Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sevinc ƏDALƏTQIZI:
TORPAĞIN ŞANINA AZADLIQ DASTANI YAZAN

AZAD MİRZƏYEV

     Yeddi yaşımda sinif rəhbərimiz bizi Şəhidlər Xiyabanına ziyarətə aparmışdı. O müəllimə ki, sinifdə dönə-dönə vətənpərvərlikdən danışar, “Vətəni onun kimi sevin” deyərdi. Bu sözləri deyən ibtidai sinif müəlliməm  Elfira müəllimə təkcə mənim deyil, eyni zamanda təhsil aldığım Bakı şəhər Səbail rayonunda yerləşən Məmməd Rahim adına 7 saylı orta pilot məktəbinin fəxri Azad Mirzəyevin də müəlliməsi olmuşdur. Azad Mirzəyev 1990-cı ilin 20 Yanvar faciəsi zamanı Vətənimizin azadlığı uğrunda canını qurban vermiş Lənkəranın 11 Şəhidindən biridir. Müəlliməmiz dərs arası bizə Azadı çox sakit, tərbiyəli və çalışqan bir şagird kimi tanıtdırmışdı.
     Şəhidlər Xiyabanında Azad Mirzəyevin məzarı qarşısında dayananda kövrəldik. Müəlliməmiz bizə üzünü tutaraq dedi: “Uşaqlar, bu, bizim məktəbin fəxri məzunu — Azad Mirzəyevdir.” Bu sözləri eşidəndə hamımız təəccübləndik, qürur hissi keçirdik. Mən isə sükutla, eyni zamanda maraq və qibtə ilə onun məzar daşına baxdım.  Uşaq idim, amma o an anladım ki, bu ad sadəcə bir Şəhid adı deyil, məktəbimizin, müəllimlərimizin qürur yeri və bizim üçün müqəddəs bir örnəkdir. 
     Hər il faciənin ildönümündə Azadın al qərənfillərlə bəzədilmiş portretini məktəbimizin foyesində görməyə alışmışdım. Tənəffüs vaxtı isə o portretə tamaşa etməyə can atardım. Bundan əlavə, məktəbimizin giriş qapısında Azadın xatirə lövhəsinin qarşısında hər gün dərsdən sonra dayanıb maraqla seyr etmək mənim üçün adət halına çevrilmişdi.
     Azad Əliheydər oğlu Mirzəyev 1961-ci il yanvarın 22-də Lənkəranda dünyaya gəlib. Ailənin ilk övladı olan Azadın bir qardaşı və bir bacısı var. 1968-ci ildə Bakı şəhəri, Səbail rayonu, Məmməd Rahim adına 7 saylı orta məktəbin 1-ci sinfinə daxil olub və 1979-cu ildə orta təhsilini başa vurub. Daha sonra hərbi xidmətə yollanıb, iki illik xidmətini müvəffəqiyyətlə yerinə yetirib. Hərbi xidmətdən qayıdandan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun axşam şöbəsinə (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) qəbul olunub. Axşamlar təhsil alıb, gündüzlər isə ictimai iaşə obyektində çalışıb.
     Həmin dəhşətli gecə hər kəs kimi Azad da atılan güllələrin həqiqi olduğuna inanmamışdı — sinəsini Vətən torpağının azadlığı uğrunda sipər edənə qədər. Yaşadıqları İnşaatçılar prospektində yerləşən binanı “qırmızı ordu”nun azğınlaşmış hərbçiləri atəşə tutmuş, eyvanları güllə yağışına qərq etmişdilər. Həmin ərazidə Azadgilin evi o zamanlar “Olimp” adlanan məşhur idman ləvazimatları mağazasının üstündə, üçüncü mərtəbədə yerləşirdi.
Azadın azadlıq uğrunda çıxdığı Şəhadət  yolunun ilk addımında söylədiyi son söz də bu oldu:
“İnanmayın, yalançı güllələrlə atırlar.”
     Ancaq qatilin gülləsi yalançı deyil, həqiqi imiş — qan tökmək, can almaq üçün. Təəssüf ki, Azad da bu güllələrə aldanmışdı. Güllələrin xüsusiyyətini ayırd etmək üçün eyvana çıxan anda ox kimi kürəyinə sancılmış və səssizcə üzüüstə döşəməyə  yıxılmışdı. Evdə ailə üzvləri “yerə uzanın” deyə hayqırarkən, güllələr otağın içində işıq saçaraq müxtəlif istiqamətlərə uçuşurdu. Artıq güllə öz işini görmüşdü. Zamana ehtiyac yox idi. Azad ona sancılan bircə güllənin təsirindən canını tapşıraraq, Şəhidlik məqamına ucalmışdı.
Güllə yağışı kəsilən anda ana başını qaldırıb:
-     “Azad, Azad, qalx ayağa, təhlükə sovuşdu…” — deyə çağırdı, hay vermədi.
Sonra xala da qoşuldu:
-    Azad, qalx, qorxaq olma!
Ana yenə çırpındı:
-    “Azad, bizimlə zarafat edirsən?..”
Amma artıq gözlər önündə acınacaqlı bir mənzərə vardı: isti qan, susdurulmuş səs, əbədi yuxuya dalmış cansız bədən… Ardınca tükürpədici inilti, ah-nalə bürüdü Mirzəyevlərin ailə ocağını.
     Beləcə, Azad toy-nişansız, nakam halda Şəhadətə ucaldı. O, yanvarın 22-də — öz doğum günündə, 29 yaşının tamamında Bakıda Şəhidlər Xiyabanında torpağa əmanət edildi. Görünür, Tanrının ona bəxş etdiyi ən dəyərli və müqəddəs hədiyyə də elə Şəhidlik imiş.  Bu ucalığa və müqəddəsliyə yüksəlmək isə hər Tanrı bəndəsinə nəsib olmur.
     Şairə Hökumə Dərbəndin Azad Mirzəyevə həsr etdiyi “Sil göz yaşlarını…” şeirini oxuyarkən həqiqətən də  kövrəlməmək olmur. 


