Şəxsiyyət zirvəsi - Abel MƏHƏRRƏMOV

Dövlət müstəqilliyimizin bərpasından keçən 26 il Azərbaycana bir çox mühüm nailiyyətlər qazandırıb. Bu illərin hər biri milli dövlətçilik ənənələrimizlə bağlı böyük bir tarixi irsi əks etdirir. İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 2003-cü ilin də bu tarixdə xüsusi yeri var.

 

Həyatın hər anı özünəməxsus cəhətləri ilə xarakterikdir. Bu cəhətlər dövrün ab-havasına, zamanın çağırışlarına, zərurət və gerçəkliklərinə uyğun olaraq müəyyənləşir. Ümumimilikdə götürsək, tarixin rəvan və öz ahəngi ilə davam edən dövrü heç zaman olmayıb. Əgər hansısa mərhələ belə görünürsə, bu rəvanlığı, ahəngi təmin edən yenə də insanın gərgin zəhmətidir. Cənab
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 2003-cü il isə yeni tariximizin məsuliyyətli bir dövrünə təsadüf edir.
Əlbəttə, belə bir xarakterizə ilə 2003-cü ili ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdığı 1993-cü ildəki dövrün çətinlikləri ilə müqayisə etmək istəməzdik. O zaman vəziyyət daha ağır idi. Mərkəzləşmiş təsərrüfat sisteminin dağılmasından sonra öz milli iqtisadiyyat modelini qurmağa hələ macal tapmayan və saysız-hesabsız sosial-iqtisadi çətinliklərlə üzləşən cəmiyyət nə edəcəyini bilmirdi. Ölkənin taleyini qısamüddət ərzində bir-birinə ötürən təsadüfi insanların səriştəsizliyi ucbatından respublika böhran həddinə gəlib çatmışdı. Azərbaycanda bu gün qan çanağına dönmüş bir çox Şərq ölkələrində izlədiyimiz faciələrin ilk cücərtiləri müşahidə olunurdu. Respublikamız vətəndaş müharibəsinə sürüklənirdi. Milli varlığımız təhdid altına salınırdı. Müxtəlif regionlarda baş qaldıran separatizm meyilləri ilə Azərbaycanın parçalanması, dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi getdikcə güclənirdi. Belə bir məqamda Heydər Əliyev xalqı taleyin ümidinə buraxmayaraq Azərbaycanın gələcəyinə görə məsuliyyəti üzərinə götürdü, əslində, öz həyatını risk altına qoydu. Ona hər addımında dəstək verən, zəkasına, müdrikliyinə güvənən xalqla çiyin-çiyinə çıxdığı dövlət quruculuğu yollarında Heydər Əliyev dəfələrlə sui-qəsd cəhdləri ilə üzləşdi, müxtəlif təxribatlarla rastlaşdı. Amma bunların heç biri ulu öndərin qətiyyətini sarsıtmadı, onu tutduğu haqq yolundan çəkindirmədi.

 

 

Xilaskarlıq missiyası

 

 

Məhz Heydər Əliyevin yüksək əzmi, siyasi iradəsi sayəsində Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi həyata keçirildi. Heydər Əliyevin özünəməxsus müdrikliklə atdığı addımların nəticəsi kimi bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm tədbirlər görüldü, digər tərəfdən isə atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs əldə olundu ki, bu da cəmiyyətdə ictimai-siyasi sabitliyin təmin edilməsinə, mövcud resursların ölkəmizin sosial-iqtisadi inkişafına yönəldilməsinə, Azərbaycanın qüdrətli gələcəyini nəzərdə tutan iri investisiya layihələrinin reallaşdırılmasına imkan verdi.
Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və gerçəkləşdirilməsi Heydər Əliyevin rəhbərliyi ilə aparılan dövlət quruculuğu prosesinin ən mühüm uğurlarından idi. Bu böyük dövlət adamının təşəbbüsü ilə mühüm siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol aldı.
“Böyük İpək yolu”, “Bakı-Tbilisi-Ceyhan” neft, “Bakı-Tbilisi-Ərzurum” qaz və s. bu kimi enerji-kommunikasiya layihələri ilə dünyanın siyasi mənzərəsinə təsir göstərən möhtəşəm tarix yazıldı. Bu layihələr hesabına region qüvvələrinin böyük bir coğrafi məkanda birləşərək həmrəylik əldə etməsi təmin olundu.
Ulu öndərin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə bağlı pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyuldu. Bütün qanunsuz silahlı dəstələr ləğv olundu. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Azərbaycan dövlətçiliyinə qarşı qəsd cəhdləri dəf edildi. Bütün təzyiq və təhdidlərə rəğmən dövlət müstəqilliyimiz qorunub saxlandı. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi geniş vüsət aldı. Bu prosesin də əsasını layihəsi Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası təşkil edirdi.

 

 

Dövlət qurucusu

 

 

Ondan sonrakı dövrdə də Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər bu prosesi cəmiyyətin milli vəhdəti zəminində həyata keçirməyə müvəffəq oldu. Başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın - azərbaycançılıq ideologiyasının əsasını qoydu. Azərbaycanın hər bir vətəndaşının azad, sərbəst yaşamaq hüquqlarını təmin etdi. İnsanlara öz rifahlarını yaxşılaşdırmaq imkanları yaratdı.
Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində də Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim böyük əzmkarlıq göstərir, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul edirdi.
Azərbaycan 2003-cü ilin oktyabrına ulu öndərin uzunmüddətli gərgin zəhməti hesabına əldə olunmuş bu qədər milli nailiyyətlərlə gəlib yetişmişdi. Amma bütün bunlar 2003-cü ildəki tarixi şəraitin heç də çətinliklərdən xali, rahat, asan bir dövr olduğuna dəlalət etmirdi. Bu dövrü xüsusilə məsuliyyətli edən ən mühüm səbəb Heydər Əliyevin min bir zəhmət bahasına, bəzən həyatını təhlükəyə ataraq aydın inkişaf yoluna çıxardığı Azərbaycanın milli-strateji inkişaf kursunun davamlılığının təmin olunması, bu yolda qazanılmış nailiyyətlərin qorunaraq daha da inkişaf etdirilməsi, ölkəmizin yürütdüyü müstəqil xəttin, başqa ölkələrlə bərabərhüquqlu münasibətlərinin ardıcıllığı, cəmiyyətdə ictimai-siyasi sabitliyin, hərtərəfli inkişaf mühitinin möhkəmləndirilməsi, toplumun demokratik, sivil inkişaf, vətəndaş cəmiyyəti quruculuğu, ölkənin insan kapitalı ilə gələcəyə hazırlanması kimi mütərəqqi ideyalardan uzaq düşməməsi kimi amillər idi.
Böyük dövlət adamlarının cismani sağlığı dövründə ölkənin tutduğu inkişaf xəttinin onlardan sonra yarıda qırılmasına ayrı-ayrı dövlətlərin, xalqların tarixi keçmişində çox şahid olmuşuq. Azərbaycan kimi mühüm geostrateji mövqeyə, qlobal proseslərə təsir imkanlarına malik ölkələrdə bu cür anları səbirsizliklə gözləyən fürsətcil qüvvələrsə hər zaman çox olub. Heydər Əliyevdən sonrakı Azərbaycan onların nəzərində öz maraqlarını asanlıqla gerçəkləşdirə biləcəkləri açıq meydan kimi görünürdü. Ulu öndərdən sonra ölkəmizə rəhbərlik edəcək liderin kimliyi bu baxımdan da çox önəmli idi.
Digər tərəfdən, zamanın axarına təsir göstərən hər bir böyük dövlət adamının sağlığında özünün başa çatdıra bilməyib, icrasını mühüm vəzifə kimi gələcək nəsillərin öhdəsinə buraxdığı bir çox işlər, strateji planlar olur. 2003-cü ildə Azərbaycan xalqı qarşısında dayanan belə hədəflər ona görə çox idi ki, ölkəmiz ötən əsrin 90-cı illərindən yaşadığı keçid dövrünü artıq başa çatdırırdı. Buna uyğun olaraq Azərbaycanda yeni inkişaf mərhələsi başlanmalı idi. Ulu öndərin 90-cı illərin ortalarından həyata keçirdiyi islahatların, azad bazar iqtisadiyyatının inkişafı üçün yaratdığı hərtərəfli mühitin, yerli və xarici sahibkarlara siyasi dəstəyinin praktik nəticələri, reallaşdırılan irimiqyaslı investisiya layihələrinin gəlirləri Azərbaycan həyatına məhz yeni əsrin ilk illərindən daxil olmağa başlamışdı. İndi Azərbaycan xalqı qarşısında dayanan ən mühüm vəzifə bu tarixi nailiyyətləri göz bəbəyi kimi qoruyaraq milli dövlətçiliyimizi daha da möhkəmləndirmək, onun inkişafı proseslərində el birliyi ilə fəallıq göstərmək idi.

