Gömrükçü həyatı adlı fotosərgi keçiriləcək -

“Gömrükçü həyatı” adlı fotosərgi keçiriləcək

Dekabrın 27-də Bakı şəhərində, Muzey Mərkəzinin Sərgi Qalereyasında Dövlət Gömrük Komitəsinin əməkdaşı, həvəskar fotoqraf Aydın Mehdiyevin “Gömrükçü həyatı” adlı fərdi fotosərgisi keçiriləcək.

 

Sərginin açılış mərasimi saat 16.00-da olacaq.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan “Gömrükçü həyatı” adlı fotosərgidə Dövlət Gömrük Komitəsinin əməkdaşı Aydın Mehdiyevin müəllifi olduğu 120 şəkil sərgilənəcək.

 

Müəllif fotokameranın yaddaşına gömrük əməkdaşlarının gündəlik iş fəaliyyətilə bağlı məqamları köçürüb.

 

Şəkillər 2016-cı ilin oktyabr-noyabr aylarında, bir neçə gün ərzində Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Astara, Balakən, Biləsuvar, Tovuz, Xaçmaz, Culfa, Sədərək, Şahtaxtı və digər gömrük idarələrində çəkilib.

 

Fotolarda Azərbaycan Gömrük Xidmətinin inkişaf etmiş infrastruktura malik olmaqla - quru, hava və dəniz yollarında ölkəmizin iqtisadi mənafeyini və təhlükəsizliyini hansı səviyyədə qorumasından, qaçaqmalçılığa qarşı necə mübarizə aparmasından, ümumiyyətlə, gömrük əməkdaşlarının fəaliyyətindən bəhs edilir.

 

Azərbaycanda indiyədək bir sıra sərgiləri keçirilən Aydın Mehdiyev, eyni zamanda, ölkə xaricində təşkil olunan fotosərgilərə qatılıb.

 

BP şirkətinin Avropa paytaxtlarında - London, Paris, Cenevrə və digər şəhərlərdə keçirdiyi “Azərbaycan obyektivdə” adlı fotosərgidə iştirak edib, ABŞ-ın nüfuzlu “View Bug” fotomüsabiqəsində isə onun əsəri peşəkar fotoqrafların müsabiqəyə təqdim etdiyi 116 min foto arasında ilk onluğa düşüb.

 

2012-ci ildə Azərbaycanda “İlin fotoqrafı” adını qazanan Aydın Mehdiyev həmin ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Azərbaycan diasporu Rusiyada” adlı fotosərginin iştirakçısı olub, həmçinin Sankt-Peterburq şəhərindəki B.N.Yeltsin adına Prezident Kitabxanasında keçirilən fotomüsabiqədə “Müasir texnologiyalar” nominasiyası üzrə I yerə layiq görülüb.

 

18 ildən artıq gömrük orqanlarında xidmət edən Aydın Mehdiyev elmi nailiyyətləri ilə də diqqət çəkir. Fizika-riyaziyyat elmləri namizədi, texnika elmləri doktoru olan Aydın Mehdiyev 56 elmi məqalənin, iki kitabın müəllifidir.

 

Ümidvarıq ki, “Gömrükçü həyatı” adlı fotosərgi Dövlət Gömrük Komitəsinin 25 illik yubileyi ərəfəsində Azərbaycan gömrüyünün nailiyyətlərinə nəzər salmaq üçün daha bir əyani vasitə olacaq.

 

Sərgi dekabrın 30-dək davam edəcək.

 

Ünvan: Bakı şəhəri, Muzey Mərkəzi, Neftçilər prospekti, 49

 

Əlaqə: (+99412) 4935883 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !