Cavadxan Qasımov: MİLLİ QURTULUŞ TARİXİMİZİN YAŞATDIĞI İFTİXAR HİSSİ

Cavadxan Qasımov: MİLLİ QURTULUŞ TARİXİMİZİN YAŞATDIĞI İFTİXAR HİSSİ

 Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

 

MİLLİ QURTULUŞ TARİXİMİZİN YAŞATDIĞI İFTİXAR HİSSİ

 

Bu gün xalqımız Milli Qurtuluş Gününü böyük qürur hissi ilə qeyd edir. 15 iyun müstəqil Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil etməkdədir. Həmin tarix, müasir Azərbaycan dövlətinin ictimai-siyasi sabitliyinin bərpa olunması və möhkəmlənməsində, sosial-iqtisadi inkişafının təmin olunmasında, milli mənəvi dəyərlərinin qorunmasında və yaşadılmasında başlanğıc nöqtəsi olaraq çıxış etməkdədir. Müstəqilliyimizin ilk illərində bir sıra neqativ halların baş verməsi, o cümlədən, hakimiyyət davasının, siyasi çəkişmələrin, iqtisadi uğursuzluqların mövcud olması xilaskarlığın, nicat yolunun və təbii ki, Qurtuluşun tarixi, siyasi və dövlətçilik baxımından aktuallığını daha da artırırdı. Təəsüüflər olsun ki, XX yüzilliyin 90-cı illərinin əvvəllərində xalqımızın haqlı müstəqillik uğrunda mübarizəsinin 1990-cı ilin yanvar faciəsi, 1992-ci ilin Xocalı soyqırımı, ardıcıl olaraq tarixi ərazilərimizin erməni daşnaqları tərəfindən işğal olunması, daxili siyasi çəkişmələr fonunda baş verməsi heç bir uğurlu nəticə vəd etmədi. Müstəqilliyimizə təhdid olacaq proseslər ərazilərimizin 20 faizdən artığının işğal olunmasına, bir milyondan artıq olan bacı və qardaşlarımızın isə öz torpaqlarımızda qaçqın vəziyyətində yaşamasına səbəb oldu.
Belə bir vəziyyətdə qədirbilən xalqımızın səsinə səs verən böyük Heydər Əliyev qeyd olunan çətinliklərə elə xalqımızla birlikdə mübarizə aparmaq üçün 1993-cü ilin 9 iyun tarixində Naxçıvan Muxtar Respublikasından ayrılmaz tərkib hissəsi olduğu Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə gəldi. Bu, eyni zamanda, odun-alovun, ağır dərdlərin, işğalın, xaosun əhatəsində olan ölkəmizin xilas olması üçün tarixi QAYIDIŞ idi. Həmin ilin 15 iyun tarixində ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Məhz həmin gündən tarixi, iqtisadi, sosial, siyasi, ictimai, hüquqi istiqamətlər üzrə Qurtuluşun əsasları qoyulmuş oldu.
Tarixi Qurtuluş. Azərbaycan Respublikasının müstəqilliyimizin ilk illərində hərtərəfli sıxıntılara məruz qalması olumla ölüm arasında mübarizənin getməsinə zərurət yaradırdı. Belə bir vəziyyətdə müstəqilliyimizin qazanılmasında daha da çətinləşdirici amillər də özünü göstərirdi. Bu sırada, hələ müstəqilliyin ilk illərində, daha doğrusu, 1992-ci ildə tarixi düşmənlərimiz ermənilərin ABŞ-dakı lobbisinin təşəbbüsü ilə Konqres tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul olunan və Azərbaycan Respublikasına ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəliş qüvvəyə minmiş oldu. Həmin düzəliş onsuz da əraziləri işğala məruz qalan Azərbaycan Respublikasının həmin dövrdəki vəziyyətini daha da ağırlaşdırırdı. İstər erməni təcavüzünə göz yuman dünya ölkələrinin və beynəlxalq təşkilatların seyirci mövqeyi, istər, BMT-nin 822, 853, 874, 884 nömrəli qətnamələrinin icra olunmaması, əksinə, ermənilərin xaricdəki havadarlarının dəstəyi ilə hərbi təcavüzü və bununla da, işğalı davam etdirmələri bütün tərəfləri ilə Qurtuluşun tarixi əhəmiyyətini ortaya qoymuş olur. Məhz Milli Qurtuluş bütün bu kimi neqativ halların iflasa uğramasını təmin etdi.
