Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Maarif Soltan: 

SƏHƏRİN AÇILMASI

Bayaq Seyran Səxavət zəng eləmişdi.

Xoş-beşsiz başladı ki, Etibar Cəbrayıloğlu feysbukda bir şeirini paylaşıb... Təvazökarlıqdan uzaq olsa da, xeyli təriflədi. Tərif şirin şeydir axı, mən də ləzzətlə qulaq asıram. Elə bil, dedi, təpədən-dırnağa istedad olan 18 yaşlı bir oğlanın şeirdir. Qayıtdım ki, Seyran müəllim, mən elə təqribən 18-19 yaşımda yazmışam o şeiri, necə olubsa, diqqətinizdən yayınıb.

Qəribədir ki, həmin şeiri bənzərsiz şairimiz rəhmətlik İsa İsmayılzadə də çox bəyənmişdi, kitabıma yazdığı ön sözü həmin şeir üstündə qurmuşdu.

Ümumiyyətlə, uğurlu bir obraza, yaxşı şeirə, təzə sözə Seyran Səxavət qədər ürəkdən sevinə bilən ikinci bir adama mən ömrümdə rast gəlməmişəm.

Etibar, sağ olsun, dünən paylaşmışdı o şeiri. Bir neçə micranı da unudub yazmamışdı. Dedim, bəs məni niyə taq etməmisən, taq işinə başqa departament baxır, dedi. Indi Etibarın acığına, həm Seyran Səxavətin, həm dostların şərəfinə, eləməyib tənbəllik, mən də paylaşıram həmin şeiri. Bütün səhərləriniz gözəl açılsın, dostlar.

 

SƏHƏRİN AÇILMASI

Əvvəl quşlar oyandı...

Ulduzlar yavaş-yavaş

alaqaranlıqda əridi getdi.

Qarşıdakı binanın işıqlarından biri

yuxulu-yuxulu yandı.

Sonra ikisi, üçü...

axdılar toranlığa.

Mənzillərdən birinin pərdələri oyandı.

Qarayanız bir xanım

yuxulu saçlarını

yuxulu bir daraqla

yuxulu bir güzgüdə

başladı daramağa.

Cingiltiylə oyandı qonşumuzun mətbəxi.

Oyandı sonuncu siqaretim də.

Gərnəşə-gərnəşə keçdi bir maşın —

oyatdı küçəni.

Oyandı küçədə addım səsləri.

Müxtəsəri,

mən belə qarşıladım səhəri.