Dürrə ağacı adlı sərgi açılmışdır. -

“Dürrə ağacı” adlı sərgi açılmışdır.

Bakıda azərbaycanlı və misirli uşaq və yeniyetmələrin rəsm əsərlərindən ibarət sərgi açılmışdır
İyunun 12-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda azərbaycanlı və misirli uşaq və yeniyetmələrin rəsm əsərlərindən ibarət “Dürrə ağacı” adlı sərgi açılmışdır.
AzPRESS xəbər verir ki, açılış mərasimində Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Sabir Əbdülqədir Mənsur, Misir Mədəniyyət Mərkəzinin direktoru, doktor Mustafa Muavvad Əbdül-Tavab, “Bakı” rəsm qalereyasının direktoru Eldəniz Babayev, “Esmeralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının rəhbəri Esmiralda Tağızadə, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov çıxış edərək sərginin təşkilini yüksək qiymətləndirmişlər.
Bildirilmişdir ki, Azərbaycan Rəssamlar İttifaqı və Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin dəstəyi, “Bakı” rəsm qalereyası və “Esmeralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının təşəbbüsü ilə keçirilən sərgidə 100-dək əsər nümayiş etdirilir. Sərginin məqsədi Azərbaycan ilə Misir uşaqları arasında yaradıcılıq sahəsində sıx əməkdaşlığın qurulmasıdır.
Sərgidə əsərləri nümayiş olunan iştirakçıların yaş həddi 7-17 kateqoriyasındadır. Rəsm əsərləri yağlı və sulu boya, qarışıq texnika üslubunda çəkilmişdir. Rəsmlərin mövzusu iki ölkənin mədəniyyətini, məişətini, memarlıq abidələrini əks etdirir, eyni zamanda dini, tarixi bayramlarını, etnoqrafiyasını əhatə edir. Rəsmlər kompozisiya baxımından rəngarəng və lakonikdir. Uşaq təxəyyülü sərhədsizdir, ancaq rəsmlər arasında oxşarlıq və bənzərlik vardır. Bu, hər iki ölkənin zəngin mədəni tarixə malik olmasından xəbər verir.
Açılış mərasimində sərgi iştirakçılarına diplomlar və hədiyyələr verilmişdir. Həmçinin sərgini özündə əks etdirən rəngli kataloq da sənətsevərlərə təqdim olunmuşdur.
Ümumilikdə 25 azərbaycanlı və 15 misirli rəssamın iştirak etdiyi sərgi iyunun 16-dək davam edəcəkdir.

Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !