Firuz Mustafa:
İKİ PRİMAKOV
Son zamanlar Yevqeni Primakov adlı siyasətçinin adı ölkəmizdə tez-tez çəkilməkdədir. Tanış ad-soyaddır. Hətta, bəziləri zarafatla, “bəyəm bu Primakov odur, axı o, ölmüşdü deyəsən?”- deyirlər. Əlbəttə, bu, “o” deyil. Bu, nəvədir- Yevqeni Aleksandroviç Primakovdur. O biri isə Yevgeni Maksimoviç Primakovdur. Bu Primakov həmin Primakovun nəvəsidir.
Baba Primakovu (əslində Kirşemblat) orta və yaşlı nəslin nümayəndələri yaxşı xatırlayır. Bizimçünsə o, daha “yaxındır”. Belə ki, 20 Yanvar qətliamının pərdə arxasında olan təşkilatçılarından biri məhz Primakov idi.
Baba Yevgeni Primakov (1929-2015) Rusiya elm və siyasətində yüksək mövqe tutmuş birisi idi. O, iqtisadşı, ərəbşünas, akademik idi. Rusiyanın Xarici işlər naziri və Baş naziri vəzifələrini tutmuşdu. Bunlar məlum.
Hələ Sovetlər dönəmində belə bir şayiə dolaşırdı ki, Primakov hamınızın yaxşı tanıdığınız Kosıginin qohumu, kürəkənidir. Bu, bir az doğrudur, bir az da yalan. Bəli, onlar qohum idilər. Belə ki, Primakovun birinci arvadı Laura, “KQB” generalı, Beriyanın yaxın dostu Mixail Qvişianinin ögey qızı idi. Mixail Qvişianinin oğlu Cermen isə Kosıginin qızı Lyudmila Kosıginanın əri idi. Deməli, Primakov Kosıginin özünün yox, qudasının kürəkəni idi.
Baba Primakovun oğlu Aleksandr erkən evlənib erkən də vəfat etmişdi. Aleksandrın oğlu, indi siyasətlə məşğul olan, rus şovinizminin “ənənəvi” nümayəndəsi Yevqeni Aleksandroviç Primakovdur. Nəvə Primakov MDB üzrə federal agentliyin (qısaca “Rossotrudniçestvo”) rəhbəridir. Bu yaxınlarda həmin bu Primakov məlum hadisələrlə bağlı ölkəmizə qarşı belə bir hökmlə də çıxış etmişdi: “Bizim nümayəndəliyimiz, xalq arasında "Rus Evi" kimi tanınan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir".
Gənc Primakov bir sıra dövlətlərin, o cümlədən Avropa Şurasının sanksiyalarına məruz qalıb. O, Krımın Rusiyaya ilhaqının şanlı tərəfdarlarından biridir.
p.s.
Yeri gəlmişkən, artıq yuxarıda qeyd etdiyim kimi, nəvə Yevgeni baba Yevgeninin ilk evliliyindən törəyib.
Baba Primakov ilk arvadı Laura vəfat etdikdən sonra ikinci dəfə, öz şəxsi həkimi, özündən xeyli- 24 yaş kiçik olan İrina Bokaryova ilə evlənib. Və ona çoxlu şeirlər həsr edib. İnsafanə pis şeirlər də deyil, sanki peşəkar şairin qələmindən çıxıb. Həmin şeirlərdən birini öz tərcüməmdə təqdim edirəm.
Yevgeni Primakov
(1929-2015)
Həkim, nə yaxşı ki, Siz yaxındasız,
Söhbət təbabətdən getməyir indi-
Vallah, gözünüzün mavi olması
Nələrisə deyir- demək çətindir.
O gözlər aladır, bir az da yaşıl,
Bütöv bir qammadır, təkrəngli deyil.
Orada mən səhra görürəm, bir də
Qafqazda yaşanmış neçə uzun il...
Yenə xəstələrə bir-bir baş çəkib,
Geriyə döndünüz, baxdınız mənə.
Bir az kədər çökmüş o gözlər yenə,
Yenə çoxrənglidir əvvəlki təki.
Ümid bəxş etdiniz, həkim, Siz mənə,
Söhbət təbabətdən getməyir əsla.
Hamının həyatı qəlizdir indi,
Gözünüz mavidir, mavidir, əla...
* * *
Dadash Ahmadli
Yəqin, elə bu şeirlə özündən 24 yaş kiçik xanımı ələ ala ("verbovka" edə) bilib...
Mirzə Məmmədoğlu Maşov
Yevgeni Primakob Gürcüstandan, Nəriman Nərimanovun Bahadur və Sona əsərinin qəhrəmənlarının olduğu Manglisidən idi. Tiflisdən o qədər də uzaq deyil. Onu da deyim ki, Abxaziyanın keçmiş rəhbəri Arzinbanın elmi rəhbəri olub.
Vahid Çəmənli
İkisi də bir bezin qırağıdır
Anushiravan Ghazipour
Maraqlı məlumatlar üçün çox sağ olun,çox qəribədir,Sovet Dövlətinin bir çox yüksək vəzifəli şəxslərinin həyatı Qafqazla,Bakı ilə bağlıdır,görəsən bu bir qanunauygunluqdurmu,mənim üçün çox maraqlıdır
Azər Firidunoğlu
Tuladan tula da, törəyər...
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.