Sil göz yaşlarını, yaxşı sil, ana.
Qoy düşmən görməsin ağlamısan sən.
Başını dik saxla, uca dağ kimi,
Məni sinəsində yaşadar Vətən.


 
Hər bahar gələndə, çöldə, çəməndə,
Oyanan torpağam, zəkiyəm, otam.
İstədim yurdumdan qəm yelkənini,
Yığım, bükmələyim odlara atam.


 
Ləkəsiz böyüdüm Azad adımla,
Ləkəsiz vicdanım, soy, əcdadımla,
Yurduma göz dikən olmasın dedim:
Əkdiyim bağçalar solmasın dedim.


 
Qanlı köynəyimi basıb bağrına,
Sızlama, ağlama, ağlama, ana!
Sığın torpağına, sığın elinə,
Səhərlər Xəzərin gəl sahilinə,
Qalxım dalğalardan danış mənimlə,
Südünü halal et, barış mənimlə.


 
Kəpəzdə, Şahdağda, ulu Qoşqarda,
Qanımdan çiçəklər bitibdir, ana,
Söylə layiqəmmi bizim diyarda
Sənin namusuna, sənin adına?!


     Şeirdə övlad itkisi ana qəlbinin dərin sarsıntısı ilə, eyni zamanda incə bir bağlılıq vasitəsilə təsvir olunur. Sanki torpağın bağrına basdığı oğulun dili ilə anaya verdiyi təskinlik hər misrada duyulur. 
     Dağ kimi qəhrəman oğullar qurban getsələr də, arxalarında müqəddəs Vətən torpağını miras qoyurlar. Analar, övladları üçün qəribsəyən zaman, Xəzəri, Kəpəzi, Şahdağı və ulu Qoşqarı seyr edərək onların xatirəsinə sığınırlar.
      Sanki Azad bu şeirdə anasına səslənir: “Ana, mənim yoxluğuma ağlama, göz yaşlarını sil, başını dik tut. Qürur duy ki, bu gün Vətənimiz azaddır. Fəxr et ki, oğlun torpağımızın azadlığı uğrunda Şəhidlik zirvəsinə ucalıb.”
     Azad Mirzəyevin xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirilmişdir. Bakıda və Lənkəranda onun adını daşıyan küçələr mövcuddur. Vətənimizin müstəqilliyi və suverenliyi yolunda canlarını qurban verən Azad kimi qeyrətli oğullar bu millətin qəhrəmanlıq salnaməsinə “Azadlıq” adlı hünər dastanını yazdılar.
     Azad Azərbaycan naminə canını qurban verən, adı tarixə şərəflə həkk olunmuş Şəhidimiz Azad Mirzəyevin nakam ruhu şad olsun! 

Sevinc ƏDALƏTQIZI
 

Best coffeeshop in Berlin