Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu gün Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində erməni quldur dəstələrinin dinc azərbaycanlılara qarşı törətdiyi qırğından 33 il ötür.

Dörd il ərzində bu kəndin sakinləri erməni qəsbkarlarının hücumlarına qarşı qəhrəmancasına mübarizə aparıblar. 1992-ci il fevralın 17-də kənd işğal edilərək yandırılıb. Erməni işğalçıları kənd sakinlərinə qarşı amansız repressiyalar həyata keçirdilər. 33 il əvvəl dinc, günahsız insanlara qarşı törədilmiş bu soyqırımı aktı erməni millətçilərinin azərbaycanlılara qarşı nifrətinin nəticəsi idi.

Qaradağlı kəndi dağların ətəyində, rayon mərkəzindən 13 km qərbdə, Xocavənd-Xankəndi yolunun üzərində yerləşir. 1988-ci ildə Qarabağda erməni separatçıları tərəfindən münaqişənin başlaması Qaradağlı faciəsinin də başlanğıcı oldu. Kəndlilər öz doğma torpağının hər qarışını fədakarcasına müdafiə etdilər.

1990-cı il yanvarın 24-də Xocavənd-Xankəndi yolunun 6-cı km-də üç kənd sakini ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. 1991-ci il yanvarın 9-da erməni quldur dəstələri tərəfindən UAZ markalı avtomobil atəşə tutulub, 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Zərərçəkənlərdən ikisi daha sonra aldığı yaralardan dünyasını dəyişib. 1991-ci il martın 8-də iki nəfər ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il iyunun 28-də kəndin yaxınlığındakı fermada 6 nəfər - üç kişi və üç qadın öldürülüb. 1991-ci il sentyabrın 8-də Xocavənd-Xankəndi yolunun 5-6-cı km-də Ağdamdan Qaradağlıya gedən avtobus ermənilər tərəfindən atəşə tutulub: iki kişi və altı qadın həlak olub. 1992-ci il yanvarın 8-də daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

1991-ci il dekabrın 19-da Xocavənd kəndi işğal edilərək yandırılıb, 1992-ci il fevralın 12-də isə eyni aqibət Şuşanın Malıbəyli kəndinin başına gəlib. Növbəti hədəf Qaradağlı oldu. Kənddə vəziyyət daha da mürəkkəbləşərək faciə gününü yaxınlaşdırıb.

1992-ci il fevralın 14-də Ermənistan silahlı qüvvələri Xankəndində dislokasiya olunmuş 366-cı motoatıcı alayın dəstəyi ilə Qaradağlıya hücuma keçdi. Dörd gün ərzində 104 kənd sakini və 14 əsgər erməni silahlı birləşmələrinin hücumuna qarşı fədakarlıqla mübarizə aparıb. Biri qadın olmaqla 14 nəfər həlak olub. Sursatsız qalan kəndin müdafiəçiləri ermənilərə əsir düşürlər.

1992-ci il fevralın 17-də kənd erməni quldurları tərəfindən işğal edilərək yandırılıb. 118 kənd sakini girov götürülüb, 33 nəfər güllələnib. Əsirlər qeyri-insani işgəncələrə məruz qalmış, ermənilər dinc azərbaycanlılara qarşı dəhşətli, amansız qətllər törətmişlər.

Erməni cəlladları yaralılarla qarışmış ölənlərin cəsədlərini silos çuxuruna ataraq üzərlərini torpaqla örtdülər. Qalanları isə əsirlikdə qaldı. Ümumilikdə 68 əsir həlak olub, 50 nəfər böyük çətinliklə düşmən əlindən xilas edilib, lakin onlardan 18 nəfəri əsirlikdə məruz qaldıqları fiziki və mənəvi işgəncələrin nəticələrinə tab gətirə bilməyib sonradan dünyasını dəyişib. Əsir düşmüş azərbaycanlılara qarşı baş kəsmək, diri-diri basdırmaq, dişləri çıxarmaq, uzun müddət yeməksiz, içmədən saxlamaq, döyüb öldürmək kimi mürəkkəb, barbar edamlardan istifadə olunurdu.

Qaradağlıda iki ailə hər biri dörd nəfər, 43 ailə ata və ər itirmiş, 146-ya yaxın uşaq yetim qalmışdır. Ümumilikdə kənddə 91 nəfər, yəni hər onuncu sakin öldürülüb. 200 yaşayış binası, icma mərkəzi, 320 yerlik məktəb, 25 çarpayılıq xəstəxana dağıdılıb. 800-ə yaxın kənd sakini qaçqın düşüb.

Qaradağlı faciəsi ikinci Xocalı adlanır.