Məmməd Əvəzoğlu:
Əzərud xatirələri
Bu gün qəhrəmanımızın 44 yaşı tamam olur.
Yenə də Astara torpağındayam,
Yol aldım yamacdan zirvəyə sarı.
Şəhid məzarının sorağındayam,
Dağlar başındadır dağlar vüqarı.
Adı Pəncəlidir, dillər əzbəri,
Burda əl uzatsan buluda çatır.
Azəri yurdunun ölməz əsgəri
Qartallar yaşayan bu yerdə yatır.
Şəhidlər yol boyu boylanıb baxır,
Bu dağlar nə qədər dağ görüb, Allah!
Çaylar anaların gözündən axır,
Dağlar necə qəmli oturub, Allah.
Sanki şəhidlərin xətrinə solmur
Nə yaşıl meşələr, nə gül-çiçəklər.
Burda diz çökmədən dayanmaq olmur,
Burda qəm-qüssədən yanır ürəklər.
Əzərud kəndinə yetişə bildik,
Qartal yuvasına bənzəyir bu kənd.
Əl atıb buludun gözünü sildik,
Sanki gəlişimi gözləyir bu kənd.
Məzarın önündə çaşıb qalmışıq,
Bir igid boylanır qartal baxışlı.
Lal-dinməz dayanıb seyrə dalmışıq,
Burda məzar kimi hər yer naxışlı.
Necə qəmli baxır alma ağacı,
Bilir ki, meyvəsi yeyilməyəcək.
Şirin almaların taleyi acı,
Heç kimə nuş olsun deyilməyəcək.
Birdən ürəyimdən gəlir bir səda:
-Salam, igid əsgər! Salam, Pəncəli!
Sən qərar tutmusan elə zirvədə,
Ora hər igidin yetişmir əli.
Atan da yaşaya bilmədi, gəldi,
Qardaşın Famil də keşiyindədir.
Anan Kərbəlaya yola düzəldi,
Sevgilin evində-eşiyindədir.
Gecə də bağlanmır həyət qapısı,
Xətrini nə qədər istəyən varmış!
Üzünə bağlanıb həyat qapısı,
Sən tək oğullara bu dünya darmış!
Sən bizə baxırsan, biz də büstünə,
Səssizlik olsa da, çox narahatsan.
Hələ od çilənib yerin üstünə,
Biz rahat yatarıq sən rahat yatsan.
Əlvida demirəm, Pəncəli qardaş,
Gözün yollardadır, özün qəbirdə.
Sənin qələbənlə bitsin bu savaş,
Sənə söz verirəm, gələrəm bir də.
Məmməd Əvəzoğlu