Şeytan izdivaca girib şellənir
Doğulur günbəgün neçə saxtalar.
Soyur dərimizi cəlladdan betər
Sapı özümüzdən olan " baltalar".
Yolçusu yolunu azır sərsəri
Nə bir işıq görür, nə bir it hürür.
Dönüb qaranlığa işıqlı dünya
Elə bu dünyada cəhənnəm görür.
Başımız, qolumuz, dilimiz varkən
Ümid gözləyirik Allahdan niyə?
Bəlkə üz döndərib Allah da bizdən
Onu da xoş gündə aldatdıq deyə.
Şeytan ortalıqda, göz qabağında
Günahkar axtarır hərə bir yanda.
Ya xoşdur köləlik, ya tilsimlənib
Girir izdivaca şeytanla sonda.
Beləcə gün keçir - zəmanə dönük
Örkəni uzundur, doğanağı dar.
Hələ bunlara da min şükür - deyib
Boğazında kəndir günahsız naçar.
Zaman öz işində, zaman tələsmir
Hardasa yenə də tərs külək əsir.
İllərdir qəlblərdə doğub boğulan
Arzular, istəklər yaman tələsir.
Şəhidi dirilər bu məmləkətin
Sinəsin " baltaya" sipər edəcək.
Yenidən şəhidlik qazanmaq üçün
Ya ölüm deyəcək, ya hürr deyəcək.
ƏLİSA QƏMGİN
13.01.2022