Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sevinc ƏDALƏTQIZI:
SƏHNƏ DANIŞIĞI USTASI VƏ PEDAQOQ NADİR HÜSEYNOV
- “Ozan”dan Auditoriyaya


Bu yazı bədii qiraətçi, səhnə danışığı ustası, pedaqoq, əməkdar müəllim Nadir Hüseynovun əziz xatirəsinə ithaf olunur.

     Çox təəssüf hissiylə bildirirəm ki, mədəniyyətimiz 2025-ci il dekabrın 17-də peşəkar, dəyərli xadimlərindən  birini də itirdi. Qəfil ürək tutması ilə dünyasını dəyişən, ömrünü sənətə və onu sevənlərə həsr edən, Azərbaycanın tanınmış bədii qiraətçisi, filmlərdə və arxiv kadrlarda iştirak etmiş aktyor, əməkdar müəllim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Nadir Hüseynov artıq aramızda deyil.
     Nadir Qəribağa oğlu Hüseynov 1952-ci il aprelin 25-də Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş, bir müddət Lənkəran Dövlət Teatrında çalışmış, 1977-ci ildən isə eyni institutda “Səhnə danışığı” fənnini tədris etmişdir. 
     80-ci illərdə Azərbaycan Televiziyasında “Ozan” adlı folklor verilişi yayımlanırdı. Nadir Hüseynov bu verilişin uzun illər aparıcısı olmuşdur.  “Ozan verilişi” efirə adətən Nadir müəllimin bu sözləri ilə çıxardı: “Açması bizdən, yozması sizdən.” Nadir müəllimin aparıcılığı ilə bu veriliş tamaşaçı rəğbəti qazanaraq yadda qalmışdır. “Ozan” verilişinin tamaşaçıları Nadir Hüseynovun bənzərsiz və heyranedici səsini böyük sevgi ilə xatırlayırlar. Onun qeyri-adi səs tembri ilə səsləndirdiyi şeirlər hər kəsi valeh edirdi. Mən isə xoşbəxt tələbələrdən biri kimi, bu valehedici səsi auditoriyada canlı dinləmək imkanına sahib olmuşam.
     Nadir müəllim mənim yaddaşımda əsasən ciddi və tələbkar pedaqoq kimi qalıb. Bir tələbə kimi zəhmindən çəkinərdik. Auditoriyaya daxil olanda dərs otağına sükut çökərdi. Bu sükut təkcə tələbkarlığın və ciddiliyin əlaməti deyildi, onun özünə olan hörmətin və güvən hisslərinin təcəssümü idi. Həmişə istedadlı, savadlı tələbələrə yol göstərər, onların yanında olardı. O, bizə televiziya kontekstində “Səhnə danışığı” fənnindən mühazirə oxuyub və bu sənətin sirrlərini böyük ustalıqla öyrədib. Özünəməxsus, əvəzedilməz səsə malik olan Nadir müəllim görkəmli şairlərimizdən Almas  İldırımın, Rəsul Rzanın şeirlərini xüsusi pafosla auditoriyada söyləyərkən gözləri bir nöqtəyə zillənər, uzaqlara dalardı.
     Onu da qeyd edim ki, Nadir müəllim xaraktercə sakit təbiətli, ciddi, çox sadə və təvazökar insan idi. Hər səhər işə gələndə universitet binasına daxil olarkən həmişə tələbə qızlara özündən əvvəl yol verərdi. Bu da onun yüksək mədəni keyfiyyətlərə malik bir şəxsiyyət  olduğunu göstərirdi.
     Nadir müəllimin bir dəfə dərs zamanı etdiyi tövsiyəsini heç vaxt unutmaram. Biz televiziya  rejissorluğu ixtisası üzrə təhsil aldığımızdan, dünya teatr məktəbinin klassiklərindən sayılan K.S. Stanislavskinin “Mənim sənət həyatım” kitabını oxumağımızı, hətta dərs vəsaiti kimi istifadə etməyimizi dönə-dönə vurğulamışdı. Onun sözlərini çox yaxşı xatırlayıram: “Bu kitab hər bir rejissorun masaüstü kitabına çevrilməlidir. Bu kitabı oxumadan rejissor sənətinin incəliklərinə yiyələnmək qeyri-mümkündür. Hər bir aktyora və rejissora lazım olacaq biliklər bu kitabda var.”
     Bir məqamı da əlavə etmək istəyirəm ki, Nadir müəllimin vəzifəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris etməkdən ibarət olduğundan, həmişə səlis nitq mədəniyyətinin tərəfdarı idi. Dili qüsurlu, nitq mədəniyyətindən xəbərsiz olan qiraətçilərin və mətn səsləndiricilərinin televiziya efirinə buraxılmasından gileylənərdi. Bunu səhnə danışığı sənəti üçün yersizlik, haqsızlıq hesab edərdi. Dəfələrlə şahid olmuşam ki, o, belə hallara görə açıq şəkildə narazılığını bildirər, tələbələrinə isə hər zaman sözün tələffüzünün və nitqin düzgünlüyünün nə qədər vacib olduğunu vurğulayardı. Acı bir reallıq kimi onu da qeyd edərdi ki, bu gün efir məkanımız işinin peşəkarı olmayan saxta qiraətçilərlə doludur. Bu hal onu bir sənət adamı kimi ciddi şəkildə narahat edərdi.
     Nadir Hüseynov sözün həqiqi mənasında işinin peşəkarı və sənətinin vurğunu idi. O, tələbələrdə nizam-intizama, yüksək əxlaq və davranışa, səliqəli, abırlı geyimə də xüsusi fikir verərdi.  Dərsə davamiyyətindən əlavə, əxlaq və etika onun üçün ən üstün prinsiplərdən idi. Tələbələrinə qarşı tələbkar olsa da, onların səhvlərini üzə vurmaqdan çəkinməzdi. Bunu heç vaxt tənqid kimi deyil, müəllim nəvazişi və qayğıkeşliyi hesab edərdi.
   Xüsusilə vurğulamaq istəyirəm ki, Nadir müəllim istiqlal şairimiz Əhməd Cavadın məşhur “Çırpınırdı Qara Dəniz” şeirini televiziya efirində xüsusi pafos və böyük ruh yüksəkliyi ilə söyləyərək, səsinin ahəngi ilə tamaşaçıları valeh edirdi. Bu, onun peşəkar səhnə danışığı ustası kimi keyfiyyətlərinin bariz göstəricisi idi.
     Ömrünü tələbələrinə, sənətinə və mədəniyyətimizə bağışlayan Nadir müəllim həm televiziyada, həm səhnədə, həm də çalışdığı ali təhsil ocağında uzun illər ərzində gənc sənətkarların yetişməsinə xidmət etmişdir. Onun tələbkar, amma qayğıkeş yanaşması, səlis nitqə və yüksək əxlaqa verdiyi önəm hələ uzun illər yaddaşlarda qalacaq.  
     Nadir müəllimin qəfil vəfatına dərindən kədərlənir, əziz xatirəsinə hörmətimi və ehtiramımı bildirirəm. Onun sənətə və tələbələrinə verdiyi dəyəri həmişə xatırlayacağam. 
Allah Nadir müəllimə rəhmət eləsin, ruhu şad olsun!
Sevinc Ədalətqızı

Best coffeeshop in Berlin