Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dəmbədəm yad elə az andığını,

Diri gəzdirdiyin cana şükr elə.

Zəhmətlə, zillətlə qazandığını

sənə qıyırlarsa,

ona şükr elə.

 

Hesab et özünü şumda gizli dən,

Olur, od püskürür köhnə gilizdən.

Cismini kafərdən büküb gizlədən

buluda, dumana, çənə şükr elə.

 

Sağın torbatikən, solun evyıxan –

Mat qalır halına qıraqdan baxan!

Yumşaq damarında ahəstə axan

asfalt qızartmayan qana şükr elə.

 

Böyük tanrısı var xırda yarpağın,

Özünü yarpaq san, budağa sığın!

Budaqdan üzülsə, işdi, saplağın

ehmal en,

imana, dinə şükr elə.

 

Şükr etsən

qüdrətli alim olarsan –

Halalca haqqına talib olarsan.

Şükransan, inşallah, qalib olarsan,

Şükr elə, şükr elə,

yenə şükr elə!

2022