Qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edildi
Qar uçqunu nəticəsində itkin düşərək həlak olan və ötən gün nəşi aşkarlanan müddətli həqiqi hərbi xidmət qulluqçusu, 2006-cı il təvəllüdlü İmanov Əli Tariyel oğlu Sabirabad rayonunda torpağa tapşırılıb.
Əli İmanovun nəşi Sabirabadda izdihamla qarşılanıb və doğulub boya başa çatdığı Muğan Gəncəli kəndinə gətirilib, vida mərasimi olub və cənazə namazı qılınıb.
Sonra onun nəşi dəfn üçün kənd məzarlığına gətirilib. Dəfn mərasimində ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəsmiləri, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.
İmanov Əlinin nəşi kənd məzarlığında torpağa tapşırılıb. Əli İmanovun tabutuna bükülən Bayraq qardaşına təqdim olunub.