Ailədə üçüncü, dördüncü… uşaq: Onlar sizi qorxudurmu?

 Azərbaycanda 1999-2009-cu illər arasında 3 və daha çox uşaqlı ailələrin sayı 22 faiz azalıb.

 


"İstəyirik uşaqlarımız bacı-qardaşlı, nəvələrimiz əmili-bibili, xalalı-dayılı olsun", 27 yaşlı Xəyalə Yusifova BBC Azərbaycancaya deyir.
Hökumət 3 və daha artıq uşağı olan ailələrə maddi yardım edir, rəsmilər deyirlər.
Ekspertlər son 3 ildə doğumun aşağı düşdüyünü qeyd edir.
Azərbaycanda çoxuşaqlı ailələrin sayı on ildə təxminən iki dəfə azalıb, rəsmi statistika bunu göstərir.

 


"Bir dövr 3 uşaqlı ailələrin sayı artdı"

 


"Son üç ildə doğum səviyyəsi aşağı düşüb, 1991-ci illə müqayisədə çox aşağı düşüb", Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi, demoqraf Rüfət Əfəndiyev BBC Azərbaycancaya deyir.
Onun sözlərinə görə, 2003-2013-cü illər arasında ailədə 3-cü uşağın doğulması hallarının artdığını müşahidə edib:
"Həmin dövrdə müəyyən maddi stabillik yaranmışdı. Müşahidələrimə görə, ailələrdə 3-cü uşaq doğulurdu. Bilmirəm, manatın devalvasiyasına görə, ya nədənsə, son 3 ildə doğum səviyyəsi aşağı düşüb".
Demoqraf Əfəndiyev vurğulayır ki, bu barədə daha dəqiq statistika əhalinin növbəti siyahiya alınmasından sonra bilinəcək.
Əhalinin növbəti siyahıya alınması 2019-cu ildə keçiriləcək, Dövlət Statistika Komitəsindən BBC Azərbaycanca bildirilib. Əhalinin siyahiya alınması hər 10 ildən bir keçirilir.

 


"Çox uşaq ananın işini yüngülləşdirir"

 


"İki uşağımız var, amma istəyirik, 4 uşağımız olsun", evdar qadın Xəyalə Yusifova deyir. İqtisadi kibernetika üzrə ali təhsil almış Xəyalə Yusifova hesab edir ki, uşaqlar bacılı-qardaşlı, nəvələr isə qohum-əqrəbalı olmalıdır:
"Yoldaşım mühəndisdir, neft şirkətlərinin birində çalışır. Düşünür ki, 4 uşağın maddi ehtiyaclarını qarşılaya bilər. Lazım gələrsə, mən də işləyərəm".
Uşaqların təhsili Xəyalə xanımı qorxutmur, deyir, məktəbin verə bilmədiyini özü verəcək, yəni, uşaqlarla əlavə məşğul olacaq.
"Çox uşaq ananın işini yüngülləşdirir", 35 yaşlı Rübabə Ovçuyeva belə düşünür. BBC Azərbaycancaya müsahibəsində Rübabə Ovçuyeva deyir ki, 3 uşağı olsa da, xüsusi bir çətinlik hiss etmir:
"İşləyirəm, ali təhsilim var, amma eyni zamanda 3 uşaq böyüdürəm, məncə, "çox uşağa baxmaq çətindir" baxışı bir bəhanədir. Bir uşaq ananı özündən asılı edir, çox uşaq olanda isə onlar bir-birləri ilə oynayır, bir-birini öyrədir. Rübabə Ovçuyeva deyir.
Ancaq iki azyaşlı qız anası Könul Tağıyeva 3-cü uşaq haqqında ümumiyətlə düşünmədiyini söyləyir. Niyəsini o belə izah edir:
"Əgər uşağına yaxşı təhsil vermək istəyirsənsə, birinə bu imkanı güclə yaradırsan. Tək məktəblə iş bitmir. Bunun məşğələsi, instituta hazırlaşması var. Üstəlik, həkim, dava-dərman od qiymətinədir".
Könül Tağıyevanın hesablamasına görə, bir uşağın aylıq xərci 300-400 manatı ötür.
çoxuşaqlı ailəFotonun müəllifiGETTY IMAGES
Image caption
5 uşaqdan artıq ailələrdə hər uşağa görə 30 manat müavinət verilir

 


30 manatlı müavinət

 


Hökumət 5-dən artıq uşağı olan ailələr üçün müəyyən güzəştlər edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BBC Azərbaycancaya bildirilib ki, "beşdən çox uşağı olan qadınların hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin edilib".
Nazirlik hesab edir ki, ailələrdə 3 və daha artıq uşaqların doğulması azalsa da, nikahların artması bir və iki uşaqlı ailələrin sayının da çoxalmasına səbəb olub: "Bu da nəticədə ölkədə uşaqların və ümumilikdə, əhalinin sayına müsbət təsir edib".
Azərbaycanca Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, hökumət aiələlərdə çoxuşaqlı stimullaşdırmağa çalışır və çoxuşaqlı ailələrə hər uşaq üçün 30 manat müavinət verir.
Bu il hər uşağı üçün 30 manatlıq müavinət alan anaların sayı 9 mindən artıqdır. Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyir.
Bəs 30 manat bir uşağın aylıq xərcini qarşılamağa yetirmi?
Aynur Veysılova deyir ki, hazırda parlamentin aidiyyətli komitələri gələn ilin büdcəsində bu müavinətin artırılmasını təklif ediblər.
Əgər 1999-cu ilə qədər 18 yaşa qədər uşaqları olan ev təsərrüfatlarında 3 və daha artıq uşaqlı ailələrin sayı 539 min olubsa, 10 il sonra bu rəqəm 387 minə düşüb.
Dövlət Statistika Komitəsinin 1999 və 2009-cu illərdə apardığı əhalinin siyahıyaalınması məlumatlarının müqayisəli təhlilinə görə, azalma həm şəhər, həm də kənd yerlərində müşahidə olunub.
Məsələn, əgər 1999-cu ilin nəticələrinə əsasən, kənd yerlərində 3 və 4 uşaqlı ailələrin sayı 48 faiz olubsa, 2009-cu ilin nəticəsinə görə, belə ailələr 33 faiz təşkil edib.
Halbuki 1999-2009-cu illər arasındakı 10 il ərzində 18 yaşaqədər uşaqları olan ev təsərrüfatlarının sayı 350 min artıb.

 

BBC Azərbaycan.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )