Teymur Əhmədovun 85 illiyi ilə əlaqədar Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunda yubiley tədbiri keçirildi - FOTO ( AZpress.AZ - Rahim Qədimov)

Teymur Əhmədovun 85 illiyi ilə əlaqədar Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunda yubiley tədbiri keçirildi FOTO ( AZpress.AZ - Rahim Qədimov)

Tanınmış alim, jurnalist və publisist, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun 85 illiyi ilə əlaqədar Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunda yubiley tədbiri keçirildi. Tədbirdə həmçinin alimin seçilmiş əsərlərindən ibarət beşcildlik toplusu da təqdim olundu. İsmail Allahverdinin naşirliyi ilə nəşr olunan beşcildliyə qocaman alimin müxtəlif illərdə mətbuatda dərc edilmiş məqalələri, hekayə, povest və digər araşdırmaları, ədəbi-bədii qələm məhsulları daxildir.
Tədbiri giriş sözü ilə açan MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov professor Teymur Əhmədovun Azərbaycan mətbuatındakı böyük xidmətlərindən, xüsusən onun “Füyuzat” jurnalının yenidən nəşr edilməsindəki əvəzsiz rolundan söz açdı. Sonra tədbirin aparıcısı, “Füyuzat” jurnalının məsul katibi Mübariz Yunusov professor Teymur Əhmədovun iki əsrin canlı salnaməsi olduğunu dedi və onun yüksək insani keyfiyyətlərinin hər şeydən öncə gəldiyini vurğuladı. Bundan sonra söz alan tədbir iştirakçıları, o cümlədən tibb elmləri doktoru, professor Maqsud Qasımov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, “İşıq-qadın” jurnalının baş redaktoru Sədaqət Qəhrəmanova, professor Cahangir Məmmədli, Kənd Təsərrüfatı Nazirliyi Həmkarlar ittifaqı komitəsinin sədri Hidayət Kazımov, filologiya elmləri doktoru, professor Kamandar Şərifli, professor Minəxanım Təkləli, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, yazıçı-publisist Şəfəq Nasir, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov və digər tanınmış elm, ədəbiyyat simaları və ictimai xadimlər professor Teymur Əhmədovun həyat və yaradıcılıq yolundan bəhs etdilər, onun Azərbaycan elm və mədəniyyətindəki böyük xidmədlərindən, örnək simasından danışdılar.