Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Səttar Bəhlulzadə İrsinin qorunmasında Azərbaycan Dövlət Rəsm Qalereyasının əvəzsiz missiyası +FOTO=7

​Azərbaycan təsviri sənətinin zəngin yaddaşını qoruyan Azərbaycan Dövlət Rəsm Qalereyası milli mədəniyyətimiz və bədii irsimizi yaşatmaq, dəyərli incəsənət ustalarının yaradıcılığını gələcək nəsillərə çatdırmaq kimi müstəsna bir tarixi missiyanı yerinə yetirir. 1960-cı ildən fəaliyyət göstərən Dövlət Sərgi Salonunun bazasında Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə, 1972-ci ildə yaradılan Azərbaycan Dövlət Rəsm Qalereyası milli kimliyimizin incəsənətdə təcəssümünün, Azərbaycan təsviri sənət tarixinin bədii yaddaşının sistemli şəkildə toplanması və mühafizəsi üçün xüsusi bir mərkəz kimi formalaşmışdır. Yarandığı ilk gündən etibarən qalereyanın əsas məqsədi ölkənin görkəmli rəssamlarının dəyərli əsərlərini toplamaq, tədqiq etmək, kataloqlaşdırmaq, qorumaq və nümayiş etdirmək olmuşdur ki, bu da milli təsviri sənət tariximizə mühüm töhfə vermişdir.

​Bu gün qalereyanın rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət fondlarında minlərlə əsər mühafizə olunur. Fonddakı əsərlərin həm tarixi, həm elmi əhəmiyyəti Azərbaycan təsviri sənətinin inkişaf mərhələlərini izləməyə, müxtəlif sənət məktəblərinin təşəkkülünü araşdırmağa geniş imkan yaradır. Bu böyük missiyanın ən mühüm istiqamətlərindən biri isə dünya şöhrətli rəssam Azərbaycan Respublikasının Xalq Rəssamı Səttar Bəhlulzadənin və onun kimi zəngin yaradıcılığa sahib olan qocaman sənətkarlarımızın əvəzsiz irsinin qorunmasıdır. Azərbaycan rəssamlığında mənzərə janrını bənzərsiz formada yenidən təqdim edən, təbiətin rəng harmoniyasını unikal duyumla canlandıran Səttar Bəhlulzadə incəsənət tariximizin zirvəsində duran fırça ustasıdır. Rəng duyumunda romantika, poetika, fəlsəfi qata yaxınlaşdıran hiss və təbiətdən gələn ilahi sevginin birləşməsi Səttar sənətinin əsasında dayanırdı.

​Qalereyada Səttar Bəhlulzadənin mənzərə janrının zəngin ənənələrini əks etdirən dəyərli əsərləri saxlanılır. “Dağ meşələri”, “Tarlalar və dağlar”, “Bilgəh kəndi”, “Qara tut ağacı”, “Naxçıvan xatirələri”, “Güllər və meyvələr”, “Güllər” “Mənzərə” və s. kimi rəssamın bir çox əsəri bu qəbildəndir. Qalereya fondu bu nümunələr vasitəsilə milli təsviri sənətin müxtəlif mərhələlərini izləməyə, sənət məktəblərinin formalaşmasını araşdırmağa geniş imkan yaradır.

​Azərbaycan Dövlət Rəsm Qalereyasının fəaliyyətində Səttar Bəhlulzadə irsinin qorunması yalnız sənət nümunələrinin saxlanılması deyil, həm də milli yaddaşın, bədii kimliyin və Azərbaycan təsviri sənətinin ən uca zirvələrinin gələcəyə ötürülməsi missiyasıdır. Bu missiyanın layiqincə yerinə yetirilməsi üçün görülən işlər, yaradılan imkanlar və həyata keçirilən layihələr Səttar sənətinə olan milli hörmətin ifadəsi olmaqla yanaşı, ölkənin mədəni irsinin yüksək səviyyədə qorunmasının da parlaq nümunəsidir.

Ziyarət Cabarova Qəhrəmanova

Sənətşünas,
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, ARİ-nin “Gənc Sənətşünaslar” bölməsi üzrə prezident təqaüdçüsü

Best coffeeshop in Berlin