"Abşeron" liderliyini möhkəmləndirib
Martın 18-də qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 16-cı turun oyunları keçirilib. Turda nəzərdə tutulan üç oyundan ikisi Bakı Voleybol Mərkəzində, biri isə UNEC-in idman zalında baş tutub.
Saat 16:00-da Bakı Voleybol Mərkəzində baş tutan oyunda "Abşeron" "Gəncə"-ni sınağa çəkəib. Qarşılaşmadan qalib ayrılan (3:1) "Abşeron" aktivindəki xalların sayını 40 çatdırmaqla liderlik mövqeyini möhkəmləndirib. Bu məkanda keçirilən digər oyunda isə nominal ev sahibi olan "Azərreyl" MAA-ya məğlub olub - 2:3.
Turun daha bir matçında isə "Murov Az Terminal" klubu UNEC-in idman zalında eyniadlı ev sahibini üstələyib - 0:3.
Hazırda komandaların turnir vəziyyəti belədir:
Abşeron - 40 xal, MAA - 37, Azərreyl - 26, Gəncə - 22, Murovu Az Terminal - 18, UNES - 0 xal.
İNTİQAM Məmmədov