“Nürnberq prosesi”nin faşistləri və azərbaycanlı tərcüməçisi
Bakıda ağır hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi başlayıb. Media məhkəməni “Azərbaycanda “Nürnberq prosesi” başladı” adı ilə təqdim edib. Düzgün təqdimatdır. Bu təqdimat Ruben Vardanyan, Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və digərlərinin alman faşistlərilə müqayisə edilməsidir. Əslində isə Xocalı soyqırımını törədən erməni cəlladlar alman faşistlərindən də qəddar, qaniçən, amansız olublar.
Tarixə “Nürnberq prosesi” kimi düşən məhkəmə 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək Almaniyanın Nürnberq şəhərində keçirilib. Beynəlxalq hərbi tribunal qarşısına təqsirləndirilən şəxslər qismində çıxarılanlar Hitler Almaniyasının ali dövlət və hərbi xadimləri olub.
“Nürnberq prosesi”ndə təqsirləndirilən 24 nəfərə qarşı 4 müxtəlif ittiham irəli sürülüb: Bütün dünyaya qarşı təcavüzkarlıq; Sülhə qarşı cinayət; Hərbi cinayətkarlıq; İnsanlığa qarşı cinayət.
Hərbi məhkəmə ABŞ, İngiltərə, Fransa və Rusiyanın hakimlərindən təşkil olunmuşdu.
Məhkə hökmünə əsasən, 12 müttəhimə asılmaqla ölüm cəzası kəsildi. Bunlar Herman Görinq, İoahim fon Ribbentrop, Vilhelm Keytel, Ernst Kaltenbrunner, Alfred Rozenberq, Hans Frank, Vilhelm Frik, Yulius Ştrayxer, Martin Borman, Frits Zaukel, Alfred Yodl və Artur Zeys-İnkvart idi.
4 nəfər 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edildi. 3 nəfərə ömürlük həbs cəzası kəsildi, 3 nəfərə isə bəraət verildi.
Ölüm hökmü kəsilənlərdən 10-u asıldı. Martin Borman qiyabi mühakimə olundu, Herman Göring isə hökm oxunduqdan sonra zəhər içməklə intihar etdi.
SSRİ-nin “Nürnberq prosesi”ndə tərçüməçisi milliyətcə azərbaycanlı Ənvər Məmmədov idi. Ənvər Məmmədov 1923-cü ilə Bakıda anadan olub. II Dünya Müharibəsində iştirak edib. “Nürnberq prosesi”ndə iştirak edəndən sonra SSRİ Xalq Komissarlığında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib.
1956-cı ilədək SSRİ Radio Komitəsinin baş redaksiyasında baş redaktor vəzifəsini tutub.
1959-1960-cı illərdə Sovet Məlumat Bürosunda baş redaktor, rəisin birinci müavini, 1961-ci ildən “Novosti” Mətbuat Agentliyi sədrinin birinci müavini olub. 1962-ci ildən 1985-ci ilədək SSRİ Dövlət Televiziya və Radio Komitəsi sədrinin birinci müavini vəzifəsini tutub.
Ənvər Məmmədov 2023-cü ildə 100 yaşında Moskvada vəfat edib.