Şəki İpək Yolu VI Beynəlxalq musiqi festivalı uğurla başa çatıb - FOTO

Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı uğurla başa çatıb FOTO

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 1-də başlayan Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı uğurla başa çatıb.
İyulun 5-də axşam Şəki şəhərindəki Yay teatrında festivalın təntənəli bağlanış mərasimi olub.
Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfonietta” orkestri maraqlı konsert proqramı ilə çıxış edib.
Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə və Cavad Tağızadənin təşəbbüsü ilə 2004-cü ildə yaradılan bu orkestrin formalaşmasında Xalq Artisti, professor Zəhra Quliyeva və professor Nəzmiyyə Abbaszadənin də xüsusi əməyi olub. Orkestr əsasən beynəlxalq müsabiqələr laureatlarından təşkil edilib. Yaranmasından az müddət keçməsinə baxmayaraq, kollektiv bir neçə uğurlu konsertlər verib, musiqi ictimaiyyətinin diqqətini özünə cəlb edə bilib.
Beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin bədii rəhbəri və baş dirijoru olduğu “Baku Sinfonietta” orkestrinin repertuarına Azərbaycan və dünya bəstəkarlarının əsərləri daxildir.
Orkestrin ifa etdiyi musiqi parçaları, solistlər - əməkdar artist Sahib Paşazadənin (tar), Gülşən Eyvazova-Nəsibovanın (qanun), Samir Əsədovun (violin) və İsrafil Rəsulovun (truba) solo ifaları, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - əməkdar artistlər Fərid Əliyev və Afaq Abbasovanın virtuoz ifaları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Festivalın bağlanış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək şəhər sakinləri adından Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirib.
Festivalın bədii rəhbəri Firəngiz Əlizadə bu gecə Azərbaycanın qədim diyarı olan Şəkidəki Yay teatrında daha bir beynəlxalq festivalın son akkordlarının çalındığını vurğulayıb, musiqi bayramının yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə festivalın iştirakçıları və musiqiçilər adından şəhər rəhbərliyinə təşəkkürünü bildirib.
Bağlanış mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov son altı ildə Şəkidə Azərbaycan musiqisinin çox gözəl bir tarixinin yazıldığını bildirib. Vurğulanıb ki, Böyük İpək Yolu üzərində yerləşən, dünya ölkələri arasında ticarət və mədəni əlaqələrin yaranmasında önəmli rol oynayan Şəkidə keçirilən bu festival Azərbaycanın musiqi tarixinin parlaq səhifəsidir.
Mərasimin sonunda Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə festivalın bədi rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadəyə festivalın rəmzi simvolu təqdim olunub.
Bundan əlavə, bağlanış mərasimindəki uğurlu çıxışına görə Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfonietta” orkestri, festivalın televiziya yayımının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və festival çərçivəsində keçirilən konsertlərin operativ şəkildə işıqlandırılmasını təmin etdiyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC festivalın rəmzi simvolu ilə mükafatlandırılıb.
Bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !