Hindistan Aya astronavt göndərəcək
Hindistan 2040-cı ilə qədər Aya hindistanlı astronavt endirməyi hədəfləyən iddialı kosmik proqram yaradıb.
Bunu Hindistan Kosmik Tədqiqatlar Təşkilatının sədri Şridhara Somanat deyib.
“Biz müstəqilliyimizin 100 illiyini qeyd edəndə Hindistan bayrağı Ayda dalğalanacaq. Adamımız ora gedib, quraşdırıb sağ-salamat qayıdacaq. Bu, 2040-cı ildə baş verəcək”.
“Kosmos proqramının tarixində ilk dəfə olaraq qarşıdakı 25 il üçün baxışımız var”, - ISRO rəhbəri əlavə edib.
Onun sözlərinə görə, bu yol xəritəsi çərçivəsində Hindistan 10 ildən sonra özünün kosmik stansiyası yaratmağı planlaşdırır. Bunun xəbərçisi kosmik stansiya modulunun 2028-ci ildə buraxılması olacaq ki, bu da onun tam operativ şəkildə yerləşdirilməsinə zəmin yaradacaq.
Bundan əvvəl Hindistanın baş naziri Narendra Modi respublikanın Kosmik Tədqiqatlar Departamentinin qarşısına 2035-ci ilə qədər Hindistanda ilk insanlı kosmik stansiyanın yaradılması və 2040-cı ilə qədər Aya astronavtların endirilməsi vəzifəsini qoymuşdu. Modi həmçinin Veneraya orbital stansiyanın və Marsa eniş modulunun buraxılması üçün proqramlar hazırlamağa çağırıb.