Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"İRƏLİ" İctimai Birliyi:
"Üçrəngli Bayrağın Kölgəsində" adlı konsert

İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı, Şəhriyar adına Mədəniyyət Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının iştirakı ilə 28 may - Müstəqillik gününə həsr olunmuş "Üçrəngli Bayrağın Kölgəsində" adlı konsert keçirilib.
Şəhriyar adına Mədəniyyət Mərkəzində baş tutan "Üçrəngli Bayrağın Kölgəsində" adlı konsert proqramında dövlət rəsmiləri, şəhid ailələri və qazilər, Milli Müdafiə Universiteti və Dövlət Sərhəd Xidmətinin Akademiyasının hərbi kursantları və müxtəlif sahələrdə çalışan ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.
Tədbirdən əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyev və ərazibütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni, “Koroğlu” operasından “Cəngi” və uvertüra səsləndirilib.
Konsertin davamında Azərbaycan Respublikasının Xalq artisti Ağadadaş Ağayev, Əməkdar artistlər Gülüstan Əliyeva, Sevinc Sarıyeva, Almaz Orucova, Şölə Səfərəliyeva, Zakir Əliyev, tanınmış və gənc ifaçılar Leyla Rəhimova, Cavidan Fatihi, Fərid Qaragöz, Mətləb Qurbanov, Aysel Hüseynzadə, tar ifaçısı Nurlan Cəfərlinski, balaban ifaçısı Anar Vəlizadə, Məqsəd Əzizovun rəhbəri olduğu “Balabançı” ansamblı, caz-pianoçular Ülvi İsmayıl, Məhəmməd Allahverdiyev, rəqqas İlkin Əsgərov və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, “Pərilər” vokal qrupu və Uşaq Folklor Rəqs Ansamblının ifalarında müxtəlif nəğmələr səsləndirilib, kompozisiyalar ifa edilib.
Konsert proqramı Azərbaycanın müstəqillik tarixinə ehtiramla yanaşan, milli birlik və azadlıq ruhunu tərənnüm edən, eləcə də bayram ab-havasını özündə cəmləyən musiqi və bədii kompozisiyalarla yadda qalıb.