Açıq sinəsinə basan yox odu,
Qalıb boyatımış çörəkdi bumbuz.
Getmiş damağından közərti dadı,
Sırsıra bağlamış ürəkdi bumbuz –
Dul arvad evində büllür külqabı.
Bəyaz qağayıdı – qanadı sınmış,
Bir sevgi daşıdı ətəkdən düşən.
Çox məğrur alının inadı sınmış,
İri göz yaşıdı bəbəkdən düşən –
Dul arvad evində büllur külqabı.
Gəlindi... açılmır alnında düyün,
Belindən dərd tutur, qəm qucaqlayır.
Qıvrılır içində nişan üzüyü –
İlan yuvasıdı - ilan saxlayır...
Dul arvad evində büllur külqabı.
Sonuncu qətrəsi çəkilib başa,
Yəqin belə olur ayrılıq camı.
Baxanda göz donur o soyuq daşa,
Gözü tək ağarır ölmüş adamın...
Dul arvad evində büllur külqabı.
Bir vaxt o igidin dadına çatmış
İndi tüstüsü yox, dərin ahı var.
Qeyrət gülləsidi çaxmaqda yatmış –
Dəyyus təpəsində nişangahı var!
Dul arvad evində büllur külqabı...