İqtisadi Qurtuluş. Müdrik Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən burada, hətta Azərbaycan Respublikası üçün də strateji əhəmiyyətə malik olacaq təbirlərin təşəbbüskarı, təşkilatçısı və bir başa olaraq, müəllfi idi. Bazar münasibətlərinə xas olan idarəetmənin etibarlı təsisatlarının yaradılması, yeni iqtisadi sistemin tələb və qanunlarından irəli gələn islahatların başladılması və uğurlu davamlılığı, milli iqtisadiyyat üçün zəruri olacaq makroiqtisadi layihələrin reallaşması və digər bu kimi tədbirlərin davam etdirilməsi məhz Ulu Öndərin uzaqgörən siyasi təcrübəsinin çox zəruri nəticəsi olaraq əhəmiyyətlidir. Həmin dövrlərdən etibarən muxtar respublikada ölkəmiz miqyaslı təsərrüfatçılıq fəaliyyətinin əsasları qoyuldu, iqtisadiyyatın sahə strukturu üzrə ixtisaslaşmalar aparıldı, regional iqtisadi siyasətin məhsuldar mexanizmləri həm bərqərar oldu, həm də hər birinin işləkliyinə təminat verilmiş oldu. Məhz nəzərə alsaq ki, hazırkı milli iqtisadiyyat üzrə uzunmüddətli perspektvlərin hər biri həmin baza üzərində reallaşmaqdadır, onda milli Qurtuluşun iqtisadi mahiyyətini də dərindən dərk etmək asan olar.
Sosial Qurtuluş. Təbii olaraq, iqtisadiyyat inkişaf etdikcə, özünün regional və milli dayaqlarını gücləndirir, əhalinin artan təlabatları daha əhatəli qaydada öyrənilir, bu sahədəki təminat mexanizmləri təhlil olunur, elmi cəhətdən əsaslandırılır və bütün təbəqələrdən olan insanların əhatə olunduğu sosial siyasət müəyyən olunur. Burada, gənclərin təhsil alması, ixtisaslaşması, yaşlılara sosial qayğı və diqqətin göstərilməsi, pensiya islahatlarının aparılması, sosial müavinətlərin və ödənişlərin diqqətdə saxlanılması və digər bu kimi amillər dövlətin sosial siyasətinin mühüm tərkib hissəsinə çevrilmiş oldu. Xalqımızın ümummilli lideri böyük Heydər Əliyev milli iqtisadiyyat üzrə bütün sahələrin yeni iqtisadi münasibətlər zəminində qurulmasında, fəaliyyət istiqamətlərinin müəyyən olunmasında və perspektivliliyində bu məqsədlərin aktuallığının qorunmasını təmin etdi və həmin siyasət indi də uğurla davam etməkdədir.
Siyasi Qurtuluş. İqtisadi sahədəki etibarlı təminatlar, islahatların davamlılığı, sosial dayanıqlılıq və əlçatanlıqlar öz özlüyündə siyasi müstəqilliyin də güclənməsinə səbəb oldu və bununla da, daha mütərəqqi nəticələr əldə olundu. Artıq erməni təcavünün qarşısı alındı, 1994-cü ilin 12 may tarixindən müharibəyə son qoyularaq, atəşkəs bərqərar oldu. Bununla da, böyük Heydər Əliyevin əsaslarını qoyduğu xilaskarlıq və Qurtuluş, bu dövrdən etibarən, eyni zamanda, siyasi vəziyyətin yaxşılaşdırılması, sabitliyin və əminəmanlığın isə gücləndirilməsini təmin etdi. 1994-cü ilin sentyabr ayında “Gülüstan” sarayında “Əsrin Müqaviləsi” imzalandı. Bu, mahiyyət etibarı ilə, həmin müqavilənin imzalanmasında tərəfdaş olan ABŞ, Böyük Britaniya, Yaponiya, Səudiyyə Ərəbistanı, Norveç, Rusiya, Türkiyə kimi dövlətlərin ölkəmizin siyasi müstəqilliyinə dəstək vermələri və onların 13 ən məhşur neft şirkətinin faktiki olaraq, ölkəmizin şirkətləri ilə əməkdaşlığa başlamalarının ən gerçək təsdiqinə, ifadəsinə çevilmiş oldu. Eyni zamanda, bu tarixdən etibarən, ölkəmizin milli iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası proseslərinə başlanmış oldu. Şəxaləndirilmiş iqtisadi siyasət nəticəsində, Azərbaycan nefti dünya bazarına çıxmaqla, ölkəmiz etibarlı qonşuluq və tərəfdaşlıq siyasətinin də hərəkətverici qüvvəsinə çevrildi.
İctimai Qurtuluş. Milli iqtisadiyyat üzrə təşəkkül tapmış olan inkişaf istiqamətli proseslər yeni keyfiyyət mərhələlərinə malik olmaqla, cəmiyyət üzvlərinin artan təlabatlarının çevik və etbarlı şəkildə olmaqla, qarşılanmasını təmin etdi. davamlı iqtisadi islahatlar, həm də özünün sosial mahiyyətinə görə yeni istehsal müəssisələrinin yaradılmasına zəmin yaratmaqla, istehsalın fasiləsizliyinə təminat verməklə, artıq yeni mərhələdə istehsal –iqtisadi münasibətlərin yaranması və tənzimlənməsini sürətləndirmiş oldu. Artıq milli iqtisadiyyatın sahə strukturu üzrə müxtəlif sahələrdə fəaliyyət göstərən insanlar, əmək ehtiyatları, işsizlik probleminin aradan qaldırılmasına əsaslar gətirmiş oldu ki, bu da, nəticə etibarı ilə, mülkiyyət, əmək, məşğulluq, sosial və digər iqtisadi mahiyyətli münasibətlərin inkişaf qanunauyğunluqlarını yaratdı. Əldə olunan makoiqtisadi sabitlik və inkişaf həm də, rifah göstəricilərinin, ictimai firəvanlığın və məmnunluğun hərəkətverici qüvvəsini təşkil etdi.
Hüquqi Qurtuluş. Milli Qurtuluşun gətirdiyi yüksək təminatlar respublikamızın hərtərəfli inkişafını təmin edən bütün sahələrin hüquqi tənzimlənməsinə zəmin yaratmış oldu. Xüsusilə, milli iqtisadiyyatın müxtəlif istiqamətləri, sosial sahələr, mədəni sferalar üzrə tənzimləmələr sağlam istehsal və xidmət potensialının əsaslarını təşkil etməkdədir. Artıq bütün sahələr üzrə mükəmməl hüquqi baza formalaşmış, Konsepsiyalar, Strategiyalar, Dövlət proqramları, Yol Xəritələri və digər çoxistiqamətli tənzimləmələr Milli Liderin tarixi QAYIDIŞI və xilaskarlığı ilə qurduğu, yaratdığı, əsaslarını qoymuş olduğu müstəqil Azərbaycan dövlətinin qürurverici Qurtuluş tarixinin həmişəyaşar ifadəsidir.
Bu gün ölkəmiz Milli Qurtuluş tariximizin işığında Azərbaycan Respublikasının regional inkişaf üzrə Dövlət proqramları, Milli iqtisadiyyat və İqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri, Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər təsdiq olunmuşdur. Onların hər biri mövcud potensialın daha da güclənməsinə, əhalinin maddi rifah halının daha da yaxşılaşmasına, sosial sahələr üzrə layihələrin reallaşmasına, daha müqavimətli, daha dayanıqlı və şaxələndirilmiş milli iqtisadiyyatın təşəkkül tapmasına stimul vermişdir.
Eyni zamanda, tarixi ərazilərimizin işğaldan azad olunması, həmin ərazilərdə bərpa işlərinin həyata keçirilməsi, milli iqtisadiyyatın qarşıdakı uzunmüddətli prioritetlərinin əlçatan olmasında həmin ərazilərimizin iştirakının və rolunun artırılması da elə məhz Milli Qurtuluş tariximizin ən qürurverici səhifələrini təşkil etməkdədir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]