Ən çox ziyarət edilən muzey- - Azərbaycan Milli Xalça Muzeyi +FOTO=12 (Bağırzadə Əqdəs - AZpress.AZ)

Ən çox ziyarət edilən muzey- Azərbaycan Milli Xalça Muzeyi +FOTO=12 (Bağırzadə Əqdəs - AZpress.AZ)

 2019-cu il Azərbaycan Milli Xalça Muzeyi üçün bir çox önəmli hadisələrlə
yadda qaldı. Bu il bu mədəniyyət ocağı 122143 nəfər ziyarətçi sayı ilə öz
rekordunu yenilədi, respublikada ən çox ziyarət edilən muzey oldu.
Builki ən önəmli hadisələrdən biri də Azərbaycan Milli Xalça Muzeyinin
ölkəmizdə ilk inklüziv muzey kimi fəaliyyətə başlaması, hər kəs üçün əlçatan
məkana çevrilməsidir. Belə ki, artıq burada fiziki məhdudiyyətli
insanların muzeyə
daxil olması, ekspozisiya ilə tanışlıq məsələləri öz həllini tapıb.
Qeyd edək ki,
muzeyin inklüziv proqramları haqqında bəyanatlar ICOM, NEMO kimi nüfuzlu
beynəlxalq muzey təşkilatlarına təqdim olunub. Uğurlu təcrübəmiz xarici
ekspertlər tərəfindən yüksək qiymətləndirilib, ICOM Kanada, İntercom, NEMO və
CAMOC komitələri bunu mühüm xəbər kimi öz saytlarında paylaşıb.
“Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf
etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın 7.1.6 (Xarici
ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının Azərbaycana
mənsubluğunun göstərilməsi istiqamətində fəaliyyətin həyata
keçirilməsi) bəndinin
icrası istiqamətində Azərbaycan Milli Xalça Muzeyinin keçirdiyi məqsədyönlü
fəaliyyət nəticəsində Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin
ekspozisiyasında Azərbaycana aid eksponatların etiketajına düzəlişlər
edilib. Belə
ki, xalçalar haqqında məlumatda onların toxunduğu yer kimi artıq Azərbaycan
göstərilir. Bu proqramın 7.1.3-cü bəndinin (Ölkə daxilində və xaricdə muzeylərdə
və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaları barədə kataloqun
hazırlanması) icrası ilə bağlı Türk İslam Əsərləri Muzeyində olan Azərbaycan
xalçalarından ibarət kataloq nəşr olunub.
2019-cu il ərzində Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyətində
kolleksiyaların zənginləşdirilməsi istiqamətində də mühüm işlər görülüb. Fond
əhalidən satınalma yolu ilə altı muzey əhəmiyyətli əşya əldə edib. O cümlədən,
muzey tarixində ilk dəfə olaraq Sotheby’s hərrac evindən Qacar dövrünə aid iki
ədəd qadın bəzək əşyası alınıb. Muzeyə Amerika vətəndaşları Dumas Jones və Jay
Jones tərəfindən XIX əsrə aid “Qonaqkənd” xalçası hədiyyə olunub. Bununla
yanaşı, kolleksiyamız Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
tərəfindən müsadirə olunan altı qiymətli xalça ilə də zənginləşib. Bütün bu
eksponatlar gələn il də ictimaiyyətə təqdim olunacaq.
2019-cu il muzeyin keçirdiyi sərgilər respublikamızın mədəni həyatında
unudulmaz izlər qoyub. Muzey daxilində on, Rusiya, Çin və Fransada isə üç sərgi
keçirilib. Əlbəttə ki, bunların sırasında “Azərbaycan mədəni irsi Luvr
Muzeyində”
sərgisini xüsusilə qeyd etmək lazımdır. Belə ki, muzeyin tarixində ilk dəfə Luvr
Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir Azərbaycan xalçası
vətənimizə gətirilərək nümayiş olunub.
2019-cu ildə Azərbaycan Milli Xalça Muzeyi xarici muzey və ali təhsil
ocaqları ilə beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində də
fəaliyyətini
davam etdirib. Belə ki, Özbəkistanın «İçan qala» Dövlət Qoruğu, Buxara Dövlət
Muzey - Qoruğu və Səmərqənd Dövlət Muzey - Qoruğu, A.Kasteyev adına
Qazaxıstan Respublikası Dövlət İncəsənət Muzeyi, Türkiyənin Ankara

Universiteti, İranın Təbriz İslam İncəsənəti Universitetinin Xalça fakültəsi,
Tatarıstanın “Kazan Kremli” Dövlət Tarix-Memarlıq və İncəsənət Muzey-Qoruğu
ilə anlaşma memorandumları imzalanıb.
Bu il həm də ona görə əlamətdardır ki, muzeyin fəaliyyəti dövlətimiz
tərəfindən yüksək qiymətləndirilib və ona “Milli” statusu verilib.
Bununla yanaşı, Azərbaycan Milli Xalça Muzeyi 3-cü ildir ki dünyada ən
məşhur turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik sertifikatı 2019”
mükafatına layiq görülüb.
Azərbaycan Milli Xalça Muzeyi milli irsin qorunması və təbliği
istiqamətində gördüyü işlərdən şərəf duyur və gələcəkdə də böyük fədakarlıqla bu
işi davam etdirəcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !