Sərbəst güləşdə 5 çəkinin qalibi müəyyənləşib
Yanvarın 7-də Bakı İdman Sarayında kişilər arasında startı verilən idman güləşi üzrə Azərbaycan çempionatında yunan-Romaçıların ardından sərbəst güləş yarışlarında da ilk 5 çəki dərəcəsinin (57, 65, 74, 86 və 97 kq) qalibləri müəyyənləşib. AGF-dən verilən məlumata görə, 57 kq-da İslam Bazarqanov (AGF), 65 kq-da Rəşid Babazadə ("Neftçi", Masalli), 74 kq çəkidə Turan Bayramov ("Neftçi"), 86 kq çəki dərəcəsində Arsiney Djioyev ("Neftçi") və 97 kq-da isə Olimpiya mükafatçısı Maqomedxan Maqomedov (AGF) bütün görüşlərini qələbə ilə başa vuraraq, ölkə çempionu adını qazanıb. Maraqlı final qarşılaşmalarından biri 97 kq-da baş tutub. Bu çəkidə Maqomedov özü kimi titullu Osman Nurmaqomedov üzərində qələbə qazanıb.
Yanvarın 10-da sərbəst güləş üzrə yarışlarda daha 5 çəkidə (61, 70, 79, 92 və 125 kq) finalçılar bəlli olub.
Yanvarın 11-də saat 10:00 çempionatda təsəlliverici görüşlər, saat 12:00-da isə medallar uğrunda qarşılaşmalar başlayacaq.
İNTİQAM Məmmədov


