Akif AĞAYEV : - 1=11, KİMƏ NƏYİ TƏLQİN EDİR?

Akif AĞAYEV : 1=11, KİMƏ NƏYİ TƏLQİN EDİR?

Bəzən ayların sultanı Ramazanda israf etdiyin yeyib-içmək 11 ayın məsrəfinə bərabər olur. Baş açmaq olmur. Məgər orucluq ayı yeyib-içmək, qonaqlıq ayıdır? Hələ bu müqəddəs ay girməmişdən “optovoy” ərzaq sifariş verən, yəni hər cür tədarük görən hacıları, müsafirləri qəribə təamlarla qarşılamağa şakər edən şöhrətpərəst kərbəlayi, məşhədiləri demirəm. Axşam azanınacan səbri tükənən “pəhrizkar”ları, şam namazı vaxtı fikri iftar süfrəsində qalan “dietabaz”ları desəm lap ayıb olar. 30 gün süfrə yarışına çıxanların (bu ayın fəzilətini dərk etməyənlərin) bəhsə-bəhsi bax, beləcə davam edir.
Görəsən, bunlardan hansı qonşudakı kasıb qapısını taqqıldadıb soruşub ki, nə var, nə yox?..
Qərəz, niyə başınızı ağrıdım? Dəxi uzun-uzadı danışmaq nə gərək? Kim necə qanırsa, elə də əməl edir.
İstəyirəm söhbəti qısa eləyəm, yadıma təzəsi düşür: kasıb bir kəndli həmən bu “rütbə”lilərdən birinə necə salam verib “nə var, nə yox” edibsə, sözü ağzında quruyub...
– 10 dəfə Məşhədi, 8 dəfə Kərbəlanı ziyarət edib, bir ətək pul töküb Hacı adı almamışıq ki, hər yoldan ötən bizi adımızla çağırsın...
Üz-gözü turşuyan “ibadət əhli”nə cavab verməyə cürət etmədi biçarə kasıb. Səhər-səhər evdən çıxanda hardan biləydi ki, nələr görüb, nələr eşidəcək?..
Görəsən, bu yazını oxuyan həmən o “ağzıdualı” müsəlmanın qəlbinə bir damla nur çilənərmi? Yoxsa, qəzəb və hirsdən, təkəbbürdən qara nöqtə bir az da böyüyəcək?


AKİF VAQİFOĞLU. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !