Məmməd Əvəzoğlu:
Canları sağ olsun təki
Qocalanda kövrək olur ağıl da,
Xəstələndin, nələr keçir ürəkdən.
Şirin olur eşitdiyin nağıl da,
Məhəbbət umursan daşdan, çiçəkdən.
Ayaq tənbəlləşir, əl tənbəlləşir,
Ağız bir içim su verən istəyir.
Əkdiyin ağacda quş civildəşir,
Ürəyin bir meyvə dərən istəyir.
Tənhalıq qapıya dikir gözünü,
Yorulub, üz tutur valakardinə.
Ürək ağrılarla deyir sözünü,
Bircə içindəki yanır dərdinə.
Bu gün nəvələr də gəlmədi axı...
Bəlkə düşünürlər evdə yoxam mən.
İştah da özümdə görür günahı,
Bilir ki, əzəldən gözü toxam mən.
Eybi yox, canları sağ olsun təki,
Bu gün gəlmədilər, sabah gələrlər.
Dilimə gəlmədi ürəyimdəki:
"Bəs mənim qədrimi nə vaxt bilərlər?"
Məmməd Əvəzoğlu.13.12.2024.