etmək olur?

A.Ə. Bəli, bu, mümkündür. Bu yaxınlarda Ömər Özkan hocamız Avrasiya coğrafiyasında ilk dəfə qadın uşaqlığı transplantasiyası icra edib. Və bu yaxınlarda həmin xəstə övlad dünyaya gətirdi.

 

- Bu, çox ümidverici hətta məncə, sehrli məqamdır. İstərdim, bu sehri pozmadan karyeranız boyu ən uğurlu, həyatınızda dərin iz qoyan əməliyyatlarınızı xatırlayasınız.

 

G.Ə. Hannover Xəstəxanasında çalışdığım vaxtlar idi. 15 yaşlı qız gətirdilər. Həyətlərində öz iti ilə oynayan zaman it qızın üzünü möhkəm parçalamışdı. Yanağı bərpa etmək üçün əlimdən gələni etdim. Əminəm ki, qız böyüdükcə tikiş izləri daha az bilinəcək. Amma bu hadisə mənə bir yandan da çox pis təsir etdi. Bildiyiniz kimi, Avropada ev heyvanları saxlamaq çox adi haldır. Lakin həmin hadisədən sonra şəxsən mənim uşaqlarım evdə it, yaxud pişik saxlamaq istəsələr, icazə verməyəcəm.

A.Ə. İşimi həddən ziyadə sevdiyim üçün belə qürurlu məqamlar çox olub. Lakin birini bölüşəcəm. Əslində digərlərindən fərqli deyildi. İş qəzası nəticəsində baş barmağı tamamilə yerindən qopmuş xəstə gətirmişdilər. Nə az, nə çox 6 saat müddətində barmağı yerinə tikdik. Xəstənin bütün sarğılarını özüm edirdim. Sanki öz əsərimmiş kimi qayğısına qalırdım. İkinci həftənin sonunda palataya girdim, xəstə əməliyyatla bərpa etdiyimiz barmağı ilə qələm tutub, krossvord doldururdu. Bu, mənim üçün izaholunmaz xoşbəxtlikdir.


- Son illər sanki qadın gözəlliyi əcəl zəngini çalır. Simalar eyniləşir, mimika və emosiyalar itir. Zənnimcə, Avropa qadınları bu dəyişikliklərə daha az meyillidirlər...

 

A.Ə. Ümumiyyətlə, insan hər zaman özündə olmayana can atır. Çəkik gözlü qadın avropoid göz formasını daha çox sevir. Avropanın sarışın qadınları isə oriental və pişik gözü deyilən əməliyyat tərzinə üstünlük verir. Türkiyə və Azərbaycan qadınları məmə kiçiltmə, burun kiçiltmə əməliyyatları tələb edirlərsə, Avropaya doğru irəlilədikcə bunun əksi istənilir. Həmçinin Avropa qadınlarının dərisi nazik olduğu üçün daha tez qırışır və üzgərmə proseduruna daha erkən yaşda başlayırlar.

G.Ə. 3 il öncəyədək düşünürdüm ki, alman qadınları çox sadədirlər. Əməliyyatda ifrata yol vermirlər. Lakin sırf bu sahədə çalışdığım müddət ərzində təəssüf ki, əksinin şahidi oldum. Pasiyentlər arasında hətta ifrata yol verən, dodaqlarını həddən artıq böyütməyə can atan yeniyetmələr də var. Amma bütün bu mənfi halları bir kənara qoysaq, gözəl yaşlanmaq istəyən insanlarla işləməkdən zövq alıram.

 

- Gözəl yaşlanmaq maraqlı ifadədir. Doğru qavramağımıza yardım etməyinizi istərdim.

 

A.Ə. Məsələn, burun əməliyyatının bəlli yaşı var. Şəxsən mən 18 yaşadək və 55 yaşdan yuxarı pasiyentlərə estetik burun əməliyyatı etmirəm. Çünki ilk mərhələdə burun tam formalaşmayıb. İkinci mərhələdə isə xəstəyə ziyan vermək ehtimalı daha çoxdur. Üz gərmə əməliyyatları isə yaşdan asılıdır. Bəzən 25 yaşlı pasiyentin bu əməliyyata çox ehtiyacı olur. 50 yaşlı pasiyentin üzündə qırışa rast gəlinmədiyi üçün geri qaytarırıq. Hamiləlikdən sonra qarın və döş sallanması hallarına sıx rast gəlinir. Yəni yaşa görə ümumi ehtiyac siyahısı budur.

 

- Tutaq ki, yanınıza gəlmişəm. Amma daha da gözəl görünüşə sahib olmaq üçün haradan, nədən başlayacağımı bilmirəm. Reaksiyanız maraqlıdır.

 

A.Ə. Qəbuluma gəlib, tövsiyə istəyən, “məndə nəyi dəyişdirə bilərsiniz?” deyən xəstəyə ümümiyyətlə heç bir prosedur həyata keçirmirəm. Adi günlərdə küçədə gəzəndə yoldan keçən insanlara baxıb, bunun dodağını böyütmək, digər birinin burnunu kiçiltmək olardı və s. kimi fikrə dalıram. Amma bu, o demək deyil ki, yanıma gələn pasiyentin əvəzinə mən qərar verməliyəm. Burnunun forması qarşı tərəfi narahat etmirsə, məni heç narahat etmir.

G.Ə. Mən isə əksini düşünürəm. Bəzən insan gəlir, amma özündə nəyi dəyişəcəyinə əmin olmur. Odur ki, yönləndirməyi özümə borc bilirəm. Tövsiyəmi dinləyən pasiyentlərim bugünədək narazı qalmayıblar.

 

- Son sual... Bir-birinizin zahiri görünüşündə dəyişmək istədiyiniz cizgi varmı? Və əməliyyata qərar versəniz, öz canınızı qarşı tərəfə əmanət edərsinizmi?

 

G.Ə. Əlbəttə, güvənərəm. Sadəcə dəqiq bilirəm ki, buna razı olmaz. Bütün cərrahlar bilir ki, istənilən əməliyyat həyat riski daşıyır. Amma Abbas razı olsaydı, bir çox dəyişiklik etmək istərdim. Biz yeni tanış olanda demişdi, qaşlarını qaldırmaq üçün bir az botoks vursaq, yaxşı olar və vurdu. Ondan sonra heç vaxt müdaxilə etmədi. Ümumiyyətlə, Abbas təbiiliyi sevən insandır. Mənə güvəndiyinə isə əminəm. Çünki bir neçə dəfə mən ona botoks vurmuşam. Amma onu olduğu kimi qəbul edirəm. Heç nəyini dəyişmək istəmərəm.


A.Ə.
Gülşəndə nəyisə dəyişmək istədiyim, bəyənmədiyim heç nə yoxdur. Özü nəyisə dəyişmək istəsə, sadəcə dəstəkləyərəm. Amma riskləri gözə alıb, daşındıraram. Həmçinin özümü də ona əmanət edərəm. Amma məsələ tək güvən deyil. Digər faktorlar da var. Qanuna görə, birinci dərəcəli qohumları əməliyyat etmək haqqımız yoxdur. Hətta bir dəfə bacım xahiş etdi ki, burnunu əməliyyat edim. Cərrahiyyə otağını hazırladıq. Amma əlim qalxmadı. Mən diqtə etdikcə, yaxın dostum olan başqa bir cərrah əməliyyatı icra etdi. Belə məhdudiyyətlərimiz olur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !