Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu ayın 21-i və 22-si 20 Yanvar şəhidlərinin torpağa tapşırılan günüdür!

Bir cavan atam vardı...

Şəhidlər Xiyabanında bir məzar var: o məzarda 20 Yanvar şəhidi Aslan Ağaverdiyev uyuyur. Son nəfəsinə qədər işğalçı ordunun önündəki barrikadanı tərk etməyən Aslan qəhrəmancasına həlak olanda onun 38 yaşı və işıqlı düyaya qalan üç körpə qız övladi var idi. Həmin övladlardan biri Azərbaycanın Xalq artisti Məsmə xanım Aslanqızıdır. Bu şeir onun dilindən deyilmişdir.

Vaqif Bəhmənli

 

Möhtac deyildim yada,

əlimdən tutan vardı.

Bu qocaman dünyada

bir cavan atam vardı...

 

Bir canda üç can idik,

Bir idik atamla biz.

Üç bacı - üç şam idik,

O idi pərvanəmiz!

 

Elə ki, işdən döndü

evdə bayram olardı.

Çırağı qəfil söndü...

Bir cavan atam vardı!

 

Ata deyirəm sizə,

Ürəyi qızıl atam!

Gəldimi yaman gözə

Atam, ay yazıq atam?!

 

Qara Yanvar gecəsi

cəllad qan içən yerdə,

Parçalandı sinəsi

körpünü keçən yerdə!

 

Qara Yanvar gecəsi...

Oğullar hara getdi?

Kimlər öldü, kim qaldı?

Anamın yarı getdi,

Üç bacı yetim qaldı!..

 

İndi hardan tapım, ah

İgid Aslan atamı?

Necə sevirdim, Allah,

Şəhid olan atamı!

 

Mən atamı sevirdim...

Siz ey, zalım adamlar,

Ey kürsü hərisləri!

Görəsən tanıyan var

mənim qədər sizləri?

 

Ey kürsü hərisləri!

Siz lakeyi, köləni,

siz qulu sevirdiniz,

Ölkəni viran qoyan

bir yolu sevirdiniz –

Mən atamı sevirdim!

 

İştahın sərhəddi yox,

Cahanı sevirdiniz,

Zalımlığın həddi yox

al qanı sevirdiniz.

Din-imanı, cəddi yox,

satanı sevirdiniz,

alanı sevirdiniz,

Mən atamı sevirdim...

 

Mən atamı, sevirdim –

Atam necə oldu bəs?

Allahın naxşı atam,

Peyğəmbərtək müqəddəs,

mələkdən yaxşı atam...

 

Nə olar, nə olar yetim olanda,

Allahdan yaxşı iş görün deyirəm.

Taqətim, tavanım qalmayıb canda

Siz mənə atamı verin deyirəm.

Mənə atamı verin –

atamı istəyirəm!

 

Hər kölgə adam olmaz,

Yetim qız yatan olmaz...

Daş dönüb adam olar,

Hayıf ki, atam olmaz!

Mənə atamı verin,

atamı istəyirəm!

Məsmə Aslan 

Çox təşəkkür edirəm, Vaqif müəllim. Bu şeir yaddaşıma ömürlük həkk olunub. Türkiyənin Elazığ şəhərində Azərbaycan Şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılışında da məhz bu şeiri dedim…

Maarif Soltan

Sağ ol, Bəhmənli. Bütün şəhidlərin xatirəsi əzizdir bizim üçün. Ruhları şad olsun. Azadlığımızı, torpaqlarımızı onların sayəsində qazandıq.

Latifa Nammadova

Mən hələ də bu şeirin təsiri altındayam, Vaqif müəllim. Böyük savab sahibi oldunuz

Фахраддин Атакиши

Mədmə xanıma, əzizlətinə Allahdan səbr diləyirəm. Atasına, cəmi şəhidlərimizə Allah rəhmət eləsin, ruhlarını şad etsin. Dəyərli şeirinizə görə Siz də var olasınız, Vaqif müəllim.

Muzeffer Mezahim

Var olun, Vaqif müəllim, həm mübariz, həm də kövrək şeirdir. Allah şəhidimiz Aslan Ağaverdiyevə rəhmət eləsin, ruhu şad olsun. Məsmə xanıma səbrlər diləyirəm.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.