 

 

Ən layiqli seçim

 

 

Azərbaycan xalqı ölkənin gələcəyini istisnasız olaraq Heydər Əliyev ideyalarının davamında görürdü. Çünki ulu öndərin həyata keçirdiyi hüquqi dövlət quruculuğu prosesləri cəmiyyətimizdə siyasi mədəniyyət səviyyəsini də gücləndirmişdi və cəmiyyət fərqində idi ki, dünyanın müxtəlif qütblərində dinc insanları bəlalara düçar edən dağıdıcı inqilablardan, hakimiyyətlərin zorakılıqla qəsbindən, hərbi çevrilişlərdən fərqli olaraq yalnız tədrici təkamül yolu ilə öz milli hədəflərinə yetişə bilər. Heydər Əliyevin ardıcılı kimi bu xətti davam etdirə biləcək alternativsiz lider isə bu böyük dövlət adamının yetirməsi və gənc silahdaşı, 2003-cü ilin oktyabrına qədər fəaliyyət göstərdiyi bir çox sahələrdə Azərbaycana böyük uğurlar qazandırmış İlham Heydər oğlu Əliyev idi.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti statusunda göstərdiyi əzmkar fəaliyyət cənab İlham Əliyev haqqında cəmiyyətdə dolğun təsəvvür formalaşdırmışdı. İlham Əliyev fenomeni qısa müddət ərzində Azərbaycan siyasətinə güclü təsir imkanları qazanmışdı. Yarım əsrə bərabər bir müddətdə Azərbaycanda siyasət və dövlət xadimlərinin yetişməsində müstəsna rol oynayan Heydər Əliyev ilə birgəliyi, Moskva Beynəlxalq Münasibətlər İnstitutunda mükəmməl təhsil alması, bir neçə xarici dildə sərbəst danışmaq vərdişinə yiyələnməsi, beynəlxalq elitar siyasi dairələrlə sıx təmasları, bu və ya digər problem ətrafında müzakirələrin fəal iştirakçısı kimi yetişməsi, çağdaş Qərb liderlərinə xas imici İlham Əliyev fenomenini cəmiyyət üçün cəlbedici etmişdi. Digər siyasətçilərdən fərqli olaraq, onun siyasi portretində peşəkar siyasətçi, lider, bacarıqlı iqtisadçı, təcrübəli diplomat, yüksək idarəçilik vərdişlərini özündə birləşdirmiş dövlət xadimi keyfiyyətləri üst-üstə düşürdü.
Xalq onun Azərbaycan üçün ən layiqli seçim olduğuna inanırdı. Bu inamı 2003-cü ilin prezident seçkisi zamanı
İlham Əliyevə ümumxalq dəstəyinə çevirən ən mühüm amillərdən biri isə bu idi ki, qurub-yaratdığı müstəqil Azərbaycanı milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə məhz İlham Əliyevin çatdıra biləcəyinə ulu öndərin özündə də böyük inam vardı. Bu inam Heydər Əliyevin seçki ərəfəsində Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində də öz əksini tapmışdı. Ulu öndər tarixi müraciətinin sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini
İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Müdrik və qədirbilən xalqımızın Heydər Əliyev dühasına sonsuz sevgisi, cənab İlham Əliyevin şəxsiyyətinə və siyasi liderlik keyfiyyətlərinə dərin inamı 2003-cü ilin prezident seçkilərində qəti sözünü dedi. Xalqın xeyir-duası ilə Prezident seçilən cənab İlham Əliyevin oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm” - deməsi onun ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə necə sadiq olduğunu bir daha nümayiş etdirirdi.

