Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mənim arzularım böyümür daha

Deyəsən dünyaya şikəst doğulub.

Mənim arzularım yola yerimir

Yollara baxmaqdan yaman yorulub.

 

Mən yuxu görürəm yuxusuzluqdan

Yuxumu tərsinə, sən Allah, yozma.

Danış sətir-sətir, danış sözbəsöz

Yuxu yollarımda, sən Allah, azma.

 

Mənim arzularım özümdən qabaq

Doğuldu gecənin zülmət çağında.

Mənim arzularım özümdən qabaq

Qocaldı ömrümün bahar çağında.

 

Bilmirəm nədəndir, heç anlamıram

Bu gün düşündüyüm qalır sabaha.

Deyəsən dünyaya şikəst doğulub

Mənim arzularım böyümür daha.

 

Xəyallar yol gedir sükut içində

Qalmışam yollara mən baxa-baxa.

Heykələ dönmüşəm yol ayrıcında

Gözümdən qəlbimə yaş axa-axa.

 

Böyük Yaradana şübhə etmirəm

Kimi qul yaranıb, kim isə ağa.

Görürəm, yazıram bəd əməllərdən

Dünya yerişini dəyişmir, qağa.

ƏLİSA QƏMGİN

25. 08.2020