20 Yanvar dəhşətlərini lentə alan fotoqraf: "Mənim balam bu gündə olsa, vəhşiyə dönərdim" (VİDEO)
"Yanvarın 19-da mən Sumqayıtdan Bakıya gəlirdim. Özüm sumqayıtlıyam. Bakıya gələndə yolboyu düzülən hərbi texnikaları gördüm. Üzü şəhərə, "Şamaxinka"ya tərəf hərbi texnikalar düzülmüşdü. Əslində, onları əvvəlki günlərdə də görürdüm - baxın, burada şəkli də var (kompüterə yüklədiyi şəkillərin içindən birini göstərir - red). Əvvəl belə idi ki, bu gün düzürdülər, sabah götürürdülər. Ayın 19-da isə gördüm ki, həmin hərbi texnikaların yanında canlı qüvvə maşınları da dayanıb. Öz-özümə dedim ki, bu artıq adi vəziyyət deyil. Bu canlı qüvvəni burada 24 saat saxlaya bilərlər, ondan artıq mümkün deyil. Öz-özümə dedim: "Bu gecə şəhərə girəcəklər". Gəldim işə, bir-iki nəfərlə danışdım, dostuma-tanışıma dedim ki, bu gecə onlar şəhərə girəcəklər. İnanmadılar. Dedilər, yox e, ola bilməz. Dedim, baxın, mən sizə deyirəm, o canlı qüvvələri elə-belə gətirməyiblər. Onların yeməyi var, içməyi var, qalmağı var, mümkün deyil ki, 24 saatdan çox saxlasınlar orada. Onlar şəhərə girəcəklər..."
Bunu Oxu.Az-a müsahibəsində 20 Yanvar hadisələrini lentə köçürən fotomüxbir Rasim Sadıxov deyib.
- Rasim müəllim, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ilə bağlı danışırıq və siz həmin gecəni fotoyaddaşa köçürən əsas simalardan birisiniz. Həmin gün harada idiniz?
- Yanvarın 19-dan 20-nə keçən gecə mən burada idim (Azərbaycan Nəşriyyatını nəzərdə tutur -red.), bax bu otaqda. Ayın 19-u, axşam saat səkkiz radələrində, dövlət televiziyasının bloku partladılandan təxminən yarım saat sonra, gördüm yuxarıdan, Yasamal tərəfdən gəlirlər. Əvvəl söyə-söyə, "çıxın çölə, çıxın çölə" qışqıra-qışqıra yüngül maşınlar keçdi, arxalarınca isə hərbi texnika.
Hərbi texnikadan pərakəndə atəş açırdılar, haranı gəldi vururdular. Hələ bir-iki güllə elə bu binanın (nəşriyyatın - red.) özünə dəydi. Hətta olduğum otaqda yerimi dəyişdim ki, birdən güllə dəyər.
Amma məsələ burasındadır ki, hərbi texnikanın şəhərə girdiyi anda çəkilişə başlaya bilmədim. Çünki o vaxtlar texniki imkanlar zəif, lentlərin işıq həssaslığı aşağı idi və qaranlıqda çəkiliş aparmaq mümkün deyildi. Səhər alaqaranlıqdan çəkiliş etməyə başladım.
- Yanvarın 19-dan 20-nə keçən gecə, nəşriyyatda olduğunuz müddətdə, atəş səsi eşidirdiniz?
- Bəli, əlbəttə ki, eşidirdik.
- Saat neçə olardı?
- Təxminən axşam saat 9-dan sonra səhərə qədər atəş səsi gəlirdi. Bu səslər ardıcıl deyildi, pərakəndə idi.
- Çəkilişə nə zaman çıxdınız?
- Səhərə yaxın, hava bir az işıqlaşanda çıxdım çəkilişə. Yaxşı ki də getmişəm. Çünki günortaya qədər nə çəkmişəmsə, o idi - meyitlər, dağılmış maşınlar... Günortadan sonra artıq onları yığışdırmışdılar.
- Çəkilişə çıxmaq öz təşəbbüsünüz idi, yoxsa?
- Bəli, bəli, öz təşəbbüsüm idi. Sonradan biz araşdırma aparmışdıq. Sual qoymuşduq ki, yanvarın 20-si səhərdən günortaya qədər kimlər çəkiliş aparıblar? Məlum oldu ki, üç nəfər çəkib - mən, Oleq Litvin və Yaşar Xəlilov - hər ikisi indiki TASS-ın müxbirləri idilər. Onlar tapşırıqla çəkirdilər, mən isə sərbəst.
Ümumiyyətlə, mən o vaxta kimi çox çəkilişlər etmişdim. Məsələn, "Meydan hərəkatı"nı çəkmişəm. İndi hərdən fikirləşirəm, deyirəm ki, həqiqətən, o vaxt mən öz maraqlarımı, hətta ailəmi belə unutmuşam. Təsəvvür edin ki, ayın 19-dan işdə olasan və bir də ayın 27-də ailənə zəng vurasan...
- 27-də?
- Bəli.
- Niyə o qədər gec?
- Çünki baş qarışıq idi. Çatdırmaq olmurdu. O vaxt mobil telefonlar da yox idi. Əlaqələri təmiz kəsmişdilər. Kiməsə zəng vurmaq mümkün deyildi. Haradasa ayın 26-sı xətti açdılar. Həmin gün də məni bu otaqda həbs edib aparmışdılar. 27-si çıxıb gələndə burada "Vışka" qəzetinin redaktorunun şəhər telefonu ilə zəng vurdum evə ki, narahat olmasınlar.
- Nə üçün həbs etmişdilər sizi?
- Hər gecə gedib şəkilləri çəkirdim, gətirib burada düzəldirdim. 10-10, 20-20, səhər tezdən də yayırdıq xaricilərə, sonra aeroporta aparırdıq yaymaq üçün. Bilirsiniz, necə vəziyyət yaranmışdı? Bizə elə gəlirdi ki, bizi burada qırırlar, dünyanın bundan xəbəri yoxdur. Məqsədimiz ondan ibarət idi ki, nəyin bahasına olursa-olsun, bu fotoları ölkədən çıxaraq ki, qoy imkan dairəsində dünya mediası bilsin ki, burada nə baş verir. Bilsinlər ki, burada qırğın gedir. Çünki qapalı bir vəziyyət yaratmışdılar - aydın məsələdir ki, nə qədər istəyirsən, qışqır, bağır, səni eşitməyəcəklər.
Bilirsiniz, ilk qırğını görəndə bizə elə gəldi ki, bu, hələ filmin jurnalıdır. Bundan sonra qırğınlar başlayacaq. Biz bir növ ölümü gözə alıb mübarizəyə gedirdik. Belə bir hiss var, necə deyim sizə, azadlıq sevgisi, vətənin azadlığı hissi... Bax o hiss çox qəribə hissdir, adamı aparır. Deyirlər e, gərək adamda motivasiya olsun, bax bizim motivasiyamız o hiss idi.
- Rasim müəllim, çəkilişləri, əsasən, Bakının hansı hissələrində aparmısınız?
- O vaxt maşın yox idi deyə uzaq məsafəyə hərəkət etmək olmurdu. Piyada hara kimi gedə bilirdimsə, oralarda çəkmişəm. Bütün Yasamalı fırlanmışam, buradan indiki "20 Yanvar"a qədər piyada getmişəm, sonra "Taksimotornı" parkının (ovaxtkı 1 nömrəli taksi parkı - red.) yanı, "Salyanski kazarma"nın ətrafı, keçmiş Nəqliyyat Nazirliyi tərəf v s. "Salyanski kazarma"nın yanında çox işləmişəm. Orada beşmərtəbəli binalar vardı. Hərbi texnika birinci oraları gülləbaran etmişdi. Məndə şəkillər var ki, evlərə girib çəkmişdim.
İmkan daxilində çalışırdım evlərdən soruşum ki, hansı evə güllə dəyib, bəlkə, evlərdə meyit var, çəkim. Çoxu evinə buraxmırdı, qorxurdu. Media nümayəndəsi olduğuma inanmırdılar. Çünki o vaxt 70 illik ideologiya ilə tərbiyə olunmuş insanlar bir şey fikirləşirdilər - soruşurlarsa, demək, siyahı tuturlar...
"Salyanski"yə qədər piyada getdim, gördüm, insanlar axışıblar küçələrə. Hər yerdə meyitlər, üstündən hərbi texnika keçmiş, güllədən deşik-deşik olan maşınlar... Yaralılar həddən artıq çox idi, amma onları evlərə aparmağa çalışırdılar, həkimə yox.
- Təhlükəsizlik məsələsini düşünməyə macalınız olurdu?
- Mənim ən böyük silahım kameram idi. O vaxt lentlər "katuşka" (makara - red.) kimi idilər. Balaca-balaca "katuşka"lar, biri 36 kadr, o biri, rənglilər isə 24 və 18 kadr tuturdu. Fikirləşdim, nə baş verə bilər, başıma nə gələ bilər? Deyək ki, gedib çəkdim. Lentləri yığdım, 20-30 əla çəkilişim də var və birdən məni tutdular, əlimdən kameranı aldılar, lentləri dağıtdılar və ya ən yaxşı halda öz rəhbərlərindən kiməsə təhvil verdilər, yaxud məni öldürdülər... Bəs sonra?
Bunu etmək onlar üçün problem deyildi. Günahsız insanları gülləbaran edən adamlar üçün bir adamın ölümü nə idi ki? Heç nə ...
Düşündüm, çəkilişə getməmişdən əvvəl dörd-beş adam götürüm. Onlar məndən 50-100 metr aralı gəzirdilər. Elə ki, lent bitdi, yaxınlaşıb, götürüb aralanırdılar ki, birdən məni tutsalar, ya vursalar, lentlər ələ keçməsin. Gətirirdilər həmin lentləri nəşriyyata, aşağıda polis vardı - İntiqam, verirdilər ona. İntiqamla da əvvəldən danışmışdım ki, sən lentləri yığ, axşam gələndə götürəcəyəm. Gəlib-eləməsəm, tapşırmışdım ona ki, kimə verməlidir lentləri. Bir daha deyirəm ki, yanvarın 20-si günortaya kimi nə çəkmişiksə, odur. Günortadan sonra bütün əzilmiş maşınları yığışdırdılar, küçələrdəki qanlı yerləri yudular, güllələnmiş meyitləri götürdülər.