 

 

Milli hədəflərə doğru

 

 

Bu mərasimdə dövlət başçısı Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini dəqiq xarakterizə etməklə yanaşı, növbəti illər üçün özünün əsas fəaliyyət prioritetlərini açıqlamışdı: güclü dövlət, sabitliyə təminat, hər kəs üçün sosial rifah! Qısa müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə bu hədəflərə doğru atılan addımlar və əldə edilən mühüm nailiyyətlər Azərbaycan xalqının öz seçimində qətiyyən yanılmadığını göstərdi. Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsindən bəhrələnən İlham Əliyev müstəqil Azərbaycan dövlətinin gələcəyi ilə bağlı böyük qətiyyət göstərdi. Prezident Azərbaycan dövlətçiliyini hər cür cinayətkar qəsdlərdən qorumağa qadir güclü lider olduğunu, milli maraqlar naminə cəsarətli qərarlar qəbul etmək bacarığını qısa müddət ərzində nümayiş etdirdi. Respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş bütün cəhdlərin qarşısı xalqın dəstəyi ilə alındı. Cəmiyyətdə barış, həmrəylik ovqatı daha da gücləndirildi. Cənab İlham Əliyev ən mürəkkəb siyasi vəziyyətlərdə belə bir lider kimi birləşdirici keyfiyyətləri sayəsində xalqı öz ətrafına, Heydər Əliyev ideyalarının işığına toplamağı bacararaq cəmiyyətimizdə yeni bir mənəvi mühit, dövlətçilik təfəkkürü formalaşdırdı. Ulu öndərin möhkəm təməllər üzərində formalaşdırdığı idarəçilik ənənələrini davam etdirərək xalqımıza milli dövlətçilik tariximizin ən böyük uğurlarını qazandırdı.
“Mən hər bir azərbaycanlının Prezidenti olacağam” - deyə bəyan edən dövlət başçısı 14 illik çoxşaxəli fəaliyyəti ilə bu nəcib niyyətini bütünlüklə doğrultdu. Sistemli və düzgün koordinasiya olunmuş işlə xalq qarşısında verdiyi bütün vədlərə sadiqliyini sübuta yetirdi. İlham Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğu proseslərinin, ölkənin demokratik inkişafının davamlılığını təmin etdi. Bunun üçünsə respublikamızın sosial-iqtisadi potensialını gücləndirdi. Çünki demokratik inkişaf üçün iqtisadi əsasların olması çox mühümdür. Azərbaycan Prezidentinin özünün də qeyd etdiyi kimi, əsl demokratik cəmiyyət formalaşdırmaqdan ötrü, birinci növbədə, maddi baza olmalıdır. Demokratik inkişaf möhkəm iqtisadi təmələ əsaslanmalıdır. Güclü iqtisadiyyat olmasa, səmərəli iqtisadi islahatlar keçirilməsə, şübhəsiz, demokratiyanın inkişafı üçün lazımi şərait ola bilməz. İqtisadiyyatı zəif olan ölkələrdə demokratik inkişaf proseslərinin zəifliyi, bunun əksinə, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə demokratik proseslərin sürətlə getməsi bu qanunauyğunluğa əsaslanır. Cənab
İlham Əliyev Azərbaycana rəhbərliyinin ilk dövrlərindən bəyan etdi ki, ölkəmizdə iqtisadi islahatlar siyasi islahatlarla paralel getməlidir. Bu iki amil məntiqi cəhətdən bir-birini tamamlamalıdır. Azərbaycan Prezidenti bu paralelliyi təmin edə bildi.
İlham Əliyevin gərgin səyləri nəticəsində Azərbaycan keçid iqtisadiyyatını başa çatdırdı. Ölkədə həyata keçirilən mükəmməl sosial-iqtisadi inkişaf strategiyası ilə inkişafın Azərbaycan modeli formalaşdı. Bu model aparılan siyasətin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət etdi.
Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu dövrdə istifadəyə verildi. “Ümid”, “Abşeron” kimi perspektivli qaz yataqları kəşf olundu. Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanıldı. Ölkə əhəmiyyətli yol-nəqliyyat sistemi, infrastruktur müasirləşdirildi. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsinə əsas yaratdı. Bu fakt Azərbaycanın dünya birliyi üçün önəmini artırdı. Beynəlxalq aləmdə ölkəmizin mövqeləri daha da gücləndi.

