Elman Eldaroğlu:
- “Biz böyük şahmat oyununun kiçik peşkalarıyıq...”
İki ay, səkkiz gün Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edib. O vaxt ölkədə baş verən siyasi hadisələrdən yaxşı xəbərdardır. Onun aforizmə dönən- “biz böyük şahmat oyununun kiçik peşkalarıyıq”- kəlmələrini hələ də unutmayanlar çoxdur...
“Mənim bütün həyatım keşməkeşli olub. Tələbə olduğum vaxtlardan başlayaraq, ictimai-siyasi proseslərin qaynar nöqtəsində, içərisində olmuşam. Artıq 85-ə yaxın yaşım var. Bu yaşda siyasətlə məşğul olmaq artıq gecdir. Zamanında müxtəlif məsul vəzifələrdə çalışmışam. İmkanım daxilində, bacardığım qədər, mənə tapşırılan vəzifələri ləyaqətlə yerinə yetirmişəm.”- söyləyir...
Haqqında söhbət açmaq istədiyim Yaqub Məmmədov 1941-ci ildə Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Tibb Universitetində ali təhsilə yiyələnib. Tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvüdür. Bir müddət tibb universitetinə rəhbərlik də edib. 1966-cı ildən Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasında azərbaycan və rus bölmələrində praktik məşğələlər aparır və mühazirələr oxuyurur. 1992-ci ilin mart-may aylarında Azərbaycan Respublikası Ali Sovetinin sədri, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı olub...
Deyir ki:- “Mən həyatımın bütün dövrlərində nə əldə etmişəmsə, öz zəhmətimlə, öz çalışqanlığımla əldə etmişəm. Taleyim elə gətirib ki, instituta qəbul olanda elə birinci kursdan məni fakültənin həmkarlar ittifaqına sədr seçdilər. Heç özüm də gözləmirdim. Sonra institut komsomol təşkilatının katibi oldum. Daha sonra partiya katibi və ilaxır. Mənim bütün bu proseslərdə heç bir dayım, əmim başqa heç bir köməkçim olmayıb. Ola bilsin bu tale yazısıdır. Amma müəllimlərim mənə kömək edib. Mənim o vaxt dekanım var idi - Səfiyar Məmmədzadə. Çox ədalətli bir insan idi. Mənim ictimai-elmi fəaliyyətimdə onun böyük köməyi olub. Bunu mən heç vaxt unuda bilmərəm.
Kommunist Partiyasının üzvü idim. İnstitutu fərqlənmə diplomu ilə qurtardım. Onda artıq 13 elmi işim dərc olunmuşdu. Bunların hamısını nəzərə alaraq elmi şura qərar verdi ki, məni aspiranturada saxlasınlar. Ondan sonra da kafedrada partiya təşkilat katibi seçildim. Yəni məndən müəyyən mənada asılı olmayaraq, bütün həyatım- həm elmi, həm də ictimai fəaliyyətim bax belə, qoşa qanad kimi inkişaf etdi. İctimai fəaliyyətdə mən qarşıma elə bir məqsəd qoymamışdım. Ancaq elmi fəaliyyətdə qarşıma məqsəd qoymuşdum ki, elmlər doktoru, professor olana qədər çalışım. Tale elə gətirdi ki, mən həm ictimai fəaliyyətdə, həm elmi fəaliyyətdə uğurla irəlilədim, inkişaf etdim. Pis-yaxşı uğurlarım oldu. Elmdə professor, institutun rektoru, prorektoru və ilaxır dərəcələrə çatdım. Sonra Ali Sovetin deputatı, Ali Sovetin sədri, prezident səlahiyyətlərini icra etməyə qədər yüksələ bildim...”
Arzu edir ki, insanlar sülh və əmin-amanlıq içində xoşbəxt yaşasınlar. Müharibə, qarşıdurma heç vaxt olmasın, xalqımızın yaşayışı günü-gündən yaxşılaşsın. Elmimiz-təhsilimiz inkişaf edib, dünya səviyyəsinə çatsın...
Bəli, onun aforizmə dönən- “biz böyük şahmat oyununun kiçik peşkalarıyıq”- kəlmələri yaşlı nəsil arasında bu gün də tez-tez işlədilir...
Martın 3-ü Yaqub Məmmədovun 84 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, xoş əhval-ruhiyyə, ağrı-acısız günlər arzulayıram...
Elman Eldaroğlu
* * *
Vəli Əsmətov
Mənim üçün Yaqub müəllim ideal insan, gözəl, ədalətli, obyektiv rektor, ictimai-siyasi xadim, millətini-dövlətini canından çox sevən tarixi şəxsiyyətdir. Onun dövründə Tibb Universitetinin I müalicə profilaktika fakultəsinə daxil olmuşam, əla qiymətlərlə oxuyub, fərqlənmə diplomu ilə İnstutu bitirmişəm. O, məni heç kimin xahişi olmadan təmənnasız İnstitutda saxlayıb. Aspiranturaya daxil olmuşam. Hər Mockva səfərində onun tapşırığı ilə mənə öncədən ezamiyyət pulu veriblər. Həyatda qazandığım uğurlara görə ona borcluyam. Hörmətli Yaqub müəllim, əziz müəllimimiz Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm, Sizə həyatda möhkəm can sağlığı arzulayıram. Yaxşı ki, varsınız.
İsmayil İsmayilov
Allah sağlıqlı və uzun ömür versin.
Yaqub Məmmədov rektor olmasaydı mənim kimi kənd uşaqları o institutun kandarından içəri keçə bilməzdi.... İctimai fəal tələbə olduğum üçün Yaqub müəllimlə bağlı çox anılarım var.
Tanışlığımız işə qəbul imtahanlarından olub,mən qiymət üstə mübahisə edəndə o imtahana girib,bileti yenidən danışmışam,o da qəbul müəllimlərinə təpinib ki, bilənin qiymətini yazsınlar...
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.