Azad edilmiş ərazilərdə mal-qara saxlanılmasına icazə verilirmi? - Rəsmi cavab
Azad edilmiş ərazilərdə mal-qara saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirilib.
AZpress.AZ xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı APA-ya açıqlamasında deyib ki, azad edilmiş ərazilərə köçən məcburi köçkünlərə öz həyətyanı sahələrində ev heyvanları saxlamağa icazə verilir: “Kəndlərdə keçmiş məcburi köçkünlər öz həyətyanı sahəsində ev heyvanları saxlayırlar. Xocalının Ballıca kəndində, Ağdərənin Həsənriz kəndində bunun şahidi ola bilərsiniz. Sadəcə şəhərlərdə məsələn, Xocalı şəhərində ev heyvanlarının saxlanmasına icazə verilmir”.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən isə bildirilib ki, azad edilmiş ərazilərə köçən keçmiş məcburi köçkünlərin öz həyətyanı sahələrində ev heyvanları saxlamasına etiraz edilmir. Sakinlərin edəcəyi müraciətdən asılı olaraq məsələ təhlil edilə və qanun çərçivəsində həllinə köməklik göstərilə bilər.