Əlisa Qəmgin:
BİR ŞƏHƏR ÜŞÜYÜR...
Üşüyür ümidlər dodaq altında
Bir şəhər üşüyür pıçıltılarda.
Rəngini dəyişib yerlər də, göy də
Bir şəhər üşüyür pıçıltılarla.
Üşümür qarından, nə yağışından
Üşümür küləkli nə sərt qışından
Ögey insanların yad baxışından
Bir şəhər üşüyür pıçıltllarda.
Qəribə taleli şəhər üşüyür
Gecələr kövrəlir, səhər üşüyür
Kəhər at belində yəhər üşüyür
Bir şəhər üşüyür pıçıltllardan.
İstidən bozarmış torpaq üşüyür
Ümidi saralmış yarpaq üşüyür
Ürəyə dağ çəkən, gözə dərd olan
Divardan asılmış papaq üşüyür.
Bir şəhər üşüyür sakinləri tək
Axsa, göz yaşından Xəzər yaranar.
Yığsan, kəlmə-kəlmə ağı səsindən
Hələ neçə-neçə əsər yaranar.
Bir şəhər üşüyür pıçıltılardan
Üşümür küləkli nə sərt qışından.
Beləcə üşüyüb hey zaman-zaman
Ögey insanların yad baxışından.
ƏLİSA QƏMGİN
BAKI. Yanvar 1990.


