YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Ziyarət Cabarova:
Doğum gününüz mübarək, sənətkar!
Öz qayğıkeşliyi, mehribanlığı, səmimiliyi ilə hərkəsin qəlbini fəth edib, ürəyinə yol tapan zəngin qəlbli, çox səmimi müəllim, uşaqların sevimlisi, Azərbaycan Respublikasının Xalq Rəssamı, professor Arif Hüseynovun doğum günüdür. O, heç çəkinmədən gənclərə yol göstərir, onlara əlindən gələn bütün dəstəyi göstərməyi özünə borc bilir. O, əsl sənətkar olmaqla yanaşı incə qəlbə sahib olan əsl insandır. Mənim həyatımda da Arif müəllimin çox özəl yeri var. Öz cəsarətli addımları, zəngin qəlbi sayəsində mənə də öz dəstəyini əsirgəməyən, daim yol göstərib, dəstək olan, hər zaman yanımda olan Arif müəllimin, doğum gününü çox ürəkdən təbrik edirəm. Nə yaxşı ki, siz varsınız, xalqımız, millətimiz, gənclərimiz, bir sözlə, sabahımız üçün. Allah sizə çooox uzun ömür versin. Sağlam həyat və hər zaman belə sevgi dolu, şən olmanızı, üzünüzün daim gülməsini, qəlbinizdən sevincin əskik olmamasını arzu edirəm. Doğum gününüz mübarək, sənətkar!
Qısaca xatırlatma edim ki, bu il yubleyi olan sənətkar yaradıcılığına həsr etdiyi üç fərdi sərgi keçirmişdir. Sadalamalı olsaq, ilk olaraq, "Azərbaycan nağılı", ikinci "Qrafika", üçüncü isə "Miniatürsayağı" adlı müxtəlif mövzulu, bir-birindən rəngarəng əsərlərin sənətsevərlərə təqdim olunduğu sərgilərdir. Bu sərgilərə yüzlərlə qonaq gələrək Arif müəllimin yaradıcılığı, xoş ovqat bəxş edən əsərləri ilə yaxından tanış olmuşlar. Xüsusilə qeyd etmək istəyirəm ki, mən çox sevinərək qürurlu hiss edirəm ki, sənətkarın ən yaddaqalan bu yubileyi çərçivəsində keçirilən sərgilərində rolum var. Onunla çalışdığım üçün çox şanslı olduğumu yaxşı bilirəm!
Arif Hüseynov 1943-cü ildə Bakının Qala kəndində anadan olub. 1960–62-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965–72-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışdır. Bu il onun 80 yaşı olur və bununla da rəssam yaradıcılığının 55 ilinə qədəm qoymuşdur. O, 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Arif Hüseynov uzun illər həyatını dəzgah və kitab qrafikasına həsr etmiş, qədim miniatür ənənələrini yeni formada, milli ənənələrə müasirlik qataraq yenidən dirçəltmişdir.
O, 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq Rəssamı adlarına, 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2023-cü il 30 oktyabr tarixində “Şöhrət Ordeni”nə layiq görülmüşdür. Dünyanın bir çox yerlərində müxtəlif sərgiləri keçirilmiş Arif Hüseynovun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin bir çox şəxsi kolleksiyalarda qorunaraq saxlanılmaqdadır.
Dəyərli, Arif Huseynov, hər zaman var olun. Daim yaşayın, yaradın!