 

 

Lider qətiyyəti

 

 

İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan xarici siyasət sahəsində də yeni uğurlara imza atdı. Azərbaycan Prezidentinin xarici siyasət kursu müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində quruldu. Ölkəmizin Avropa Birliyinin “Yeni Qonşuluq Siyasəti” proqramına qoşulması, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və 2012-ci ildə şuraya qısamüddətli sədrlik etməsi və s. bu kimi yeniliklər cənab
İlham Əliyevin xarici siyasət kursunun tarixi uğurlarıdır.
Azərbaycanın diplomatiya sahəsində qazandığı nailiyyətlər beynəlxalq aləmin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə münasibətində üstünlüyü xeyrimizə dəyişmiş, son illərdə dünya birliyi Azərbaycanın problemlərinə daha ədalətlə yanaşmağa başlamışdır. Çünki dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən yaxşı dərk olunur ki, Avropanın enerji təhlükəsizliyinin təminatı üçün Azərbaycanın böyük potensialından istifadə ilk növbədə ölkəmizin təhlükəsizliyinin təminatından keçir.
Prezident İlham Əliyev dövlətə rəhbərlik fəaliyyəti dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün yüksək fəallıq nümayiş etdirmiş, birmənalı və prinsipial mövqe tutmuşdur. Dövlət rəhbəri dəfələrlə bəyan etmişdir ki, Azərbaycan dövləti ərazisində ikinci erməni dövlətinin yaranmasına heç zaman yol verməyəcəkdir. Sülh danışıqlarına paralel olaraq bu illərdə Azərbaycanda ordu quruculuğu istiqamətində də tarixi nailiyyətlər əldə edilmişdir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü ordusuna malikdir. Bu müzəffər ordunun Ali Baş Komandanının bircə əmri ilə nələr edə biləcəyinə 2015-ci ilin aprel döyüşlərində hər kəs bir daha şahid oldu. Azad edilmiş Cocuq Mərcanlı kəndində qısa müddətdə görülən işlər sübut etdi ki, Azərbaycan işğal olunmuş bütün torpaqlarımızdan düşməni hərbi yolla cəmi bir neçə gün içində rədd edərək bu torpaqlara yenidən həyat, abadlıq, inkişaf gətirməkdən ötrü hər cür imkanlara malikdir. Ordumuza hücum əmrinin verilməməsi isə münaqişənin sülh yolu ilə həlli perspektivlərinin tam tükənməməsi, insan itkisinə yol verilməməsi istəyi, Azərbaycanın sülh, humanizm prinsiplərinə sadiqliyindən irəli gəlir. Eyni zamanda, bu gün səfalət içində yaşayan və gündən-günə geri gedən Ermənistanla müqayisədə Azərbaycanın getdikcə qüdrətlənməsi, respublikamızın bütün dünyada ən böyük inkişaf tempinə malik ölkələrdən biri statusunu illərdir qoruması cəmiyyətlər arasındakı inkişaf fərqi bu məsələnin həllində Azərbaycanın xeyrinə yeni perspektivlər açır ki, zaman keçdikcə bunun nəticələrinə şahid olacağıq.

 

 

Sülh və dialoq məkanı

 

 

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlərlə qlobal problemlərin müzakirəyə çıxarıldığı dialoq məkanına çevrilib. Bütün dünya indi ölkəmizi mədəniyyətlərin təmas yeri, tolerantlıq, multikulturalizm ünvanı kimi tanıyır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın irəli sürdüyü humanitar təşəbbüslər Azərbaycandan qloballaşan dünyamıza humanizm ideyalarının yayılmasına, müasir dünyamızda ümumbəşəri dəyərlərin üstünlük qazanmasına xidmət edir. Son bir neçə ildə Azərbaycanda “Avrovision” beynəlxalq mahnı müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” yarışları kimi mühüm mədəniyyət tədbirlərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin dünyada tanınması, ölkəmizi görmək istəyən xarici qonaqların sayının artması nəticəsində milli iqtisadiyyatımızda turizm istiqamətinin formalaşması cənab İlham Əliyevin həyata keçirdiyi dövlət quruculuğu prosesinin təntənəsidir.
Azərbaycan Prezidenti cəmiyyətin bütün əhəmiyyətli sahələrinin inkişafı üzrə konkret proqramlara malikdir. Peşəkar menecer kimi öz komandasını bu proqramlarda irəli sürülən strateji vəzifələrin yerinə yetirilməsinə səfərbər edə bilib. Cənab İlham Əliyevin tətbiq etdiyi milli inkişaf modeli ölkəmizin sosial-iqtisadi inkişafı prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunmasına, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsinə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına, faydalı məşğulluğunun təmin edilməsinə şərait yaradıb. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün
cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas istiqamətlərinə çevrilib. Bütün bunları hüquqi sferada aparılan davamlı islahatlar, hakimiyyət qollarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, dövlət-vətəndaş münasibətlərində “ASAN xidmət” kimi dünyaya örnək olan mükəmməl nümunələr tamamlayır. Ən mühümü, hər bir Azərbaycan vətəndaşı baş verən müsbət dəyişiklikləri öz gündəlik həyat və məişətində hiss etməyə başlayır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində də sıravi insanların maraqları, arzuları, hökumətdən gözləntiləri dayanır və onun yürütdüyü siyasəti uğurlu edən də elə budur. Bu marağı əsas götürərək dövlət rəhbəri bütün ölkəni başdan-başa abadlıq meydanına çevirib. Ölkəmizin çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilərək vətəndaşların istifadəsinə verilir. Azərbaycanın uca dağ başındakı ən ucqar kəndlərində də mavi yanacaq, abad yollar, rabitə xətləri, yeni sosial infrastruktur obyektləri görən vətəndaşlarımız dövlət müstəqilliyinin necə misilsiz dəyər olduğunu bu işlərdə, bu əməllərdə anlayırlar. Bütün bunlar cəmiyyətimizdə mənəvi ab-havanın daha da yaxşılaşmasını, milli vəhdəti təmin edən, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadını, sevgisini və rəğbətini daha da artıran çox mühüm amillərdir.

