NƏQLİYYAT MƏSƏLƏLƏRİ ÜZRƏ KEÇİRİLƏN MÜŞAVİRƏDƏ PREZİDENT İLHAM ƏLİYEV BU MƏSƏLƏLƏRİ DİQQƏTƏ ÇATDIRIB
- Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı.
- Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir.
- Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib.
- Dəmir yolu infrastrukturu ilə bağlı aşağıdakı işlər görülmüşdür: 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib.
- Azərbaycan şəhərləri arasındakı bağlantıları təmin etmək üçün bir neçə yeni qatar istiqaməti müəyyənləşdirilib. Bakı-Qəbələ. Qəbələ şəhərinə dəmir yolu xətti heç vaxt çatmırdı, biz onu inşa etdik və bu yol da çox lazımlıdır. Bakı-Balakən dəmir yolu fəaliyyətini bərpa etdi və Bakı-Ağstafa.
- Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək.
- Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. Yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik.
- Yeni Dəniz Ticarət Limanının birinci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulurdu. Ancaq biz görürük ki, yüklərin həcmi daha çox olacaq. Biz limanın imkanlarını 25 milyon tona çatdırmalıyıq və ola bilsin, bu da bizə yetməyəcək. Çünki Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yüklərin həcmi o qədər sürətlə artır ki, biz bu işləri də bu artıma görə etməliyik. Bütün bu nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirmək üçün mənim qərarımla bu yaxınlarda yeni qurum - AZCON qurumu yaradıldı, hansı ki, bütün bu əlaqələndirmə və perspektiv inkişaf planını, o cümlədən sərmayə qoyuluşunu - bütün bu məsələləri nəzərə alacaqdır.
- 2008-ci ildən bu günə qədər metronun yeddi yeni stansiyası tikilib və qəbul ediləcək Dövlət Proqramında yeni 10 metro stansiyasının tikintisi nəzərdə tutulur. 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir.
- Ölkəyə yüzlərlə yeni sərnişin avtobusu gətirilib və bu ildən başlayaraq ilin sonunda elektrobusların yığımı, ondan sonra lokalizasiyanın artımı işləri də başlanacaq. Şəhərimizə artıq 161 yeni elektrik avtobusu gətirilib və yaxın gələcəkdə Bakı sakinləri bunun xeyrini görəcəklər.
- Gəmiqayırma zavodu da son illər ərzində inşa edilmişdi, təqribən 10 il, bəlkə 12 il bundan əvvəl. Əvvəllər biz gəmiləri xaricdən alırdıq və ondan sonra mən qərara gəldim ki, mütləq Bakıda gəmiqayırma zavodu inşa edilməlidir. Biz indi Gəmiqayırma zavodunun tam gücü ilə işləməsinə nail olduq. Hazırda orada altı müxtəlifölçülü gəmi inşa edilir.
- Paralel olaraq, Qara dənizdəki fəaliyyətimizi biz yeni səviyyəyə qaldırdıq. Əgər vaxtilə Azərbaycanın Xəzər Gəmiçiliyinə mənsub olan kiçikhəcmli gəmilər orada işləyirdi, hazırda dörd böyük tanker, – “Aframax” tipli tanker, - onun yükgötürmə qabiliyyəti 100 min tondur, - alınıb və bu da bizə həm xeyir gətirir, həm də ölkəmizin imkanlarını genişləndirir.
- Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır.