Bəybala Mirzəyev:
Azərbaycanda talışlara qarşı diskriminasiya siyasəti aparılır?
Meydan TV-nin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan, vətənə xəyanət maddəsi ilə saxlanılıb Bakıya gətirilən bir şəxsi az qala qəhrəman və əzabkeş kimi təqdim etməyə çalışması yaramazlıqdır.
Söhbət Azərbaycan vətəndaşlığından imtina edib Rusiya vətəndaşlığını qəbul edən, soyadını da İbrahimovdan İbrahimiyə dəyişən, tarixçi və bloger kimi fəaliyyət göstərən, talış dili və mədəniyyətinin, adət-ənənələrinin təbliği adı altında ölkəmizə qarşı təbliğat aparan Zəhirəddin İbrahimov adlı şəxsdən gedir.
1995-ci ildən Rusiyada yaşayan və fəaliyyət göstərən Z.İbrahimov Rusiyanın anti-Azərbaycan mövqeli qüvvələri ilə əməkdaşlıq etməklə bərabər, Ermənistan və İranla da əlaqələr qurub.
Meydan TV deyir ki, "Zəhirəddin İbrahimov öz çıxışlarında və yazılarında Azərbaycanın milli azlıqlara, xüsusilə talışlara qarşı apardığı siyasəti kəskin tənqid edirdi". Bu, Azərbaycana qarşı iftira və ağ yalandır. Çünki hər kəs bilir ki, Azərbaycanda milli azlıqlara, o cümlədən talışlara qarşı heç bir təzyiq, ayrı-seçkilik, diskriminasiya siyasəti aparılmır. Ölkədə mövcud olan problemlər Azərbaycan türkləri ilə bərabər ləzgilər, talışlar, kürdlər, tatlar, udinlər, yəhudilər, ingiloylar, saxurlar üçün də eynidir. Azərbaycan dövləti nə Rusiyanın tatarlara, başqırdlara, kalmıklara qarşı, nədəki fars-molla rejiminin Güney azərbaycanlılara, qaşqaylara, bəluclara qarşı apardığı assimilyasiya siyasətinə bənzər siyasət yürütmür.
Ölkəmizdə yaşayan heç bir xalqa, etnik qrupa, icmaya öz milli bayramlarını keçirməyə, öz adət-ənənəsini yaşatmağa maneçilik törədilmir. Heç kimə öz dilində danışmaq qadağan edilmir.
Ona görə də öz çıxışları, yazıları ilə qəsdən ayrı-seçkilik salan, ölkəmizin birliyini, bütövlüyünü pozmaga çalışan, ölkə içində ölkə yaratmaq istəyən, gedib rusun, farsın, erməninin, fransızın süfrəsinin qırağında oturub quyruq bulayan separatçı şəxsləri publikaya əzabkeş obrazında sırımaq lazım deyil.
Heç bir ölkə separatçıların başını sığallamır, Azərbaycan da separatçıların başını sığallamaq, onların nazıyla oynamaq fikrində deyil. Hal-hazırda Bakıda məhkəməsi gedən Ruben Vardanyan, Araik Harutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David Babayan və s. separatçıların aqibəti də hər kəsə dərs olmalıdır.
(ardı var)
Separatçılarla bağlı silsilə yazılarımın bir öncəki hissəsi aşağıdakı keçiddə:
https://www.facebook.com/photo/?fbid=2881820565343741&set=a.288220191370471