 

 

Gələcək qarşısında

 

 

Elə bir zamanda yaşayırıq ki, indi cəmiyyətlərin gələcəyə hazırlanmasına tarixin heç bir dövründə olmadığı qədər böyük ehtiyac var. Çünki innovasiyalar, yeni nəsilləri bir-birini əvəz edən texnologiyalar həyatımızı çox sürətlə dəyişir. Bu texnologiyaların inkişaf sürəti ilə ayaqlaşmağı labüd edir. Yaxın gələcəyin ən qüdətli dövlətləri məhz o dövlətlər olacaq ki, bu sürətlə ayaqlaşmaqdan ötrü lazımi tədbirləri həyata keçirə bilsin. Azərbaycan Respublikası Prezidentinin verdiyi bütün qərarların, imzaladığı proqramların, həyata keçirdiyi genişmiqyaslı tədbirlərin mahiyyətinə diqqət yetirdikdə, rəhbərlik etdiyi ölkəni yeni bir gələcəyə hazırlayan dövlət başçısının uzaqgörən yanaşmalarını görürsən. Milli təhsil sistemində aparılan islahatlar, insan kapitalının cəmiyyət üçün ən başlıca strateji hədəflərdən biri olaraq müəyyənləşməsi, gənclərimizin xarici ölkələrin nüfuzlu universitetlərində gərəkli ixtisaslara yiyələnməsinə verilən dövlət dəstəyi, Azərbaycan universitetlərinin inkişaf etdirilməsi, ölkəmizdə yaradılan texnologiya parkları, müxtəlif innovativ layihələrin reallaşdırılmasına göstərilən kömək və s. bütün bunların hər biri Azərbaycanın yeni dövrün çağırışlarına cavab verməsi üçündür.
Zaman keçəcək, vaxt öz yaddaşında Azərbaycanın milli dövlətçilik tarixinin yeni-yeni nailiyyətlərini simvollaşdıracaq. Ulu öndər Heydər Əliyev kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsiyyət obrazı da hər zaman bu nailiyyətlərin zirvəsində görünəcək. Çünki Azərbaycan dövlətini ədədi edən və tarixinin ən qüdrətli çağlarına yetirən intibah dönəmi bu adlardan başlanır.


Abel MƏHƏRRƏMOV,
akademik 

AZƏRBAYCAN

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

..send- /..Abel MƏHƏRRƏMOV /..İlham Əliyev /..Heydər Əliyev /..vətəndaş müharibəsi /..“Əsrin müqaviləsi” /..“Böyük İpək yolu” /..“Bakı-Tbilisi-Ceyhan” /..“Bakı-Tbilisi-Ərzurum” /..Dövlət Neft Şirkəti /..Yeni Azərbaycan Partiyası /..Milli Məclis /..Milli Olimpiya Komitəsi /..Moskva Beynəlxalq Münasibətlər İnstitutu /..Dağlıq Qarabağ /..Ermənistan-Azərbaycan /..Cənubi Qafqaz /..UNESCO /..ISESCO /..Mehriban Əliyeva /..“ASAN xidmət” /..