- Onların yığışdırılması məqamlarını çəkə bildiniz?
- Çəkdiklərim olub. Yeganə bir şansı əldən vermişəm, o da ovaxtkı Nəqliyyat Nazirliyinin yanında idi. Mənə elə gəlir, Yaşar o anı çəkmişdi, ona görə onun vəziyyəti çətinləşmişdi. Orada meyitlərin yanına silah qoyub çəkiliş aparırdılar sovet əsgərləri. Guya insanlar çölə silahla çıxıblar.
Bir də baxdım ki, Yaşarı kənara çəkib sorğu-sual edirlər, üstünə qışqırırlar. Əllərində avtomat var, güllələsələr, kim nə edə biləcəkdi?
Yaşar cibindən vəsiqəsini çıxarmaq istəyir və bunlar avtomatı şaqqıldadırlar... Əlisilahlı adam nə bilir ki, o, vəsiqə çıxarmaq istəyir? Axırda Yaşar iki barmağını göstərib, elə o iki barmaqla vəsiqəsini çıxardı və rusca dedi ki, "bax, mənim cibimdə TASS-ın vəsiqəsi var. Sən kimə atəş açmaq istəyirsən? Mən TASS-ın müxbiriyəm". Yaşar vəsiqəni göstərəndən sonra zabit bir balaca yumşaldı və onu buraxdı.
O vaxt deyirdilər ki, sən niyə onun köməyinə getmədin? Dedim, əvvəla, o vəsiqədən məndə də var idi. "Ədəbiyyat və İncəsənət" qəzetinin vəsiqəsini gəzdirirdim, amma onu tanımayacaqdılar. Həm də jurnalist üçün belə bir qayda, aksioma var - belə vəziyyətdə sən onun köməyinə getməklə özünü güdaza verirsən, üstəlik, sənin üstündə ifşaedici materiallar var və sən artıq o materialın dərdini çəkməlisən ki, o material, o məlumatlar gedib lazımi yerə çatsın.
- Rasim müəllim, bu hadisədə ilk çəkdiyiniz foto yadınızdadır?
- Yadımdadır. İlk çəkilişə çıxanda mən yolumu "Olimp" tərəfdən saldım, orada gülləyə tutulmuş maşın vardı, onu çəkdim.
- Həmin günlə bağlı daha nə xatırlayırsınız?
- Mən nəşriyyatdan kamera ilə çıxanda aşağıda jurnalistlər, media nümayəndələri yığılmışdılar. Məzahir Süleymanzadə vardı, "Səhər" qəzetinin baş redaktoru. O saxladı məni, dedi, hara gedirsən belə? Çox getsən, 50 metr gedəcəksən. Vuracaqlar səni. Axı sən bunların (şəhərə girən sovet ordusunu nəzərdə tutur - red.) cinayətini ifşa etmək üçün gedirsən. Sağ qoyarlar səni? Qayıt, sonra gedərsən.
Fikirləşdim ki, sonra nədir? Bunlar nə danışırlar? Mən kimdən əskiyəm, orada insanlar var. İnsanlar da hədsiz çox idilər - böyük bir axınla gedirdilər. Hamı küçələrə çıxmışdı. Ekstremal vəziyyət olduğu üçün heç bilmirdim hara gedim çəkməyə.
"Salyanski kazarma"ya qədər piyada getdim. İnsanlar axışmışdılar küçələrə. Hər yerdə meyitlər, dağıdılmış, üzərində güllə yerləri olan maşınlar vardı. Yaralananlar çox idi, həddən artıq çox idi, amma onları evlərə aparırdılar. İmkanı olan həkimə müraciət etmirdi, qaçırırdı evə.
Məsələn, Yasamalda bir çox evlərə getdim, bir neçə yaralını çəkə bildim. Çoxu kameranı görən kimi qorxurdu, icazə vermirdi çəkməyə.
- Çəkdiyiniz fotoları kitab kimi çıxarmaq fikriniz olmayıb?
- İmkanım olmayıb.
- Rasim müəllim, 20 Yanvar deyəndə gözünüzün qarşısından heç getməyən hansısa bir kadr varmı?
- Bəli... analar... dəfn mərasimində ağlayan analar. (kövrəlir) Çox dəhşətli kadrlardır. Fotolarımda var.. İnanın, mən bütün meyitləri soyuqqanlı çəkmişəm, özüm də bilmirəm, necə çəkmişəm onları, çünki qana baxa bilən adam deyiləm. Onları çəkəndə ağlamamışam. Amma anaları çəkəndə ağladım... O ki həmin an öz ananı yadına salırsan, dəhşətli bir şey idi... Çox dəhşətli bir şey idi. Allah bir də göstərməsin...
https://youtu.be/gi809KmPmyo


